BP: Şahdəniz 2 layihəsinin tamamlanması istiqamətində işlər sürətlə irəliləməkdədir

1 İyun 2017 13:00 (UTC+04:00)

Şahdəniz Mərhələ 2 üçün inşa olunan iki platformadan birinin üst tikililəri bu gün Azərbaycan prezidenti İlham Əliyevin iştirak etdiyi rəsmi mərasimlə Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsinə yola salınıb.

 
“BP-Azerbaijan” şirkətindən movqe.az-a verilən məlumata görə, tikintisi qrafiki qabaqlayaraq başa çatdırılmış Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının üst modulları Bibiheybətdəki ATA (AMEK-Tekfen-Azfen) tikinti-quraşdırma sahəsindən dənizdə quraşdırılmaq üçün yola düşəcək.
 
Üst tikililərin quraşdırılması tamamlandıqdan sonra STB-1 barjına yüklənərək  dənizə yola salınmağa hazırlıq məqsədilə 8 may 017-cı il tarixində tikinti-quraşdırma sahəsinin yanalma körpüsündəki yükləmə çərçivəsinə qaldırılıb.
 
YBTT platformasının üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılıb və bu işlərin 5 gün ərzində tamamlanacağı gözlənilir. Üst tikililər suyun 94 metr dərinliyində artıq öz yerində olan dayaq blokunun üzərinə quraşdırılacaq.
 
Üst tikililərinin çəkisi təxminən 12400 ton təşkil edir və bu obyektin uzunluğu 100 metr, eni isə 60 metrdir. Bu konstruksiya 100 nəfərlik yaşayış blokundan, ümumi gücü 60MVt olan dörd əsas elektrik generatorundan, 10 birbaşa elektriklə isitmə modullarından və bir sıra sualtı hasilat avadanlığından ibarətdir.
 
AMEK-Tekfen-Azfen konsorsiumu tərəfindən inşa edilmiş YBTT platformasının üst tikililəri Azfen tikinti-quraşdırma sahəsində yerli infrastrukturdan və obyektlərdən istifadə etməklə bütövlüklə ölkə daxilində tikilib. Bu konstruksiyanın tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla 5000 nəfərdən çox insan cəlb edilib və bu işçi qüvvəsinin təxminən 90%-i Azərbaycan vətəndaşları olub.
 
“Birinci platformanın üst tikililərinin dənizə yola salınması nəhəng Şahdəniz 2 layihəsinin uğurla, yəni təhlükəsiz, büdcədən xeyli az xərcləməklə və qrafikə uyğun başa çatdırılması istiqamətində mühüm bir hadisədir və biz buna nail olduğumuzdan çox məmnunuq. Bununla yanaşı, layihənin qalan hissələrinin də tamamlanması istiqamətində işlər sürətlə irəliləməkdədir. Mən bu mürəkkəb layihənin irəliləyişinə dəstəklərinə və əməkdaşlığa görə Azərbaycan hökumətinə, SOCAR-a və digər tərəfdaşlarımıza dərin minnətdarlığımı bildirirəm. Eləcə də, bu mərhələyə əməyin təhlükəsizliyi üzrə yüksək göstəricilərlə çatmaq  üçün öz zəhmətini əsirgəməmiş BP-nin, podratçıların və subpodratçıların bütün əməkdaşlarına “çox sağ olun” demək istəyirəm. 3 illik tikinti müddəti ərzində BP-nin texniki təhlükəsizlik standartlarına tam əməl etdiklərinə görə AMEK-Tekfen-Azfen konsorsiumuna xüsusilə təşəkkür etmək istəyirəm. Xəzərdə ən böyük və ən müasir konstruksiyalardan biri olan bu üst tikililərin çox yüksək texniki təhlükəsizlik göstəriciləri ilə tamamlanmasından qürur duyuram. Bu, böyük nailiyyətdir və mən əminəm ki, həm dənizdəki quraşdırma işləri, həm də ikinci platformanın üst tikililəri əməyin təhlükəsizliyinə və keyfiyyətə eyni dərəcədə ciddi əməl edilməklə başa çatdırılacaq”, - deyə BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Gary Jones vurğulayıb. 
Sosial səhifələrdə paylaş