Toyların keçirilməsi qanunla tənzimlənə bilərmi?
14 Fevral 2013 15:30 (UTC+04:00)
"Ölkə prezidentinin məmurlara dəbdəbəli toy etmələri, ziyafət
vermələri ilə bağlı iradından sonra Milli Məclisdə "Mərasimlər
Haqqında" qanun layihəsinin hazırlanması gözlənilmir. Əslində, biz
bu qanunun qəbulunu müzakirə edəndə də, çox fikirləşdik və qərara
gəldik ki, ölkədə el şənliklərinin və yas mərasimlərinin
keçirilməsini bir qanunla tənzimləmək mümkün deyil. Ona görə də, bu
qanun layihəsinin hazırlanması saxlanıldı".
Bu sözləri Mövqe.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət
komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə
görə, toylarda menyunu konkret standarta salmaq olmaz: "Belə
bir qanun qəbul etmək olmaz ki, toyda menyuda ancaq bu yeməklər
olmalıdır, yaxud yas mərasimində ancaq hansı yeməklər ehsan kimi
verilməlidir. Elə adam var ki, ümumiyyətlə ehsan vermir. Elələri də
var ki, mərhumun "üç"," yeddi" mərasimlərində ehsan verir. Ona görə
də bu iş adət şəklində olmalıdır və məsələni icmalar
müəyyənləşdirməlidir. Amma konkret olaraq "gəlin maşın
karvanı"ilə bağlı məsələləri yol polisləri tənzimləyə bilər. O ki,
qaldı prezidentin bu məsələ ilə bağlı iradlarına, o, bununla
məmurlara sadə insanlardan fərqləndirməməyə tövsiyyə edir".