Azərbaycanda da elektrik avtomobillərinin sayının artması vacib sayıldı

10 İyun 2017 09:30 (UTC+04:00)

2016-cı ildə bütün dünyada elektrik avtomobillərinin sayı 60% artaraq 2 milyon ədədə çatıb.  Bu barədə Beynəlxalq Energetika Agentliyinin (IEA) "Qlobal elektrik avtomobili icmalı-2017" adlı hesabatında bildirilir.  Sənədə əsasən, elektrik avtomobillərinin sayının kəskin artması bir sıra ölkələrin ətraf mühiti qorumaqla bağlı siyasət yürütməsi ilə əlaqədardır. Nəzərə alaq ki, Azərbaycanda da ətraf mühitin mühafizəsinə hər zaman xüsusi diqqət yetirilib. Bu fonda ölkəmizdə elektrik avtomobillərindən istifadənin genişlənməsi gündəmə gəlir. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, elektrik avtomobillərinin stimullaşdırılması vacib məsələdir: “Bu avtomobillərdən istifadə bir tərəfdən enerjiyə qənaət olunmasına gətirib çıxaracaq. Digər tərəfdən də ekoloji baxımından ölkə üçün vacib amildir. Bu mənada Azərbaycanda da elektrik avtomobillərindən geniş istifadə olunmasına ehtiyac var. Düzdür, müəyyən sayda elektrik avtomobillərinin ölkəyə gətirilməsi müşahidə edilir. Lakin bu, kütləvi deyil”.
Ekspert əlavə etdi ki, elektrik avtomobilləri üçün xüsusi avadanlıqlar var: “Elektrik avtomobilləri həmin avadanlıqdan istifadə etməklə enerji yığırlar. Həmin avadanlıqların ölkəyə gətirilməsinə və daha kütləvi şəkildə istifadə edilməsinə ehtiyac var. Bunlar da şəhərin fərqli yerlərində quraşdırılmalıdır ki, elektrik avtomobilləri asanlıqla enerji yığa bilsinlər. 
Digər tərəfdən, ənənəvi avtomobillərlə müqayisədə elektrik avtomobilləri üçün daha aşağı gömrük-idxal rüsum və vergilərin müəyyənləşdirilməsi məqsədəuyğundur. Belə olan halda sahibkarlar elektrik avtomobillərini gətirib satmaqda maraqlı olacaq. Bu da Azərbaycanda elektrik avtomobillərindən istifadəni genişləndirəcək”.  
Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirdi ki, Azərbaycanda elektrik avtomobillərinin artımı hələlik gözlənilmir: “İlk növbədə nəzərə alaq ki, elektrik avtomobilləri Qərb ölkələrinin istehsalıdır. Eyni zamanda həmin avtomobillərin qiyməti çox bahadır. Azərbaycanda hələlik bununla bağlı heç bir stimullaşdırıcı qərar yoxdur. Yəni, onlar əlavə dəyər vergisindən azad edilməyib, servis məsələləri istənilən səviyyədə deyil. 
Düzdür, ölkəmizdə müəyyən modeli təklif edən avtosalon var. Amma onların da qiyməti həddən artıq yüksəkdir. İndi bizdə kimsə maraq üçün elektrik avtomobili ala bilər. Ancaq digər ölkələrdəki kimi ekoloji yanaşma baxımından ondan uzağıq. Düzdür, iki il ölkə öncə “avro-4” ekoloji standartına keçidlə bağlı qərar verildi. Bu, həm ekoloji, həm də neft məhsullarına tələbatın qarşını almaq üçün atılmış addım idi. O baxımdan da 2013-cü ildə 100 mindən çox avtomobil idxal edilmişdisə, ötən il bu rəqəm 5 min oldu”.
Mübariz BAYRAMOV