Mozambikdə keçəlləri öldürürlər - Silsilə cinayət

8 İyun 2017 09:50 (UTC+04:00)

Mozambik polisi keçəlləşmədən əziyyət çəkən sakinlərinə həyatlarına yönələn təhlükə barədə xəbərdarlıq edib. Bu barədə “The Guardian” xəbər verir. Problemin mövcudluğu barədə ölkədəki iki keçəl kişinin qəddarcasına öldürülməsindən sonra xəbər veriblər. Ölənlərdən birinin başı kəsilib və daxili orqanları çıxarılıb.

Mozambikin hüquq-mühafizə orqanları cinayətin baş verməsində 20 yaşlı iki kişidən şübhələnirlər. Onlar həbs olunandan sonra etiraf ediblər ki, daxili orqanları uğur gətirsin deyə müştərilərə satıblar. Polis nümayəndəsi İnasio Dinanın sözlərinə görə, qətlin motivləri sözügedən bölgədə yayılmış inancla bağlıdır. Həmin inanca görə, yerli insanlar keçəllərin varlı olduğu qənaətinə gəliblər. Dina ritual qətlləri albinoslar üzərindəki ovla müqayisə edib. 2014-cü ildə Mozambikdə 100-ə yaxın albinosun üzərinə hücum edilib. Onların orqanlarından dərman ləvazimatlarının hazırlanması üçün istifadə olunub.

May ayında məlum olmuşdu ki, Sierra-Leonda doğulan və cadugərlərin əlindən xilas olan 19 yaşlı albinos daha sonra model olub.