"Dəlilik" səviyyəsinə yüksələn, pulun yoldan çıxardığı milyarderlər

28 Oktyabr 2018 11:00 (UTC+04:00)

Cekpot qazanan biri "bu pulla nə edəcəksən?" sualına "evdəki kondisionerimi təmir etdirəcəyəm" şəklində cavab verir. Bu cavab qəribə görünsə, bəziləriniz bunun zarafatla deyilmiş bir ifadə olduğunu düşünsəniz də, əslində belə deyil. 

Təsadüfi deyil ki, bir çoxlarının milyonlar qazandıqdan sonrakı düşüncələri və istəkləri elə bununla da sərhədlənir, çünki əllərindəki gücdən necə istifadə edəcəklərini bilmirlər. Bəs kimlər bu sahədə daha peşəkar və güclərini daha maraqlı şəkildə istifadə edə bilərlər? Əlbəttə ki, milyarderlər. 

"Qaynarinfo" xarici KİV-ə istinadən hər kəsin sahib ola biləcəyi şeyləri almaqdan bezən bu insanların qeyri-adi zövqlərini təqdim edir:

Yalnız özünü əyləndirsin deyə bir televiziya kanalı alan Hovard Hyuz

Hovard zənginliyin ən üst səviyyəsində dəliliyin sərhədlərinə nə qədər yaxınlaşacağını yoxlamağa çalışan bir milyarder olub. Deyə bilərik ki, o, bu sərhədə yaxınlaşmağa, hətta onu ötüb keçməyə belə müvəffəq olub. Onun həqiqətən psixoloji yardıma ehtiyacı olub, lakin özü bu yardımdan imtina edib. Bütün varlıların qeyri-adi özəllikləri olur, amma ondakı daha fərqli idi.

Onun ən çox sevdiyi şeylərdən biri film izləmək olub, təbii ki, öz tərzi ilə. Bu sevgisini özünəməxsus kinoteatrlarda aylar keçirməklə, heç çıxmadan tualet ehtiyaclarını belə butulkalar vasitəsilə ödəyərək həyata keçirib. Lakin, bu da ona azlıq edir və Las-Veqasda məşhur otellərdən birinin kral dairəsini alır. Burada onu narahat edən isə televiziya kanallarının onun zövqünəxas proqramlar verməməsi olur. Bu səbəbdən milyarder bu problemi öz metodları ilə həll edir. Belə ki, yerli televiziya kanallarından birini alan milyarder jurnalistləri yalnız bir nəfərin zövqünə uyğun proqramlar hazırlamağa məcbur edir. Təbii ki, həmin adam da özü idi.

Hovard yayım proqramını özü tənzimləyir və onlardan efirə gedəcək verilişlər barəsində hər şeyi hesabat şəklində tələb edir. Beləliklə, bu yolla sevmədiyi verilişləri istədiyi şəkildə dəyişdirə və ya efirdən çıxara bilir. Hansısa bir səbəbdən ötrü bir filmə və ya proqrama baxa bilmədikdə studiyaya zəng vuraraq həmin verilişi yenidən efirə vermələrini tələb edir. Deilənə görə, onun şəhərə gəlişi "İce Station Zebra" filminin efirə getməsi ilə məlum olurmuş Bu, milyarderin ən çox sevdiyi film olub. Demək olar ki, kanalda hər gecə yayımlanan film bəzən səhərə qədər təkrar-təkrar efirə gedirdi.

İtlərini lüks içində yaşadan milyarder Vonq Sikonq

Vonq Sikonq Çinin ən varlı iş adamlarından biridir. O da milyarder həmkarları kimi qeyri-adi özəlliyə sahibdir. Vonq mətbuatın gündəminə milyarder olmağından daha çox itlərini lüks həyat içərisində yaşatmağı sevən və bundan zövq alan biri kimi düşüb. Fotoda gördüyünüz itin adı "Koko"dur. iPhone 7 yenicə təqdim edildiyi vaxtlarda Vonq itinə ondan 8 ədəd alıb və itin ayaqlarına "Apple Watch" bağlayaraq fotolarını sosial şəbəkədə paylaşıb.

Təbii ki, o da itlərin Apple işlədə bilməyəcəyini anlayacaq qədər ağıllıdır. Bunu etməsinin səbəbi isə milyonlarını xərcləmək üçün yer tapa bilməməsidir.

 

Paris Hilton da buna oxşar bir şey etmişdi. Nə üçün bilirsinizmi? Çünki o, Paris Hiltondur, başqa izahı yoxdur. Bu ev bahalı mebellərlə dolu bir villadır. Hilton buranı "İt villası" adlandırır.

 

Bu siyahıda Meray Keri də var. Belə ki, o, itlərinin tətilə gedə bilməsi üçün 175 min dollara şəxsi təyyarə alıb.

Qədim ağacları toplayaraq öz meşəsində əkdirən Gürcüstanlı milyarder Bidzina İvanişvili

Sizinlə bir milyarder arasındakı fərq: Siz təbiət qoynunda olarkən gördüyünüz ağaca "Nə gözəl bir ağacdır" deyirsiniz, o isə "Bunu söküb mənim bağıma aparın" deyir.

Gürcüstanın keçmiş multimilyarder baş naziri Bidzina İvanişvili ağac kolleksiyaçısıdır. Proses belə baş verir. Əvvəlcə özü bir ağac bəyənir, sonra da komandası həmin ağacı kökündən çıxararaq hazırda şəlalə və ekzotik heyvanların da olduğu şəxsi villasının bağına gətirirlər. Əslində bu, çox da asan iş deyil. 2016-cı ildə İvanişvili 135 illik tarixi olan lalə ağacını evinə göndərilməsi üçün alır, lakin ağac o qədər ağır olur ki, az qala onu gətirən gəminin batmasına səbəb olacaqdı.