İdmandan öncə çuğundur şirəsi için

9 İyun 2017 13:48 (UTC+04:00)

Alimlər yaşlı insanlara idmandan öncə çuğundur şirəsi içməyi məsləhət görürlər.

Ueyk Forest Universitetinin bir qrup tədqiqatçısı müəyyən edib ki, hipertoniyadan əziyyət çəkən ahıllar bədən tərbiyəsi ilə məşğul olmalıdırlar. Alimlər onlara bədən hərəkətlərindən əvvəl çuğundur şirəsi içməyi məsləhət görürlər. Belə əlaqələndirmə beyni, demək olar, cavanlıqda olduğu kimi yaxşı vəziyyətdə saxlamağa kömək edir.

Çuğundur şirəsinin tərkibində nəinki bir sıra müxtəlif bəsləyici maddələr var, o, həm də orqanizmə azot monooksidi istehsal etməyə imkan verən birləşmələrlə zəngindir. Bu molekullar qan damarlarının daralmasında və genəlməsində çox vacib rol oynayır. Mütəxəssislərin fikrincə, bu xüsusiyyəti çuğundur şirəsini hipertoniyadan əziyyət çəkən insanlara daha faydalı edir. Xüsusən də bədən hərəkətlərindən əvvəl içiləndə.

Mütəxəssislər tədqiqata yaşı 55-dən çox olan, yüksək qan təzyiqindən əziyyət çəkən və bu problemi aradan qaldırmaq üçün maksimum iki dərman preparatı qəbul edən 26 kişi və qadın dəvət ediblər. İştirakçılardan bu və ya digər içkini içmək, sonra isə bir müddət qaçış cığırında məşq etmək tələb olunub. Mütəxəssislər altı həftə ərzində iştirakçıların sağlamlıq durumunda, o cümlədən onların beyinlərində baş verən dəyişiklikləri izləyiblər. Məlum olub ki, məşqdən əvvəl çuğundur şirəsi içənlərin beyinlərinin vəziyyəti eksperiment müddətində nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

Bu və digər sağlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam nəsil" verilişini izləməyi unutmayın.

Trend