XƏBƏRDARLIQ: yağış yağacaq, temperatur 9° enəcək

10 May 2017 13:35 (UTC+04:00)

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturunun gecə 13-15° isti, gündüz 18-23° isti, Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-70 % təşkil edəcək.

Xəbərdarlıq

Bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 11-dən 12-si gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı enəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Mayın 11-12-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun ötən günlərlə xeyli aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacağı gözlənilir.