FTB-nin sabiq direktoru: “Tramp soruşdu ki, ona mane olan “buludu” aradan necə götürmək olar”

8 İyun 2017 10:00 (UTC+04:00)

ABŞ Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi bəyan edib ki, prezident Donald Tramp ona Rusiya ilə təhqiqatla bağlı müraciət edib.Movqe.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi Konqresə verdiyi yazılı ifadəsində bildirib.

 
“Martın 30-da, səhər saatlarında prezident mənə zəng edib dedi ki, Rusiya ilə bağlı araşdırmalar onun ölkənin maraqları üçün fəaliyyətini məhdudlaşdırır.  Bildirdi ki, Rusiya ilə heç bir əlaqəsi yoxdur və orada olarkən daim dinlədildiyini güman edib. Tramp soruşdu ki, ona mane olan “buludu” aradan necə götürmək olar. Mən ona cavab verdim ki, biz çalışacağıq işimizi tez və olduqca yaxşı aparaq”, C.Komi bildirib. O,  həmçinin FTB-nin şəxsən D.Trampa qarşı araşdırma aparmadığını vurğulayıb.
 
Komi Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flindən də yazıb. Onun sözlərinə görə, prezident Flinin yaxşı adam olduğunu bildirib və ona qarşı təhqiqatın dayandırılacağına ümid edib.
 
Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini mayın 9-da prezident Trampın fərmanı ilə vəzifəsindən uzaqlaşdırıb. 2013-cü ildən FTB-yə rəhbərlik edən  Komi Trampın əleyhinə yönələn “Rusiya əlaqələri”nə dair işin istintaqı ilə məşğul olub.  Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flin fevralda istefa verib. İstefa ərizəsində o, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə təmasları barədə Ağ Evə tam məlumat vermədiyini etiraf edib.
 
Xatırladaq ki, Trampın Rusiya ilə əlaqələrini araşdırmaq üçün xüsusi prokuror Robert Müller təyin edilib. Bundan əlavə, Senat və Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitələri paralel olaraq araşdırma aparırlar.