İrandan Azərbaycana köç başlana bilər

9 İyun 2017 08:00 (UTC+04:00)

İranda baş verən məlum terror aktı bu ölkənin də İŞİD-in hədəfinə çevrildiyini göstərir.  Qeyd edək ki, hazırda     Suriyada fəaliyyət göstərən İŞİD-lə mübarizə aparan qüvvələr arasında İran da var. Belə bir vəziyyətdə İŞİD artıq İranı da öz hədəfinə almağa başlayıb. Mövcud vəziyyətin daha da gərginləşməsi istər-istəməz İran əhalisində müəyyən panika yarada bilər. Belə olan halda da onların bir çoxunun ölkədən xaricə köç etmələri istisna deyil. Bu halda təhlükəsizliklə bağlı İrandan Azərbaycana köçən insanların sayı arta bilərmi?

Politoloq Elşən Mustafayev İranın İŞİD-in terror hədəfinə çevrilsə də belə, oradan xaricə, o cümlədən Azərbaycana əhalinin ciddi köçünün baş verəcəyini proqnozlaşdırmır: “İŞİD İrana qarşı açıq hədəflərini heç zaman gizlətməyib. Çünki Suriyada İranın Bəşər Əsəd rejiminə dəstək verməsi, iranpərəst “Hizbullah” təşkilatının İŞİD-ə qarşı döyüşlərdə iştirakı, ikincilərin öz gözlərində Tehranı özlərinə düşmən kimi görmələrinə gətirib çıxarıb.  Amma məsələ ondadır ki, İran qapalı bir şiə dövlətdir. Ona görə də indiyə kimi İŞİD-in ora daxil olması çətin olub. Bu fonda da İŞİD-in İranda terror hadisəsi törədə biləcəyinə inananlar az idi. Lakin İŞİD Tehranda sözügedən terror hadisəsini törədibsə, deməli, məsələ çox ciddidir. 
İran kimi qapalı sistemli bir dövlətdə İŞİD sərbəst şəkildə həmin terror hadisəsini törədibsə, həmin terror qruplaşmaları öz hədəflərini daha da genişləndirməyə nail olub. Amma düşünmürəm ki, bu terror olayları və İŞİD-in artıq İranı da hədəfə alması fonunda bu ölkədən Azərbaycana köç etmək niyyətinə düşənlər olsun. Olsa da, onların sayı çox az olacaq. Ümumiyyətlə, İranda bu şəkildə terror hadisələrinin davamlı olacağına da inanmıram. İŞİD-in indiki halda İranda ciddi fəaliyyətə keçməsi çətin məsələdir. İran əhalisinin böyük əksəriyyəti İŞİD-ə lap əvvəldən düşmən kimi baxıb. Sadəcə, bu dəfə İŞİD İranda terror hadisəsi törədə bilib. Amma bu, o demək deyil ki, İrana münasibətdə həmin vəziyyət mütəmadi olacaq. İkinci bir tərəfdən, bilirsiniz ki, Türkiyənin özündə İŞİD və PKK terrorçuları çoxsaylı terror hadisələri törədiblər. Amma buna görə qardaş ölkəni tərk edib gedənlər yox dərəcəsindədir. İranda bu mənada təxminən eyni xarakterdə olan dövlətlərdən biridir. Bu əsasda da İŞİD-in müəyyən hərəkətləri fonunda belə İran əhalisi tərəfindən ölkəmizə və digər xarici dövlətlərə ciddi bir köçün olacağı mümkün deyil. Başqa bir məsələ ki, hərbi əməliyyatlar İranın özünə keçsin. Bu halda sözsüz ki, cənub qonşumuzdan xeyli sayda insan Azərbaycana pənah gətirə bilər. Amma İŞİD-in terror olayları ilə əhalinin kütləvi halda köç edəcəyinə inanmıram”.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan da İrandan Azərbaycana ciddi köçkün dalğasının olacağını ağlabatan hesab etmədi: “İstənilən halda İranda baş verən müxtəlif hadisələr Azərbaycana da bu və ya başqa şəkildə öz təsirini göstərir. Amma Tehranda baş verən terror hadisəsindən sonra İrandan kütləvi qaçqın dalğasının yaranacağı, köçkünlərin çoxalacağı ağlabatan görünmür. Çünki İranda bu tip terror hadisələri yeni deyil ki, baş verir. Əvvəllər də bu sayaq hadisələr olub. Məşhəddə və başqa şəhərlərdə müxtəlif vaxtlarda terror olayları baş verib. 
Ehtiyat olunası məqam odur ki, həmin olaydan sonra İrandakı bir sıra pullu insanlar Azərbaycan, Türkiyə və bir sıra Avropa ölkələrində özləri üçün mənzil almağa girişə bilərlər. İrana qarşı sanksiyaların sərtləşdiyi bir ərəfədə ABŞ-ın İrana hücum edəcəyi ehtimalı meydana çıxmışdı. Həmin vaxt da fikirləşirdilər ki, Güney Azərbaycan və İrandan ölkəmizə ciddi qaçqın dalğası gələcək. Düzdür, həmin ərəfədə qaçqın axını ciddi xarakter kəsb etmədi. Amma Bakının bir sıra yerlərində Güney Azərbaycandan olan İran vətəndaşları özlərinə yeni binalarda mənzil aldılar. Amma bu tip hadisəni nadir hadisə kimi dəyərlənidrmək olar. 40 milyonu Azərbaycan türkü olmaqla 80 milyonluq İran əhalisinin Bakıda 200-500 ev alması istər-istəməz nadir hadisədir. Odur ki, İŞİD-in Tehrandakı terror olayından sonra da İrandan ölkəmizə ancaq bu şəkildə cüzi köçmələr ola bilər”.
Rüfət NADİROĞLU