Manat bazar dəyərini alır

10 İyun 2017 11:00 (UTC+04:00)

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib ki, görülən tədbirlərin nəticəsində bu ilin əvvəlindən milli valyutanın məzənnəsi möhkəmlənib: "Manatın məzənnəsi sabitləşib. Milli valyutamız öz yerini tapmaqdadır". 

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, manat hələ ki, bazar dəyərini tam ala bilməyib: “Cari ilin yanvar ayında manatın məzənnəsində daha sərt hərəkətlilik müşahidə edilirdi. Hətta manat dollar qarşısında tarixində ilk dəfə 1,92 məzənnəyə qədər ucuzlaşdı. Amma sonradan doğrudan da bəzi tədbirlər  nəticəsində, xüsusən də manat dövriyyəsinin sıxılması və milli valyutanın müxtəlif alətlərlə dövriyyədən yığılması nəticəsində məzənnədə müəyyən sabitlik müşahidə olundu. 
Son iki aya yaxındır ki, manatın məzənnəsi demək olar  dəyişməz olaraq qalır, rəsmi məzənnə 1,70 manat civarındadır. Yəni, manatın məzənnəsində sabitləşmə baş verib. Lakin bu sabitləşmə fonunda iqtisadi aktivlikdə zəifləşmə meylləri özünü göstərir. Dövriyyədə olan manat kütləsinin daralması iqtisadiyyata, əsasən də ticarət sektorundakı dövriyyəyə mənfi təsir göstərir. Heç də təsadüfi deyil ki, bunun nəticəsi olaraq ilk 5 ayda idxal təxminən 17 faiz azalıb. Alıcılıq qabiliyyətinin azalması, kreditləşmə ilə bağlı problemlərin davam etməsi, bankların əvvəlki illərlə müqayisədə istehlak krediti verməyə maraq göstərməməsi, faizlərin yüksək olması, şərtlərin sərtləşməsi bütün hallarda ticarət dövriyyəsinə mənfi təsirini göstərib. 
Amma hər halda görülən tədbirlər doğrudan da öz effektini verdi, manat möhkəmləndi. Lakin unutmayaq ki, Azərbaycan da dünyada gedən proseslərə bağlı ölkədir. Bəzi proseslər ola bilsin, manatın məzənnəsinə mənfi təsir etsin. ABŞ Federal Rezerv Sisteminin ilin sonuna qədər faiz dərəcəsini iki dəfə artırmaq ehtimalı yüksəkdir. Bu istiqamətdə ilk addım FED-in iyunun 14-15-də keçiriləcək toplantısında verilə bilər. İkinci qərar isə sentyabr ayında gözlənilir. Bu addımlar isə dünyada dolların bahalaşmasına səbəb olacaq ki, Azərbaycan da həmin prosesdən kənar qala bilməyəcək. İkinci bir qlobal məsələ neftin qiymətlərilə bağlıdır. Son 10 gündə neftin qiymətlərində təqribən 8-9 faiz azalma müşahidə edilir. Hazırda onun qiyməti 47 dollara qədər enib. Bu isə Azərbaycanın valyuta gəlirlərinə mənfi təsir göstərir. Sözügedən tendensiya davamlı olarsa və neftin qiymətində yeni azalmalar baş versə, manata olan basqılar da artacaq. 
Payız aylarında büdcə xərclərinin ənənəvi olaraq artmasını, ticarət dövriyyəsində müəyyən canlanma üçün hökumətin son zamanlar atdığı addımların effekt verəcəyini nəzərə alaraq, ola bilər, həmin ərəfədə manatın məzənəsində azalma müşahidə olunsun. Yəni, indi əsas məsələ manatın məzənnəsindən daha çox iqtisadi aktivliyin artırılmasına yönəldilməlidir. Amma ötən beş ayda ümumdaxili məhsulda 1,5 faiz azalma baş verib. Hökumət də bu tendensiyanı iqtisadi aktivliyin artırılması yolu ilə aradan qaldırılmasını düşünür. Ola bilər, həmin addımların effektivliyini və dünyada gedən prosesləri nəzərə alaraq payız aylarında manatın məzənnəsində müəyyən ucuzlaşma tendensiyası baş versin”.
Müstəqil iqtisadçı ekspert Yaşar Əsədov isə qeyd etdi ki, mövcud vəziyyət nöqteyi-nəzərindən manat optimal bazar qiymətindədir: “Azərbaycanın milli valyutası əsas etibarı ilə neftin qiymətlərilə bağlıdır. Düzdür, hazırda ölkədə qeyri-neft sektoru da inkişaf etdirilir. Bu istiqamətdə istehsal sahələri genişləndirilir. Bununla belə neftin satışından ölkəyə daxil olan valyutanın milli valyutamızın məzənnəsinə həlledici təsiri vardır. Hazırda da dünya bazarında demək olmaz ki, neftin qiyməti optimal həddə çatıb. Bu da Azərbaycan manatının möhkəmlənməsində öz müsbət rolunu oynayır. 
Çalışmalıyıq ki, Azərbaycan milli valyutası daxili istehsal və yüksək elmi tutumlu mal, məhsullar, qeyri-neft sektoru məhsullarının xarici bazara çıxarılması ilə təmin olunsun. Görünən odur ki, bu istiqamətdə iş gedir. Manatın bu fonda özünün bazar dəyərini alıb-almamasına isə birbaşa cavab vermək çətindir. Rusiyanın milli valyutası olan rubl elə də zəif valyuta deyil. Ancaq o da neftin qiymətindən asılıdır. Ona uyğun olaraq da demək olar hər gün gah qalxır, gah da düşür. Azərbaycan valyutası ölkə iqtisadiyyatının indiki vəziyyəti nöqteyi-nəzərindən hardasa optimal bazar qiymətindədir. Düşünürəm ki, manatın dollara nisbətdə 1,60-1,65 civarında olması həm daxili istehsalçılar, həm də alıcılar üçün sərfəli məzənnədir. Aydın məsələdir ki, zəif milli valyuta ölkədaxili istehsal və ixracı stimullaşdırır. Lakin zəif valyuta əhalinin alıcılıq qabiliyyətini azaldır. Bu iki amil arasında da qızıl orta tapılmalıdır”.

Rüfət NADİROĞLU