Azərbaycan Avropanın əsas ümid yerinə çevrilir

2 İyun 2017 09:30 (UTC+04:00)

Avropa ölkələri üçün yeganə yeni enerji mənbəyi Azərbaycandır. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakıda 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz 2017" sərgi və konfransının, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib. Belə vəziyyətdə demək olarmı ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır? 

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Azərbaycan digər məsələlərdə olduğu kimi,  enerji məsələsində özünün etibarlı tərəfdaş olduğunu dünyaya, o cümlədən Avropaya sübut edə bilib: “Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Azərbaycanın yeri əvəzedilməzdir. Azərbaycan Avropa qitəsinin ənənəvi neft-qaz xəttinə əlavə olaraq çox etibarlı və uzun müddətli bir enerji təhlükəsizlik sistemini təklif etdi. Dünya dövlətləri də bunu yüksək qiymətləndirdilər. Avropanın Rusiya ilə vaxtaşırı baş verən siyasi qarşıdurması onların bu ölkədən karbohidrogen ehtiyatları almasında müəyyən problemlər yaradıb. Ərəb ölkələrində isə vaxtaşırı baş verən siyasi və hərbi gərginlik onlardan gələn neft və qaz tədarükünü bir çox hallarda şübhə altına qoyur. 
Azərbaycan stabil olmaqla yanaşı, eyni zamanda, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkə kimi, Avropanın enerji təhlükəsizliyində əvəzsiz rola malikdir. İldən-ilə həm Avropa, həm dünyanın aparıcı dövlətləri  ölkəmizin bu rolunu qiymətləndirməkdədir. Ümumiyyətlə, Azərbaycan tək bu məsələdə deyil, digər məsələlərdə də etibarlı dövlət olduğunu artıq dünyaya sübut edə bilib”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da qeyd etdi ki, Azərbaycanın “köhnə qitə”nin mavi yanacaqla təminatında əhəmiyyəti xeyli dərəcədə artacaq: “Azərbaycan Avropa üçün yeni alternativ enerji mənbələrindən biridir. Bildiyiniz kimi, Avropanın mavi qaza olan ehtiyacının təxminən 45 faizi “Qazprom” tərəfindən ödənilir. Bu isə ondan xəbər verir ki, əslində, “Qazprom”un Avropada aparıcı olmaqla yanaşı, qitənin enerjiyə olan tələbatında təhlükəsizliyini tam olaraq formalaşdırdığını demək mümkün deyil. Ona görə də Avropa fərqli və ya alternativ mənbələrdən daha çox enerji cəlb etməyə çalışır. Həmin alternativ mənbələrdən biri də Azərbaycandır. Avropa üçün Azərbaycan alternativ mənbə olaraq cəlbedici bir mənbədir. Amma eyni zamanda, nəzərə almaq lazımdır ki, Azərbaycan əvvəli dövrlərdə də “köhnə qitə”nin enerji təhlükəsizliyinə dəstək verib. Bu kontekstdən yanaşdıqda, görürük ki, Bakı-Tiflis-Ceyhan neft kəməri də birbaşa Avropanın enerji təhlükəsizliyinə dəstək verən bir layihə kimi qiymətləndirilirdi. 
Nəzərə alaq ki, “Cənub Qaz Dəhlizi”  Avropaya mavi qazın nəqlini reallaşdıracaq, onun qitəyə daha böyük həcmdə ötürülməsi baş verəcək. TANAP layihəsi vasitəsilə Türkiyəyə təxminən 8,6 milyard kubmetr, TAP layihəsilə Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qazın nəqli nəzərdə tutulub ki, bu da nəticə etibarı ilə “köhnə qitə”nin mavi yanacağa olan tələbatının ödənilməsində kifayət qədər həlledici faktor olacaq. Nəzərə alaq ki, Baltik ölkələri, xüsusən də mavi yanacağa tələbatı güclü olan Bolqarıstan daxili şəbəkə vasitəsilə Azərbaycan qazından faydalana biləcək. Bu isə son nəticədə Avropanın enerji təhlükəsizliyinin formalaşmasında ölkəmizin rolunun artmasına gətirib çıxaracaq. Ona görə də növbəti dönəmdə Avropanın enerji təhlükəsizliyinin formalaşmasında yaxından iştirak edəcək dövlətlərdən biri məhz Azərbaycan olacaq.  Nəticə etibarı ilə də ölkəmiz Avropanın mavi qaza olan tələbatının ödənilməsində təsirli və yeni alternativ mənbələrdən birinə çevriləcək”.   
Rüfət NADİROĞLU