Bakıda “Xalçaçı günü” peşə bayramına həsr olunmuş I ümumrespublika konfransı keçirilib

5 May 2017 11:38 (UTC+04:00)

Bu gün “Azərxalça” Açıq Səhmdar Cəmiyyətində (ASC) İqtisadiyyat Nazirliyinin və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə “Xalçaçı günü” peşə bayramına həsr olunmuş I  ümumrespublika konfransı keçirilib. Movqe.az-ın məlumatına görə, konfrans iştirakçıları öncə Fəxri Xiyabanda Ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı da ziyarət edilib. Daha sonra “Azərxalça” ASC-nin Mərkəzi Ofisində iştirakçılar və qonaqlar Cəmiyyətin fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Sərgidə qədim milli çeşnilər əsasında yeni toxunulmuş  müxtəlif ölçülü xalçalarla yanaşı, Cəmiyyətin Füzuli filialının fəaliyyətini, regionlarda təşkil edilmiş tədris-hazırlıq kurslarını, beynəlxalq əlaqələrini, tikinti işlərini əks etdirən fotostendlər də nümayiş etdirilib. Konfransı giriş sözü ilə açan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Xalçaçı günü” peşə bayramının ilk dəfə rəsmi şəkildə qeyd edilməsinin Azərbaycan dövlətinin xalçaçılıq sahəsinə olan diqqətinin daha bir nümunəsi olduğunu bildirib. Nazir müavini ölkəmizdə bu sahənin inkişafı ilə bağlı görülmüş işlər haqqında konfrans iştirakçılarına məlumat verib. Konfransda cənab prezident İlham Əliyevin 1 may 2017-ci il tarixli sərəncamlarına əsasən Azərbaycan xalçaçılıq sənətinin inkişafındakı səmərəli fəaliyyətinə görə təltif edilmiş 27 nəfər xalçaçıya orden və medallar təqdim edilib. “Azərxalça” ASC-nin İdarə Heyyətinin sədri Vidadi Muradov Cəmiyyətin  birillik istehsalat  fəaliyyəti, bölgələrdə filial binalarının tikinti-quraşdırma işləri, peşəkar xalçaçı kadrların hazırlanması, dünya xalçaçılığında “Azərbaycan brendi”nin tanıdılması istiqamətində görülən işlər, xalça çeşnilərinin elektron bazasının formalaşdırılması və zənginləşdirilməsi, Əyirici-boyaq fabrikinin yaradılmasına dair aparılan işlər və perespektivlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Konfransda Bakı, Şuşa, Ağdam, Bərdə, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Lənkəran, Lerik, Qazax rayonlarından olan xalçaçılar çıxış edərək dövlətin xalçaçılığın inkişafına, bu sənətin nümayəndələrinə göstərilən diqqət-qayğıya görə minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda “Azərxalça” ASC-nin də bəzi əməkdaşları fəxri fərmanla təltif olunub. 

Zülfiyyə QULUYEVA