Transxəzə qaz kəməri reallaşmaq hüququna malikdir
30 Noyabr 2011 16:35 (UTC+04:00)
Azərbaycan hesab edir ki, "Transxəzər" qaz kəməri reallaşmaq
hüququna malikdir. Bu barədə Astanada Xəzərin hüquqi statusuna dair
işçi qrupun 30-cu iclasının yekunları ilə bağlı mətbuat
konfransında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf
Xələfov açıqlama verib.
"Azərbaycan tranzit ölkə hesab olunur. Əgər Xəzərlə bağlı gələcəkdə
hər hansı bir layihə olarsa, tərəfdaşlarımızla bu layihələr üzrə
əməkdaşlığa hazırıq".
X.Xələfov deyib ki, sahilyanı ölkələrin Xəzər dənizində enerji,
nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsi üçün
suveren hüquqları var.
Xələf Xələfov onu da bildirib ki, Azərbaycan, Türkiyə və İranın
xarici işlər nazirlərinin növbəti görüşü Naxçıvanda keçiriləcək,
hazırda görüşün tarixi razılaşdırılır. XİN rəsmisi deyib ki,
nəzərdə tutulmuş üçtərəfli görüşədək yaxın vaxtlarda Tehranda üç
ölkənin xüsusi nümayəndələri səviyyəsində görüş keçiriləcək.
Görüşdə Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin Naxçıvan
görüşünün gündəliyi müzakirə olunacaq.
Qeyd edək ki, XİN rəhbərlərinin bundan əvvəlki görüşü apreldə
İranın Urmiya şəhərində keçirilib.