Azərbaycanda dərmanların pulsuz paylanması və satışı üçün reklam aksiyalarının keçirilməsi qadağan olunur

1 İyun 2017 17:30 (UTC+04:00)

Azərbaycanda dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslər də cərimə ediləcəklər.

"Movqe” xəbər verir ki, bununla bağlı dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. 
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, belə aksiyaların keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğində cərimə ediləcəklər.
Qeyd edək ki, hazırda qüvvədə olan maddədə fiziki şəxslərin cərimə olunması nəzərdə tutulmur. 
Dəyişikliyə əsasən, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd edilməlidir.
Eyni zamanda, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağan olunur.
Müzakirələrdən sonra dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.