Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyəti artır

9 İyun 2017 11:30 (UTC+04:00)

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacağına ümid etdiyimiz yeni sazişdə geniş çeşidli fəaliyyət sahələri bir araya gələcək – deyə, Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard 3-cü Aİ-Azərbaycan biznes forumunda çıxışı zamanı bildirib. O deyib ki, hazırda tərəflər Əməkdaşlıq və Tərəfdaşlıq sazişi əsasında əməkdaşlıq edir: “Lakin bu saziş imzalanandan sonra çox hadisə baş verib. Biz bir araya gəlib yeni hüquqi çərçivənin yaranması istiqamətində iş aparmalıyıq. Bu saziş yeni imkanlardan maksimum yararlanmağa imkan verəcək. İqtisadi əməkdaşlıq da sazişdə əksini tapacaq. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanda xarici investisiyanın 50 faizi Aİ ölkələrinin payına düşür. Aİ Azərbaycanla qeyri-neft sektoru sahəsində tərəfdaş olmaq istəyir. Biz Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün mühüm islahatların aparıldığını görürük”.

Biznes-forumda iştirak edən Avropa Ittifaqının Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit isə deyib: “2017-ci ildə Avropa İttifaqı Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək üzrə yeni proqram həyata keçirəcək”. L.Meredit Aİ-nin Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Azərbaycan daim inkişafa meyilli olan ölkələrdəndir. Avropa İttifaqı yalnız Bakı ilə yox Azərbaycanın regionları ilə də proqramlar həyata keçirmək niyyətindədir. Buna kənd təsərrüfatının inkişafı ilə bağlı proqramlar daxildir. O həmçinin qeyd edib ki, Aİ Şərq Qonşuluğu ölkələri ilə yanaşı, Azərbaycanla da biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər görür. 
Çıxışların məzmunundan açıq görünür ki, Avropa İttifaqının Azərbaycanla əlaqələrin inkişafına marağı böyükdür. Bu maraq nəyə əsaslanır? 
Bu gün Azərbaycan inkişaf səviyyəsinə görə regionda birinci olmaqla yanaşı, dünyada bir çox ölkələri üstələyir. İqtisadi yüksəliş qarşılıqlı münasibətlərdə həmişə öndə gəlir və bütün digər meyarların kökündə dayanır. Bu mənada Azərbaycan həm dövlət kimi, həm də coğrafi mövqeyinə görə Avropanın geostrateji maraqlarını özünə cəzb edir. Aİ-nin enerji daşıyıcılarına yüksək tələbatı var və ildən-ilə bu tələb artır. Azərbaycanın neft-qaz ehtiyatlarına İttifaqın ehtiyacı böyükdür. Bundan əlavə, ölkəmiz zəngin karbohidrogen ehtiyatlarına malik Orta Asiyaya gedən ən sərfəli və təhlükəsiz yolun üzərində yerləşir. Bu yolun strateji əhəmiyyəti də yüksəkdir, çünki bir çox ölkələrdən keçdiyindən hansısa dövlətin monopoliyasına çevrilmək risqi yoxdur. Məsələn, Rusiyadan külli-miqdarda neft və qaz idxal edən Aİ ölkələri hazırda bu istiqamətdə ciddi çətinliklərlə üz-üzədirlər. Ona görə ki, Rusiya iqtisadi və siyasi səhnədə “qaz monopolisti” rolunda çıxış edir. Belə bir məqamda Azərbaycan alternativ marşrut qismində əvəzedilməz mənbəyə çevrilib. Bu mənada Aİ-nin Azərbaycana geostrateji marağı tamamilə məntiqidir.
Amma digər səbəblər də kifayət qədərdir. Hazırda Azərbaycanda dayanıqlı inkişafı təmin etmək, habelə xarici mənfi iqtisadi təsirlərin qarşısını almaq üçün islahatlar davam edir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, Stateji Yol Xəritələri və digər müxtəlif proqramlar ölkənin irəlilədiyi yolun konturlarını təyin edir. Son zamanlar həyata keçirilən kompleks islahatlar qeyri-neft sektorunun inkişafını sürətləndirib, biznes mühitini yaxşılaşdırıb, sahibkarlığı genişləndirib, qeyri-neft ixracını artırıb. İslahatlar çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyaların sayı kəskin azaldılıb, inzibati prosedurlar sadələşdirilib, elektron xidmətlər, sahibkarlığın inkişafına dəstək mexanizmləri genişləndirilib və s. Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına indiyədək 800 mln. dollar investisiya qoyulub, sahibkarlara 154 investisiya təşviqi sənədi verilib. Nəticədə iqtisadiyyata 1,5 mlrd. manat investisiya qoyulub. Bu ilin 4 ayında ölkədən keçmiş tranzit yüklərin həcmi 23% artıb. Artıq Azərbaycanın Rusiya, Çin və BƏƏ-yə ticarət nümayəndələri təyin olunub. Avropa İttifaqı ölkələrinə də Azərbaycanın ticarət nümayəndələrinin təyin olunması nəzərdə tutulur. Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2016-cı ildə Aİ-nin Azərbaycanın xarici ticarətindəki payı 35%, 2017-ci ilin 4 ayında isə 38% təşkil edib. Son 10 ildə Avropa İttifaqı Azərbaycanda əsas kapitala təqribən 20 mlrd. ABŞ dolları investisiya yatırıb. Azərbaycanda 1300-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qorunması sazişləri, 7 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 13 üzv ölkə ilə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Avropa İttifaqının bir sıra ölkələri ilə Azərbaycan arasında ticarət palataları mövcuddur. Son 5 ildə Avropa İttifaqına üzv ölkələrlə 123 biznes forum və digər tədbirlər keçirilib. Bütün bu iqtisadi amillər Aİ-nin Azərbaycanda möhkəmlənməsini stimullaşdırır.

N.NOVRUZ