Azərbaycan Avrasiyanın koordinasiya mərkəzinə çevirilir

3 İyun 2017 09:30 (UTC+04:00)

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsinə dair sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, son illərdə aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaradıb, dinamik sosial-iqtisadi inkişafa təkan verib. Transmilli enerji infrastrukturu və beynəlxalq nəqliyyat layihələrinin Azərbaycanda reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Xarici investisiyaların cəlb edilməsi əlverişli coğrafi mövqeyi ilə seçilən ərazilərin logistik və sənaye potensialından tam istifadə olunmasına, iqtisadiyyatımızın daha da möhkəmlənməsinə, büdcə gəlirlərinin diversifikasiyasına və əhalinin məşğulluğuna böyük töhfə verə bilər. Məhz buna görə də “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli 1912 nömrəli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış normativ hüquqi aktlarının layihələri “azad iqtisadi zona” elan ediləcək ərazilərdə həyata keçiriləcək iqtisadi fəaliyyət üçün əlverişli hüquqi rejiminin müəyyənləşdirilməsini nəzərdə tutur.

İqtisadçıların fikrincə, azad iqtisadi zonalar yaradılması ölkəmizə xarici investisiyanın axınını sürətləndirəcək. Bu isə əlavə iş yerlərinin açılmasına gətirib çıxaracaq.  Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirdi ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə 25 milyon ton yük və 1 milyona qədər konteynerin daşınması nəzərdə tutulub: “Ölkə ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyəti və səmərəliliyi artdıqca, həmin dəhlizlərə böyük həcmlərdə tranzit yük axınlarını müşahidə olunacaq. Şübhəsiz ki, bütün bu işlərin əsas hədəfi Azərbaycanın dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi mövqelərinin daha da möhkəmləndirilməsidir. 
Azərbaycan Avrasiyanın koordinasiya mərkəzinə çevirilir. Son on ildən artıq bir vaxt ərzində bütün səviyyələrdə olan infrastruktur layihələrinin  icrası, nəticə etibarı ilə ölkəmizin belə bir mərkəzə çevrilə bilməsinin əsaslarını yaratdı. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan bu addım yüksək qiymətə layiqdir. 
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi və orada azad ticarət zonasının yaradılması tək ixracın genişləndirilməsi demək deyil. Bu, eyni zamanda Şimal-Cənub, Şərq-Qərb istiqamətində böyük həcmdə olan yüklərin həm dəniz, həm dəmir və həm də avtomobil yolları vasitəsilə daşınması demək olacaq. Böyük həcmdə yüklərin Azərbaycan üzərindən daşınması isə ölkəmizə kifayət qədər xarici valyutanın daxil olmasını təmin edəcək. Bütövlükdə layihənin icrası çoxlu sayda iş yerlərinin açılması, ölkə büdcəsinə böyük həcmdə vəsaitlərin daxil olmasına imkan verəcək”. 
Professor əlavə etdi ki, azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 may 2017-ci il tarixdə imzaladığı Sərəncamla bu sahədə qarşıda duran konkret vəzifələr müəyyən olunub: “Ən başlıcası isə işçi qrupa 3 ay müddətində azad iqtisadi zonaların yaradılması ilə bağlı hazırlanmış qanun layihəsinin ekspertizasını keçirib, dövlətin mənafelərinin və investorların qanuni maraqlarını nəzərə alınmaqla sənədin yekun variantını Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırıldı. Bu, o deməkdir ki, bundan sonra tək Ələt zonasında deyil, ölkəmizin başqa münasib yerlərində də belə azad ticarət zonaları yaradılacaq. Azad ticarət zonalarının yaradılması Sərəncamda deyildiyi kimi,  xarici investisiyaların cəlb edilməsi əlverişli coğrafi mövqeyi ilə seçilən ərazilərin logistik və sənaye potensialından tam istifadə olunmasına, iqtisadiyyatımızın daha da möhkəmlənməsinə, büdcə gəlirlərinin diversifikasiyasına və əhalinin məşğulluğuna böyük töhfə verə bilər”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirid ki, yaradılacaq azad iqtisadi zona struktur və mexanizm baxımından fərqli olacaq: “Azad iqtisadi zona ilə bağlı ayrıca qanunvericiliyin yaradılması gözlənilir. Burada məqsəd daha çox xarici investisiyanın cəlb edilməsinə nail olmaq və investisiyanın cəlb edilməsinə dövlət tərfindən xüsusi zəmanətin verilməsindən ibarətdir. O baxımda Ələtdə yaradılacaq azad iqtisadi zona xüsusi mexanizmə və birbaşa xarici sərməyənin cəlb edilməsinə ünvanlanan mexanizmlərdən ibarət olacaq. Bu da nəticə etibarı ilə daha çox sərməyənin cəlb edilməsinə imkan verəcək. 
Xarici sərməyənin cəlb edilməsi, yeni iş yerlərinin açılması, Azərbaycanın ixrac qabiliyyətinin artırılması baxımından azad iqtisadi zonaların yaradılması  postneft dövründə əhəmiyyətli vasitə olacaq. Ələtdə yaradılacaq azad iqtisadi zona həm də gələcəkdə Azərbaycanın digər bölgələrində yaradılacaq azad iqtisadi zonalar üçün nümunə rolunu oyanayacaq. Azad iqtisadi zonanın özəlliyi ondan ibarətdir ki, yalnız ticarət deyil, həm də istehsal sahələrinin genişləndirilməsi, bu fonda istehsal olunacaq məhsulların xarici və daxili bazara çıxarılması nəzərdə tutulub. Odur ki, azad iqtisadi zona istehal sənayesinin inkişafına təkan verəcək. O baxımdan yeni yaradılacaq azad iqtisadi zona Azərbaycanda postneft dövründə xarici investisiyanın cəlbi və iqtisadi diversifikasiya baxımından yeni vasitə rolunu oyanya biləcək”. 

 

Mübariz BAYRAMOV