Erməni lobbisi Əkrəm Əylilinin müdafiəsinə qalxacaq
12 Fevral 2013 14:55 (UTC+04:00)
"Daş Yuxular" əsərindən sonra Əkrəm Əylislinin ictimai qınaq
obyektinə çevrilməsi, müxtəlif şəxslər tərəfindən yazıçının
ünvanına təhqiramiz fikirlərin səslənməsi düşmənin işinə yarayıb.
Artıq yaranmış situasiyadan istifadə edən ermənilər Əkrəm
Əylislinin müdafiəsinə yönəlik bəyanatlar verir, məqalələr yazır,
hətta onun bu əsərinə görə, yazıçıya adlar belə təsis edirlər. Bir
sözlə, erməni tərəfi artıq Əkrəm Əylisli ilə bağlı yaranmış
vəziyyətdən öz xeyirlərinə bəhrələnməkdə davam edir. Hətta
proseslər belə davam etsə, yaxın günlərdə ermənipərəst qüvvələrin,
erməni lobbisinin beynəlxalq miqyasda, Əkrəm Əylislinin müdafiəsinə
qalxacağı da gözlənilir.
Millət vəkili Çingiz Qənizadə də bu məsələdə bir qədər ehtiyatlı
davranmağın, Əkrəm Əylislinin yazdığı "Daş Yuxular"la bağlı etiraz
formalarında ifrata varmamağın vacib olduğunu söyləyir. Ç.
Qənizadənin sözlərinə görə, yazıçının ictimaiyyətin qınaq obyektinə
çevrilməsi, ölkə prezidenti tərəfindən onun xalq yazıçısı adından
və prezident təqaüdündən məhrum edilməsi yetərli cəzadır. Millət
vəkili bütün bunlardan sonra Əkrəm Əylislinin sağlamlığına,
həyatına yönəlik təhdid xarakterli çağırışların edilməsinin
yolverilməz olduğunu, bununla düşmənə yaranmış situasiyadan
öz mənafeləri üçün bəhrələnmək imkanı verildiyini bildirir: "Artıq
hiss olunur ki, Rusiyada, Avropada ermənipərəst qüvvələr Əkrəm
Əylisli ilə bağlı yaranmış vəziyyətdən öz xeyirlərinə, Azərbaycanın
əleyhinə istifadə etməyə çalışırlar. Çox təəssüf ki, buna
Azərbaycanda əsas verən, şərait yaradan insanlar var. Buna misal
kimi, son günlər Müasir Müsavat Partiyasının rəhbəri Hafiz
Hacıyevin bəyanatını göstərmək olar. Hafiz Hacıyevin partiyanın
gənclərini Əkrəm Əylislinin qulağını kəsməyə səsləməsi cinayət
xarakterli çağırışdır. Bu qəti yolverilməzdir. Təəssüf ki, Əkrəm
Əylisli ilə bağlı bu çür təhdidlər səsləndirən insanlar bunun
beynəlxalq aləmdə Azərbaycanın imicinə mənfi təsirini fikirləşmir,
düşmənə yaranmış vəziyyətdən ölkəmizin əleyhinə istifadə etməyə
şərait yaradırlar. Özlərindən cəmiyyətdə millətsevər insan obrazı
yaratmaq istəyənlər bu amilə ciddi diqqət yetirməlidirlər. Təbii
ki, ermənilər öz qardaşlarını (red:Əkrəm Əylislini nəzərdə
tutur) bu əsəri yazdığına görə, müdafiə edəcək, bundan
yararlanmağa calışacaqlar. Hətta beynəlxalq miqyasda belə millətçi
ermənilərin onun müdafiəsi ilə bağlı canfəşanlıq edəcəyi
qaçılmazdır. Biz isə çalışmalıyıq ki, onlara bu işdə kömək etməyək.
Əkrəm Əylisli düşünürəm ki, bu əsəri yazdığına görə, kifayət qədər
Azərbaycan xalqı tərəfindən qınanıldı".
Yazıçı, publisist, jurnalist Ceyhun Musaoğlu da, Əkrəm Əylislinin
"Daş Yuxular" əsəri ilə bağlı etirazlarda siyasi məqamları unudaraq
çılğın, aqressiv davranışların Azərbaycanın xeyirinə işləmədiyi
fikrindədir: "Millətlə, xalqla bağlı məsələlərdə birdən partlamaq,
aqressiv davranmaq olmaz. Əkrəm Əylislinin əsəri ilə bağlı da,
etirazların hansı şəkildə edilməsi hesablanmalı idi. Çalışmalıydıq
ki, Əkrəm Əylisli peşiman olub Azərbaycan xalqından üzr istəsin. O
zaman biz Əkrəm Əylislini özlərinə qəhrəman sayan ermənilərin
qarşısına çıxıb, yazıçısının xalqından bağışlanılması ilə bağlı
müraciətini göstərməklə onların arzularını gözlərində qoya
bilərdik. Amma çox təəssüf ki, bu amil unuduldu. Azərbaycan dünyada
tolerant, mədəniyyəti ilə öndə gedən bir ölkə kimi tanınır. Ona
görə də, bu imici qorumaq üçün Əkrəm Əylisli ilə bağlı məsələdə də
düzgün yol seçilməli, etiraz formalarında düşmənə bundan sui
ittifadə etməsi üçün imkan verilməməli idi. Amma proseslər səhv
istiqamətdə getdi. Təbii ki, erməni tərəfi də fürsəti fövtə
verməyib yaranmış situasiyadan öz xeyirlərinə, Azərbaycanın
əleyhinə yararlanmağa başladılar. Heç şübhəsiz ki, ermənilərin bu
siyasəri bir-iki erməninin Əkrəm Əylislini müdafiəsi ilə
sonuclanmayacaq. Hadisələrin inkişafı da göstərir ki, beynəlxalq
aləmdə də erməni lobbisi bu siyasəti davam etdirəcək. Odur ki, bu
məsələdən erməni tərəfinin sui istifadəsinə imkan verilməməlidir.
Məsələni elə həddə çatdırmaq olmaz ki, Əkrəm Əylisli Azərbaycanda
həyatına, sağlamlığına təhlükə hiss edərək xarici ölkələrdən
sığınacaq istəsin. Gec də olsa bu cür etirazlar
dayandırılmalıdır".