Azərbaycanda 1000-dən artıq şəxs güzəştli şərtlərlə mənzil almaq üçün müraciət edib

1 İyun 2017 14:10 (UTC+04:00)

Azərbaycanda yenicə tətbiqinə başlanılmış “Güzəştli mənzil” elektron sistemi vasitəsilə 30-31 may tarixlərində 1 032 müraciət qəbul olunaraq qeydiyyata alınıb.

Bu barədəmovqe.az-a Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) bildirilib.
Məlumatda deyilir ki, müraciətlərə qeydiyyata alındığı gündən 5 iş günü ərzində baxılır. Artıq 423 vətəndaşın müraciəti artıq cavablandırılıb. 366 nəfərin güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənərək hər birinin şəxsi elektron kabineti yaradılıb, 41 nəfərin sənədlərinin natamam şəkildə təqdim olunması səbəbindən sənədlərdəki çatışmazlıqların aradan qaldırılması zərurəti ilə bağlı bildiriş göndərilib, 16 nəfərin müvafiq kateqoriyaya uyğun olmaması müəyyənləşdirilərək bu barədə bildiriş təqdim edilib.
Müraciətlərin 50%-dən çoxu vətəndaşların özləri tərəfindən “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sistemi vasitəsilə edilib, qalan hissəsi isə müvafiq “ASAN Xidmət” mərkəzlərində “MİDA” MMC-nin əməkdaşlarının köməkliyi ilə sistemdə qeydiyyata alınıb.
Xatırladaq ki, “Güzəştli mənzil” sistemi www.e-gov.az ünvanında yerləşən “Elektron hökumət” portalında yaradılıb. Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkündür. Vətəndaşlar “Elektron İmza”nı (www.e-imza.az) və yaxud “Asan İmza”nı (www.asanimza.az) müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və yaxud “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.
Müvafiq elektron imzaya malik olan və tələb olunan sənədləri əvvəlcədən hazırlamış vətəndaşların “Elektron hökumət” portalı vasitəsilə birbaşa müraciəti əlavə vaxt itkisinin qarşısını alır və cəmi bir neçə dəqiqə ərzində tamamlana bilər.
Sistemdən istifadə ilə bağlı ətraflı video təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə www.mida.gov.az və ya www.mida.az “internet-saytları”nın ana səhifəsində yerləşən “GÜZƏŞTLİ MƏNZİL SİSTEMİ” keçidi vasitəsilə tanış olmaq mümkündür. Saytın bu bölməsində “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sisteminə daxil olmaq üçün keçid də təqdim olunub.
Bununla belə, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq və müraciətlərin sistemdə qeydiyyata alınmasında vətəndaşlara köməklik göstərmək məqsədilə onlara Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində və Sumqayıt “ASAN xidmət” mərkəzində müvafiq xidmət göstərilir.
Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qəbulu davamlı prosesdir. Vətəndaşın hansı tarixdə müraciət edəcəyindən asılı olmayaraq, elektron kabinetə sahib olmuş bütün şəxslər gələcəkdə mənzil seçimində bərabər hüquqa malik olacaqlar.