Naxçıvandа yerli istehsal üzərində qurulan dinamik iqtisadi yüksəliş-Reportaj

7 İyun 2017 15:10 (UTC+04:00)

Naxçıvana səfər edən KİV rəhbərlərindən ibarət nümayəndə heyətinin şəhərdəki mədəni, tarixi abidələrlə tanışlıqdan yüksək zövq aldıqları, bu ziyarətin onlarda yüksək təəsürat oyatdığı üzlərindən sezilirdi. Proqram sıx olsa da, səfərdə iştirak edən qonaqlar Naxçıvanı gəzib-dolaşmaqdan yorulmur, hər daşında tarix yaşadan bu diyara gəlmişkən Muxtar Respublikanın turizm potensialını öz  gözləri ilə görməyə çalışırdılar. Ona görə də, saat əqrəbləri 17:00-dan ötsə də, nümayəndə heyəti səfərin ilk gününü başa vurmaq haqqında düşünmürdü. Naxçıvana səfər etmişkən Muxtar Respublikanın iqtisadi inkişafının kökündə dayanan amilləri, yerli istehsal müəssisələrini, eləcə də, burada istehsal edilən məhsullarla tanışlıq da qonaqların marağında idi. Bu səbəbdən də, mədəni, tarixi abidələri ziyarətdən sonra yolumuzu Naxçıvan Avtomobil Zavodundan saldıq. Elə paytaxt yollarında da şütüyən Naz-Lifan avtomobillərinin necə yığıldığını canlı görmək, bu zavodun işi ilə yaxından tanış olmaq mənə də maraqlı gəlirdi.

Brend modellərə meydan oxuyan “NAZ-Lifan”...

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu il yanvarın 11-də istifadəyə verilib. Burada qonaqlara məlumat verildi ki, zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İllik istehsal gücü 4-5 min ədəd minik avtomobili olan Naxçıvan Avtomobil Zavodu Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Zavodda həm mexaniki, həm də sürət qutusu ilə işləyən avtomobillər istehsal edilir.  İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə “NAZLifan” markası ilə istehsal olunan avtomobillər ilk vaxtlar baqaj hissəsi salonda olan (xetçbek) “320” və baqaj bölməsi salondan kənarda yerləşən (sedan) “620” modellərindən ibarət olub. 2014-cü ildən isə “NAZ-Lifan” markalı avtomobillərin “330”, “630” və “720” modellərinin kütləvi istehsalına başlanılıb. Sonradan isə  istər texniki göstəriciləri, istərsə də keyfiyyət baxımından daha komfortlu “NAZ-Lifan” markalı avtomobillərin “NAZ-Lifan X-50”, “NAZ-Lifan-820” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb ki, bu avtomobillər də artıq alıcılara təqdim olunur. Zavodda yığılan avtomobillər öz keyfiyyəti ilə xarici ölkələrin avtomobil zavodunda istehsal edilən məhsullardan heç də geri qalmır. 


Burada qonaqlara məlumat verildi ki, zavoda ən çox sayda avtomobil sifariş verən  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. İstər Sovetlər Birliyi dövründə Böyük Vətən müharibəsində və Çernobıl hadisələrinin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslər, istərsə də Azərbaycan Vətən müharibəsi iştirakçıları dövlət vəsaiti hesabına “NAZ-Lifan-320” markalı minik avtomobilləri ilə təmin edilirlər. 


Qeyd edim ki, hazırda Muxtar Respublikada, eləcə də Bakı, Sumqayıt, Gəncə, Neftçala, Xaçmaz və Quba şəhərlərində “NAZ-Lifan” markalı minik avtomobilləri ilə taksi xidməti də göstərilir. Zavodda olarkən öyrəndik ki, Naxçıvan Avtomobil Zavodunda istehsal olunan minik avtomobillərinin satışı da yüksək səviyyədə qurulub. Naxçıvan və Bakı şəhərlərində satış mərkəzi, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazası yaradılıb. Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı  Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət qurumlarını, məmurları Naxçıvanda istifadə edilən keyfiyyətli avtomobillərdən istifadə etməyə üstünlük verməyə çağırıb. Hazırda Naxçıvanda taxsi xidməti göstərən avtomobillər də məhz bu zavodda yığılan avtomobillərdir. Zavodda avtomobillərin qiymətində bir qədər artım olduğunu da təsdiqlədilər. Bunun isə dünyada ABŞ valyutasının məzənnəsindəki dəyişikliklə əlaqədar ehtiyat hissələrinin ölkəmizə idxalının 

Yerli istehsal-Həm təlabatı ödəyir, həm də xaricə ixrac olunur...

Naxçıvanda restoran və digər iaşə obyektlərində olarkən diqqətimizi çəkən bir məqam da sahibkarların yerli istehsal olan məhsullara üstünlük verməsi oldu. Burada restoranlarda sərinləşdirici və spirtli içkilərin demək olar ki, hamısı Muxtar Respublikada istehsal olunan məhsullardır. Satış mağazalarında da yerli məhsullar üstünlük təşkil edirdi. Muxtar Respublikada istehsal olunan məhsulların nümayiş edildiyi məkana, Naxçıvan Biznes Mərkəzinə daxil olduqda isə daha geniş çeşiddə, müxtəlif adda məhsullarla qarşılaşdıq. Sən demə bayaqdan iaşə obyektlərində görüb-daddığımız məhsullar, Naxçıvanda istehsal edilən yerli məhsulların çox az bir qismi imiş. Biznes Mərkəzində ərzaqdan tutmuş  məişət avadanlıqlarına, tikinti materiallarına, uniformalara qədər müxtəlif çeşiddə yerli istehsal məhsulları sərgilənib. Biznes Mərkəzi ilə yaxından tanışlıq Muxtar Respublikada həm sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli mühitdən, həm də zəngin sənaye potensialından xəbər verirdi.

Əlverişli xammal bazasının mövcudluğu və müasir texnologiyalar əsasında fəaliyyət göstərən 100-dək sənaye müəssisəsinin fəaliyyəti ekoloji təmiz, rəqabətədavamlı məhsulların istehsalına imkan yaradır. Bu müəssisələrin məhsulları təkcə paytaxt Bakı və digər regionlara deyil, İran, Türkiyə, Gürcüstan, Rusiya kimi ölkələrə də ixrac edilir.  “Naxçıvan Avtomobil Zavodu”, “Gəmiqaya Bərəkət Qida Məhsulları”, “Gəmiqaya Mineral Sular”, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi”, “Gəmiqaya Mebel Fabriki”, “Dizayn Sənaye Kompleksi”, “Ləzzət Qida Sənaye”, “Cahan-Pen”, “Naxçıvan Duz İstehsalı”, “Araz-3”, “Prestij Naxçıvan Pivəsi” və digər məhdud məsuliyyətli cəmiyyətlər Muxtar Respublikanın ərzaq və sənaye tələbatının çox hissəsini yerli istehsal hesabına ödəməyə imkan verir. Bağlı-bağatlı Naxçıvan torpaqları Muxtar Respublikada kənd təsərrüfatı məhsullarının istehsalını da şərtləndirib. Bu gün Naxçıvanın ixrac etdiyi məhsullar arasında kənd təsərrüfatı məhsullarının xüsusi çəkisi var. Biznes Mərkəzində olarkən diqqətimizi çəkən digər məqam, yerli istehsal olan məhsulların keyfiyyəti ilə yanaşı, əmtəə görünüşünün də rəqabətqabiliyyətli olması oldu. Salonda sərgilən sərinləşdirici və  spirtli içkilərin qablaşdırılması zamanı məhsulların ixrac potensialının da lazımınca qiymətləndirildiyi göz önündə idi. 

Şəfalı bitgilərdən xariqələr yaradan Naxçıvan...


Hələ mən kiçikkən nənəm gözəl təbiəti olan Naxçıvanda şəfalı bitgilərin olduğu, həmin otlardan dəmləmə ilə bir çox xəstəliklərin müalicəsinin dava-dərmansız mümkün olduğundan ağız dolusu danışardı.  Burada olarkən öyrəndik ki, Naxçıvanda təbabətdə istifadə edilən 200 növə yaxın dərman bitkiləri var.  Muxtar Respublikada hər il min tonlarla dərman bitkiləri tədarük olunur ki, bitgilərin də çox hissəsi yabanı halda yetişir. Bu torpaqda şəfa mənbəyi olan bitgilər yetişdiyindən, muxtar respublikada dərman bitkilərinin istehsalı ilə məşğul olan müəssisə də fəaliyyət göstərir. 2010-cu ildə Şahbuz rayonunda yaradılan “Farma Şah” müəssisəsi Şahbuz dağlarında yabanı halda bitən qiymətli dərman bitkilərinin emalı və paketlənməsi ilə məşğuldur. Biznes mərkəzində olarkən onu da öyrəndik ki, Naxçıvanda yabanı halda bitən bitgilərdən bəzi içkilərin hazırlanmasında da istifadə olunur. Biznes Mərkəzini gəzib-gördükdən sonra bir daha əmin olduq ki, ölkə Prezidenti cənab İlham Əliyevin “Made in Azerbaijan” brendi ilə milli məhsulların istehsal edilməsi və dünya bazarına çıxarılması ilə bağlı vacib tapşırığı Naxçıvan Muxtar Respublikasında uzun illərdir ki, icra edilir.
Bu iqtisadi inkişafın canlı şahidi olan münayəndə heyəti üzvləri Biznes Mərkəzindən gələcəyə böyük inamla ayrılaraq, insanların ilərdir inanıb iman gətirdikləri məkana, “Əshabi-Kəhf Ziyarətgahı”na yollandılar. 
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına təşkil olunan səfərə qatılan KİV rəhbərlərinin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə və Duzdağ Fizioterapiya Mərkəzinə səfəri barədə isə növbəti sayımızda...
Ardı var...
Zülfiyyə QULUYEVA 
Bakı-Naxçıvan-Bakı