Ali məktəblərə qəbul planı açıqlandı

7 İyun 2017 11:45 (UTC+04:00)

2017/2018-ci tədris ilində Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planı açıqlanıb.

Movqe.az xəbər verir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, növbəti tədris ili üçün ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə 160 ixtisas üzrə 43000 plan yeri ayrılıb. Onlardan 14 000-i I, 12 500-ü II, 10 000-i III, 3300-ü IV, 3200-ü isə V ixtisas qrupu üzrə nəzərdə tutulur.

Son 4 ildə Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planı ildən-ilə artırılıb. 2014/2015-ci tədris ilində ali məktəblərə ayrılan plan yerlərinin sayı 37 763 olmuşdusa, 2015/2016-cı tədris ilində bu rəqəm 38 831, 2016/2017-cı ildə 41 736-ya çatıb. Gələn tədris ilində isə bu rəqəm 43 min olacaq.

Bu tədris ilində 41 736 plan yerinə 34 224 tələbə qəbul olmuşdusa, növbəti qəbul zamanı bu rekordun yenilənəcəyi gözlənilir.