İntiharların artan sayı qorxunc statistika yaradır

3 İyun 2017 11:35 (UTC+04:00)

İntihar ölkəmizdə son ayların, hətta illərin gündəm mövzusuna çevrilib. Artıq hər gün intiharla bağlı xəbərlər alırıq. Ən müxtəlif yaş təbəqələrinə, peşələrinə məxsus olan insanlar arasında intihar halları qeydə alınır. Hətta yaşlı insanlar belə intihar edirlər. Mütəxəssislərin fikrincə, məyyən müddətdir özünü qabarıq göstərəməyə başlayan problemin kökündə müxtəlif səbəblər durur. 

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, adətən, cəmiyyətdə bu cür proses gedəndə onunla bağlı elmi araşdırma aparılır: “Hazırda bizdə intiharlar artıb, amma elmi araşdırma aparılmır. Araşdırma ona görə lazımdır ki, intiharın əsas səbəbləri öyrənilsin. 
Ümumi - nəzəri baxımından deyə bilərik ki, insanlarda sabaha inam itdikdə, dar vəziyyət psixoloji tipindən asılı olaraq bəzi insalara təsir edir. Ümumiyyətlə, intihara nələrin səbəb olması elmdə göstərilir. Lakin intiharlar artırsa, hadisəyə ciddi yanaşmaq lazımdır. İntihar edənlərin yaxınları ilə danışıq vasitəsi ilə sosioloji araşdırma aparmaq, faktları toplamaq lazımdır. O zaman ortaya ciddi, vacib informasiyalar çıxacaq. Həmin informasiyalar əsasında da fəaliyyət göstərmək olar. Ancaq nəzəri baxımdan ümumi fikirlər söyləmək mümkündür. 
Nəzərə alaq ki, günü-gündən cəmiyyət mürəkkəbləşir. Belə olan halda insanlar əvvəldən planlaşdırmadıqları vəziyyətə düşürlər. Çünki bir çox insanların təsəvvüründəki həyat 20-30 il əvvəlki həyat təsəvvürüdür. Lakin cəmiyyətdə elə mürəkkəb proseslər gedir ki, insanların bəziləri ondan baş aça bilmir. Hətta imkanlarından artıq işlər görmək istəyirlər. İntihar edənlərin bir çoxunun maddi sıxıntısı, pul borcu olduğu ortaya çıxır. Yəni, insanlar potensialını qiymətləndirə bilmədən fəaliyyət göstərirlər. Nəticədə yaranmış çətin vəziyyətdə sabaha inam itir. Çıxış yolu kimi də zəif iradəlilər intihara əl atır. Odur ki, profilaktik işlər görülməlidir. İnfomasiya təminatında, cəmiyyətdə nələrin çatışmaması istiqamətində işlər həyata keçirilməlidir. Ümumi mənada onu demək olar ki, maddi dəyərlərin mənəvi dəyərləri sıxışdırıb çıxarılmış cəmiyyətdə hər cür gərginlik, o cümlədən intihar qaçılmazdır”. 
Peşəkar Psixologiya Mərkəzinin rəhbəri Nuriyyə Quliyeva bildirdi ki, artıq bir neçə ildir, statistika intihar hallarının artdığını göstərir: “Xüsusən də son dövrlərdə KİV-dən müxtəlif yaşda insanların müxtəlif səbəbdən özlərinə qəsd etdiyi məlumatlarını alırıq. İntiharın bir çox səbəbi var. Ən çox ailədaxili münaqişələr, valideyn-övlad münasibətlərinin pozulması (xüsusən də yeniyetməlik dövründə), iqtisadi vəziyyət, uzun müddətli ağır xəstəlik, depressiya, həmçinin ailə üzvlərindən və ya yaxınlarından kiminsə intihar etməsi və s. səbəblər arasında öndə gəlir. Son dövrlərdə intiharın artma səbəbi KİV-lərdə bu cür xəbərlərin xüsusilə qabardılaraq verilməsidir”.
Psixoloqun fikrincə, bu məsələnin qarşısını almaq üçün bir çox məqama diqqət yetirmək lazımdır: “Xüsusən də doğru yöndə maarifləndirmə əsas nüanslardandır. Məsələn, intihar haqqında KİV-lərdə əsas başlıq olaraq xəbərlər yayımlanması, nəzərə çarpacaq şəkildə qabardılması və bunun sonunda isə müəllifin kiçik maarifləndirmə ilə kifayətlənməsi doğru maarifləndirmə deyil. Hətta bəzən KİV-lərdə bu tip xəbərləri verilərkən intihar hadisənin detallı şəkildə necə baş verməsi, hansı ünvanda, neçənci mərtəbədən özünü ataraq intihar etməsi və ya hansı soyuq silahla ya da özünü asaraq öldürməsi təfərrüatı ilə açıqlanır. Bu da intihara meylli olan hər hansı bir şəxsin yeni metodlar öyrənməsi ilə nəticələnir. 
Bir zamanlar özünü yandıraraq intihar etmə geniş vüsət almışdı. Bu, intiharın ən ağrılı formalarından biridir. Belə üsual əl atan şəxsin birinin ailəsinə dövlət tərəfindən maddi dəstək olunduğu üçün insanlar kiçik iqtisadi böhran yaşayan kimi bu vasitəyə əl atmağa başlamışdılar. Bütün bunlar kütlə psixologiyası adlanır. Yəni, bir insanın etdiyini başqa insanlar da kortəbii şəkildə təkrar etməyə başlayırlar. KİV-lər bu kimi neqativ hallara diqqət çəkməkdənsə, yaxşı olardı ki, psixoloq məsləhətlərinə geniş yer versinlər. 
Həmçinin o ailələrin yaşadığı hissləri qeyd etmək yerinə düşərdi. Bunun müqabilində bu vasitəyə əl atacaq şəxs anlayacaq ki, əgər belə addım atarsa, onun ailəsi nə kimi hallarla rastlaşacaq. Bəlkə həll oluna biləcək bir məsələ idi. Ancaq o insanın ölümü seçməsi daha ciddi problemlərə gətirib çıxara bilər. Məsələn, uğursuz cəhd hər hansı fiziki problemərə də gətirib çıxara bilər. Bu da həmin insanın həyatını alt-üst edə bilər. Belə məqamları daha çox vurğulaq lazımdır”.
Nuriyyə Quliyeva əlavə etdi ki, yuxarıda qeyd olunan səbəblərdən əziyyət çəkən insanlar və psixoloj cəhətdən daha həssas olan insanlar risk qrupuna daxildir: “Düzdür,   qeyd olunan məsələlərdən bir çox insanlar əziyyət çəkə bilər. Lakin bu, o demək deyil ki, onların hər biri bu vasitəyə əl atacaq. Psixoloji cəhətdən daha həssas və ətrafında bu tip yanlış nümunə olan insanlar daha tez intihara cəhd edirlər. Bu insanlar artıq sözləri ilə, davranışları ilə bizə informasiya vermiş olurlar. Tez-tez ölüm haqqında danışırlar, ümidsiz olduqları nəzərə çarpır. “Cəhd edəcəyəm, özümü öldürəcəm” tipli sözlərdən istifadə edirsə və ən əsası əvvəlcə də belə bir vasitəyə əl atıbsa, bu cür insanlardan intihara cəhdi gözləmək mümkündür. Onların söylədiyi hər bir fikir ciddi qəbul olunmalıdır. Ancaq unutmayaq, heç bir problem daimi deyil. Bir az səbr etməklə hər bir problemin həlli mümkündür”.

Mübariz BAYRAMOV