Ermənistan cəbhədə çoxsaylı itkilərini gizlətmək yolunu seçdi

2 İyun 2017 08:00 (UTC+04:00)

Ermənistan ordusunda itkiləri gizlətmək üçün yeni üsula əl atılıb. İrəvan təmas xəttində verdiyi itkilərin sayını açıqlamamaq, həmçinin, vurulan obyektlər haqda məlumat verməmək barədə qərara gəlib. Ermənistan hərbi rəhbərliyi hesab edir ki, bu məlumatların açıqlanması Azərbaycana artilleriya atışları və snayper vuruşlarının dəqiqliyindən əmin olmağa kömək edir. 

Bununla yanaşı, atəşkəsin pozulması haqda məlumatlar yayılmayacaq. Ermənistanın baş qərargah rəisi Movses Akopyan iddia edib ki, atəşkəsin pozulması haqda məlumat müharibənin davam etməsi deməkdir: “Bu isə investisiyaları ölkədən qaçırır”. 
Erməni jurnalist Tevos Arşakyan bunu ordudakı itkiləri gizlətmək cəhdi olduğunu yazıb. Onun sözlərinə görə, Ermənistan Şimali Koreya yolu ilə gedir: “Guya ordudakı məlumatları gizlətməklə rəqibi (Azərbaycan - red.) informasiya mənbəyindən məhrum etmək mümkün olacaq? Onda kəşfiyyat sistemləri, izləmə cihazları kimi avadanlıqlar var və istədiyi informasiyanı əldə edəcək. Deməli, bizim ordu rəhbərliyimiz dəhşətli itkiləri cəmiyyətdən gizlətmək üçün yeni vasitəyə əl atır və bunu Azərbaycanla əlaqələndirir. İitkilərimiz haqda isə heç bir məlumat verilməyəcək. Bu, ordudakı özbaşınalığın, əsgərlərin öldürülməsinin sayını daha da çoxalda bilər”. 
Elə yerli mütəxəssislərin fikrincə də, Ermənistan rəhbərliyi bu üsulla nəyəsə nail ola bilməyəcək. Bunlar erməni cəmiyyətindəki narahatçılığın qarşını almağa hesablanmış addımdır.
Hərbi məsələlər üzrə mütəxəssis Tərlan Eyvazov bildir ki, birinci Qarabağ döyüşlərindən etibarən Ermənistan itkilərini gizlətməyə çalışıb ki, Azərbaycandan üstün və peşəkar olduğunu cəmiyyətə, dünyaya göstərə bilsin: «Azərbaycan ərazi bütövlüyünün qorunması istiqamətində döyüşlərdə verdiyi itkiləri açıq bəyan edir. Ermənistan isə bilvasitə digər ölkənin ərazisinə təcavüz etdiyindən itkilərini gizlətməyə çalışır. Döyüşləri Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddaratını həll etmək uğurunda mübarizəsi kimi təqdim edir. 
Ermənistan bu işdə  yalnız könüllülülərdən yararlanmır. Erməni silahlı qüvvələri də orada iştirak edir. Orada iştirak edən qüvvələr Dağlıq Qarabağda yaşayan ermənilər, xaricdən gələn muzdlular və Ermənistan silahlı qüvvələrinin nümayəndələridir. Ancaq Ermənistanda olan müxalif qüvvələr, demokratik düşüncəli qurumlar, kütləvi informasiya vasitələrinin nümayəndələri Ermənistanın itkiləri barədə mütəmadi olaraq məlumatlar verirlər. Ona görə də bu itkiləri gizlətmək qeyri-mümkündür. 
Digər tərəfdən, xaricdən gətirilən muzdluların ölümü barədə məlumat verilmir. Çünki onlar heç bir yerdə qeydiyyatda deyillər. Görünür, Ermənistan ictimai qınağın qarşısını almaq üçün bu məsələyə ciddi yanaşmaq fikrindədir. Lakin Azərbaycan tərəfində olan vasitələr, texnologiya Ermənistanın itkiləri barədə səhih məlumatlar əldə etməyə imkan verir. Bu məlumatlar da zaman-zaman mətbuatda yer alır”.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, bu, Ermənistanın hazırki hərbi siyasi hakimiyyətinin növbəti cəhdidir: “Ancaq onlar heç bir halda nəyəsə nail olmayacaqlar. O qədər narahatdırlar ki, itkiləri açıqlamamaq qərarına gəliblər. Amma bunu gizlətmək mümkün deyil. Məlumatlar sızandan sonra ona bəraət qazandıra bilməyəcəklər. 
Öz xalqını, sabitliyi istəyən dövlət bu cür mövqe tutmamalıdır. Ən azından ona görə ki, əsgər həyatını dövlətə xidmət edərkən itirir. Əgər itkiləri açıqlamırlarsa, deməli, qorxurlar. Onsuz da Ermənistan cəmiyyətində narazılıq böyükdür. Erməni anaları analyırlar ki, uşaqlarını işğalçılıq missiyasından uzaq tutulmalıdır. Bütün hallarda Ermənistan itkiləri açıqlamamağa məcbur olub. Bu cür yolla cəmiyyətdə sakitlik yaratmaq istəyirlər. Lakin düzgün çıxış yolu deyil”. 
Mübariz BAYRAMOV