Ermənilər radikal müxaliflərin daha açıq müdafiəsinə keçirlər

10 İyun 2017 10:09 (UTC+04:00)

İyunun 6-7-də Avropa Şurasının Nazirlər Kabinetində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının yerinə yetirilməsi üzrə vəziyyət müzakirə edilib. Başqa məsələlərlə yanaşı, AİHM-nin “İlqar Məmmədov Azərbaycana qarşı” işi üzrə Qərarının icrasının gedişi müzakirəyə çıxarılıb. Müzakirələrin gedişində Ermənistanın AİHM-dəki təmsilçisi Gevork Kostanyan çıxış edib və REAL hərəkatının lideri İlqar Məmmədovun azad olunmasına çağıraraq, Azərbaycanı sanksiyalarla hədələyib. Ermənilərin İlqar Məmmədova bu canıyananlığı nədən qaynaqlınır?

Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, ermənilərin İlqar Məmmədova münasibətdə can-fəşanlıq nümayiş etdirmələri işğalçılarla Azərbaycandakı radikal müxalifətin bir-birilərinə dəstək olduqlarının bariz nümunəsidir: “Öncə onu deyim ki, ermənilərin Azərbaycana qarşı belə qərəzli münasibəti yeni deyil. Həmişə Qərbdə Azərbaycana qarşı hər hansı qeyri-obyektiv, mənfi münasibət sərgilənəndə ermənilər də dərhal hay-küy qaldırmağa başlamaqla fəal şəkildə dövlətimiz əleyhinə çıxışlar edirlər. 
İnsan haqları məsələsilə bağlı Ermənistan heç cürə danışa bilməz. Ermənistanın heç bir siyasətçisi, istər hakimiyyətdə olan, istərsə də müxalifətdə olanı ölkəsindəki insan haqlarının vəziyyətini Azərbaycanla heç zaman müqayisə edə bilməzlər. Erməniatanda hər addım başı insan haqları pozulur. Burada qanunlar belə işləmir. Ermənistanda quldur rejimi mövcuddur. Hətta ermənilərin özləri də Ermənistanda cinayətkar rejimin olduğunu etiraf edirlər. Belə bir quldur və cinayətkar rejimin olduğu yerdə ermənilər hansı insan haqlarından danışa bilərlər. Ermənilərin İlqar Məmmədovu müdafiə etməsinə gəldikdə, bu da yeni məsələ deyil. Azərbaycanda elə siyasətçilər var ki, törətdikləri müəyyən cinayətə görə  qanuna müvafiq olaraq azadlıqdan məhrum ediliblər. Bu isə o demək deyil ki, onlar siyasi məhbuslardır. Bu insanlar konkret törətdikləri cinayət əməli, qanun pozuntularına görə həbs olunublar. Bu barədə məhkəmənin də qərarları var. Obyektiv istintaq gedib. Proseslə beynəlxalq təşkilatlar da maraqlanıb, bilirlər ki, cinayət tərkibi olmasa, heç kim Azərbaycanda həbs oluna bilməz. Azərbaycan demokratik, hüquqi dövlətdir. Demokratik, hüquqi dövlətin də mahiyyəti ondan ibarətdir ki, hər kəs qanunla yaşamalı, mövcud qanunlara, Konstitusiyaya əməl etməlidir. İstər nazir olsun, istər deputat olsun, hamı qanun qarşısında bərabərdir. 
Azərbaycanda qanunu pozduğuna görə hətta deputat da həbs olunub. Yəni, ölkəmizdə fərq qoyulmur. Ranqından, tutduğu vəzifə, siyasi, sosial mövqeyindən asılı olmayaraq, qanunu pozan hər kəs məsuliyyətə cəlb edilir və qanuna müvafiq olaraq ona cəza kəsilir. Ermənilər isə həmişə çalışıblar ki, Azərbaycanı mənfi planda təqdim etsin. Yəni, belə situasiyalardan öz xeyirləri üçün istifadə etyəməyə çalışırlar. Bu kimi məsələlərdə də onlarla Azərbaycandakı radikal müxalifətin mövqeyi tamamilə üst-üstə düşür. Ermənilərin İlqar Məmmədovla bağlı hay-həşir salmasının kökündə də onlarla bizim radikal müxalifətin bir-birinə dəstək olmaları amili dayanır”.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirdi ki, ermənilərin İlqar Məmmədova canyananlıq göstərmələri heç də onun adı ilə bağlı deyil. Sadəcə olaraq, ermənilər hər bir vasitədən istifadə etməklə dövlətimizin mənafeyinə zərbə vurmağa çalışırlar: “Əslində, Ermənistan, onun diaspor və lobbisi bütün vasitələrlə çalışırlar ki, Azərbaycanın dövlət maraqlarına zərbə vursun, onun beynəlxalq təşkilatlarda imicini aşağı salsınlar. Yəni, motivin və prosesin nədən ibarət olmasından  asılı olmayaraq, ermənilər hər zaman çalışıblar ki, dövlətimizin maraqlarına zərbə vursunlar. Bu fonda ermənilər üçün  fərqi yoxdur İlqar Məmmədov və ya qeyrisi olsun, əsas məqsədləri hər hansı bir fürsət düşən kimi Azərbaycanın imicinə zərbə vurmaqdan ibarətdir. Təəssüf ki, Azərbaycandakı radikal müxalifət də bu işdə düşmənlərimizə dəstək olurlar. 
Bəzən beynəlxalq təşkilatlar Azərbaycana qarşı açıq şəkildə ikili standartlardan çıxış edirlər. Ermənistan və Gürcüstanda onlarla QHT sədri, jurnalist, blogger həbs olunur. Amma beynəlxalq təşkilatlardan heç biri həmin dövlətlərin üzərinə Azərbaycanın üzərinə gəldikləri qədər getmirlər. Serj Sarkisyan dinc mitinqçiləri qətlə yetirdi. Ermənistanda baş tutan son parlament seçkiləri də total şəkildə saxtalaşdırıldı. Amma buna baxmayaraq, Ermənistana qarşı heç bir beynəlxalq təşkilat səsini çıxartmadı. Bu da onu deməyə əsas verir ki, həmin beynəlxalq qurumlar Azərbaycana münasibətdə qərəzli mövqe sərgiləyirlər. Onlar bütün hallarda Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərirlər”. 

R. SULTANOV