Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi Türkiyənin İzmir şəhərində qurulduğu gündən Türkiyədə

7 İyun 2017 15:14 (UTC+04:00)

Azərbaycanın daha da yaxından tanıdılması, Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi, bu istiqamətdə fəaliyyət göstərən qurum və fərdlərə dəstək olunması, İzmir Universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təhsillərini daha da uğurlu bir şəkildə başa çatdırmalarına dəstək istiqamətində bir çox fəaliyyətlərə imza atıb. Cəmiyyət bu günlərdə növbəti qurultay keçirdi. Qurultay sayğı duruşu və hər iki ölkənin himnlərinin oxunması ilə başladı və qurultayı idarə etmək üçün rəyasət heyəti seçildi. Cəmiyyətin idarə heyətinin üzvü Cavid Əliyev cəmiyyətin keçən iki il müddətində gördüyü fəaliyyətlər haqqında geniş məruzə ilə çıxış etdi. Ardından nəzarət təftiş komissiyasının məruzəsi Vüsal Bağirzadə tərəfindən oxundu. Hər iki məruzə səsvermə yolu ilə qəbul olundu. Cəmiyyətin 11 nəfər olan idarə heyətinin 13 nəfərə çıxarılması üçün verilən təklif qəbul olunduqdan sonra, yeni idarə heyətinin seçilməsinə keçildi. Yeni idarə heyətinə aşağıdakılar seçildi: Dr. Asif Kurban, Prof. Dr. Rüfət Nuriyev, Prof. Dr. Afiq Bərdəli, Prof.Dr. Gülmira Kuruoğlu, Cavid Əliyev, Nurlanə Ahundzadə Akfidan, Fadıl Ünal, Muharrəm Çakar, Təkməz Kulu, Yaşar Əliyev, Bilal Sevilmiş, Fərid Novruzov və Kənan Kərimli. Nəzarət təftiş komissiyasına isə Akif Abdullah, Təranə Karaman və Cahidə Ocak. seçildilər. Səsvermədən sonra çıxış edən cəmiyyətin sədri Dr. Asif Kurban ötən vaxtda cəmiyyət olaraq önəmli fəaliyyətlər həyata keçirtdiklərini və bu fəaliyyətlərin bundan sonra da davam edəcəyini, həm Azərbaycanın, həm də Azərbaycanın ən vacib məsələrinin həlli üçün çalışacaqlarını qeyd etdi. Asif Kurban Xocalı Soyqırımı, Qarabağ problemi və Türkiyəyə qarşı irəli sürülən iddiaya - qondarma soyqırım məsələlərinə qarşı səylərini daha da artıracaqlarını vurğulayıb. Bunun üçün birlik və həmrəylik içində hərəkət etməyin vacib olduğunu vurğulayan Dr.Asif Kurban daha da çox çalışacaqlarını qeyd etdi. Daha sonra qurultayda iştirak edən müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri təbrik və ürək sözlərini çatdırdılar. Qurultayın ardından iftar süfrəsi açıldı. 9 Eylül Universitetinin müəllimi Prof. Dr. Mehmet Dəmirci Azərbaycan-Türkiyə münasibətləri haqqında konfrans təşkil etdi. Cəmiyyətin qurultayı və iftar süfrəsində İzmir Vali köməkçisi başda olmaqla, cəmiyyətin üzvləri müxtəlif təşkilatların sədrləri, siyasi partiyaların nümayəndələri, universitetlərin müəllim və tələbə heyəti iştirak etdilər.