Nazir müavini: “Gələn ildən icbari tibbi sığorta ilə bağlı bütün ölkədə pilot layihənin həyata keçirilməsi gözlənilir”

1 İyun 2017 12:30 (UTC+04:00)

“Son illər səhiyyə sahəsində maddi-texniki baza və kadrların hazırlanması istiqamətində uğurlu addımlar atılıb”. Movqe.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı deyib. O bildirib ki,  son 10 ildə 600-dən artıq tibb müəssisəsi yenidən qurulub, əsaslı təmir olunub: “Bu gün Azərbaycan səhiyyəsi keçid dövründədir. Bu ildən başlayaraq sığorta təbabəti sisteminə keçmişik. Bu il 2 regionda icbari tibbi sığorta ilə bağlı pilot layihə həyata keçirməyə başlamışıq. 2018-ci ildən bu pilot layihənin bütün ölkədə həyata keçirilməsi gözlənilir. Səhiyyədən bütün əhalinin razı qaldığı ölkə tanımıram. Ən inkişaf etmiş ölkədə də səhiyyədə problem var. Biz çalışırıq ki, səhiyyə sistemini  təkmilləşdirək, maddi-texniki bazanı yaxşılaşdıraq”.

 
Nazir müavini bildirib ki, ölkədə səhiyyə sahəsində 12 əlavə dövlət proqramı qəbul edilib.
 
E. Ağayev Azərbaycanda son illər ana və uşaq ölümünün azaldılması istiqamətində ciddi nailiyyətlər əldə olunduğunu da vurğulayıb.