Erməniilər döyüşdən qaçır

7 İyun 2017 09:15 (UTC+04:00)

Ermənistan hakimiyyəti terrorçuları, muzdlu döyüşçüləri Qarabağa yığmağa, buranı təhlükəli zonaya çevirməyə davam edir. Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbeyin sözlərinə görə, əfqan muzdluları Qarabağda təmas xəttinə yerləşdirilib: “Ötən ilin “aprel müharibəsi”ndə məğlub olan Ermənistanda valideynlər övladlarını Qarabağda əsgərliyə göndərməmək qərarına gəldilər. Ermənistan rəhbərliyi bu problemi həll etmək üçün pul qarşılığında 8 min əfqan muzdlu döyüşçüsünü ölkəyə gətirərək, təlim keçdi. Muzdlu əsgərlərə 5 il ərzində 3 min dollar maaş veriləcək. Sonda Ermənistan vətəndaşlığı və Avropaya viza sözü verilib”. G.Gülbey iddia edib ki, əfqan döyüşçülər İran vasitəsilə Ermənistana gətirilib. Tədqiqatçının bildirdiyinə görə 8 min əfqanın Ermənistana gətirildiyini İran vətəndaşlarının sosial şəbəkələrdə yaydıqları məlumatlardan öyrənib. ASİMDER rəhbərinin fikrincə, mümkündür ki, əfqan döyüşçülərdən Türkiyəyə qarşı da istifadə edilsin.

Ermənistan tərəf gecə-gündüz işğal etdiyi Qarabağda, Azərbaycan ərazisində yerləşən cəbhə xətti boyunca izləmə qurğularının yerləşdirilməsini tələb edir. Beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri, ATƏT və digərləri bu fikri dəstəkləyir. Amma bu dəstəkçilər, o cümlədən elə ermənilər özləri də gözəl başa düşürlər ki, bu mümkün deyil. Ona görə ki, Azərbaycan bu təklifə heç vaxt razı olmayacaq. Çünki, bu tip mexanizmlərin yerləşdirilməsi Azərbaycanın öz ərazisinin iki yerə bölünməsini təsdiqləməsi, başqa sözlə, bununla barışması anlamına gəlir. İzləmə qurğuları yerləşdirmək lazımdırsa, onda bu, Ermənistan və Azərbaycanın dövlət sərhədləri boyunca olmalıdır. Qarşı tərəfin hiylələri kifayət qədərdir və bunlar məlumdur. Ancaq indi gözlənilən odur ki, 8 min xarici muzdlunun Azərbaycan ərazisində yerləşdirməsi  faktını adlarını çəkdiyimiz beynəlxalq təşkilatlar və ATƏT-in monitorinq qrupu tədqiq edəcək, ya yox?! Çünki, bu, Ermənistanın növbəti hücumuna hazırlıq və ya Azərbaycana qarşı böyük təxribat planının tərkib hissəsidir.
Hərbi ekspertlər bildirirlər ki, Ermənistan rəhbərliyinin Qarabağa muzdlu döyüşçü gətirməsi haqda xəbərlər yeni deyil. Buna qədər minlərlə PKK terrorçusunun Azərbaycanın işğal olunmuş torpaqlarına gəldiyi, hətta terrorçuların Qəndildəki qərargahlarını Laçına köçürmək planlarının olduğu haqda məlumatlar yayılıb. “Aprel müharibəsi”ndən sonra Ermənistanın Qarabağa muzdlu döyüşçü toplaması prosesini sürətləndirməsi təsadüfi deyil. Çünki erməni ordusunda intiharlar, qətllərlə yanaşı, Qarabağda hərbi xidmətdən yayınan, müxtəlif vasitələrlə bu bölgəyə gəlməkdən imtina edənlərin sayı artıb. Lakin Avropa İttifaqında bu haqda müfəssəl məlumatlar olmasına baxmayaraq, bir dəfə də olsun bu məsələni araşdırmaq fikrinə düşməyiblər. Halbuki, miqrant axınından lərzəyə gələn Avropa üçün bu fakt özü gələcəkdə böyük bəlaya çevriləcək. Çünki, Ermənistan hakimiyyəti muzdlu döyüşçülərin başını yalnız aylıq 3 min dollar maaşla aldatmır, həm də onlara Avropaya viza vəd edib. 8 min hazırlıqlı döyüşçünün heç olmasa. min nəfəri sona qədər davam gətirib qədim qitənin qapısını açmağa müvəffəq ola bilər. Bu isə dil bilməyən, sənəti öldürmək olan min nəfər potensial terrorçu deməkdir. Belə olan təqdirdə, axı, niyə ATƏT rəsmiləri buna göz yumur. Məntiq deyir ki, onların bu işdə marağı var. Məqsəd Ermənistanı inkişaf edən Azərbaycan qarşısında davam gətirməyi bacaran düşmənə çevirməkdir. Güman edirik ki, həmişə olduğu kimi bu dəfə də onlar yanılırlar. Ermənistan silahlı qüvvələri heç vaxt Azərbaycan Ordusundan güclü ola bilməyəcəklər. Buna görə də nə qədər ki, gec deyil, beynəlxalq təşkilatlar səslərini çıxarmalı, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış situasiyanı obyektiv dəyərləndiriməlidirlər. 

N.NOVRUZ