İslam ölkələri arasında Azərbaycanın vasitəçilyinə ehtiyac artır

10 İyun 2017 11:30 (UTC+04:00)

Qətər ətrafında qalmaqal böyüyür. Eyni zamanda paralel olaraq digər İslam dövlətində-İranda terror hadisələrinin baş verməsi, İranla Səudiyyə Ərəbistanı arasında ziddiyyətlərin daha da dərinləşməsi vəziyyəti kəslinləşdirib. Belə görünür ki, İslam dünyasıın yenidən qana boyamağa çalışanlar var. Bunun  qarşısı  necə alına bilər? 

Hadisələr gözlənilməz sürətlə inkişaf edir. Açıq-aşkar görünür ki, bu, əvvəlcədən planlaşdırılmış fəaliyyət proqramıdır. İki milyonluq Qətərin üzərinə 80 milyonluq əhaliyə malik dövlətlər gəlir. Söhbət terrorçuluğun müdafiəsindən və onun maliyyələşdirilməsindən gedir. Qətər varlı dövlətdir. Buna görə hər hansı vaqiənin maliyyəsini ödəmək imkanı var. Ancaq supergüclərin “mübarizə” apardığı İŞİD, «Əl-Qaidə» kimi terror təşkilatlarının Qətərə sığınması məsələsi absurd sayılmalıdır. Düzdür, Qətər hansısa mənada bu təşkilatlarla bilvasitə əlaqədə ola bilər. Amma onun birbaşa əlaqəsi haqqında danışmağına dəyməz. Əvəzində isə Qətərin var-dövlətinə çox dövlətin göz dikdiyini söyləmək daha məntiqli görünər. Ancaq məsələ burasındadır ki, bu işi düzüb qoşanlar pərdə arxasındadır. Üzdə olanlar isə İslam dünyasının mərkəzində yerləşənlərdir. 
Qətərin coğrafi mövqeyi Körfəz ölkələri arasında çox əlverişlidir. Ölkə ərazisi əslində, adaya bənzəyir. Burada hərbi bazaya malik olmaq həm Körfəz ölkələrini, həm İranı, həmdə Hind okeanını tam nəzarətdə saxlamaq imkanı deməkdir. Hazırkı Yaxın Şərq böhranının miqyasını genişləndirmək də bu coğrafiyadan daha asan olar. Buna görə də irəli sürülən ittihamların arxasında gizlənmiş əsl niyyət sonralar aydın olacaq. Amma bütün hallarda vəziyyət çox ziddiyyətlidir. 
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya elə də güclü deyil. Aydın məsələdir ki, bu qüvvələri ortaya atan daha güclü dövlətlərdir. Məqsədin aydın olmaması regionun daha güclü dövlətlərini və iri İslam dövlətlərini də narahat edib. Bu səbəbdən Türkiyə, İran və Pakistan köməksiz Qətərə yardım əllərini uzadıblar. Ola bilsin, Əfqanıstan, İndoneziya və daha bir neçə iri dövlət Qətərin köməyinə gəlsin.
Qalmaqalın bugünkü mənzərəsi belədir. Ancaq bundan da qorxulusu baş vermiş hadisənin İslam dünyasını iki cəbhəyə bölməsidir. Həmrəylik haqqında Bakının göstərdiyi ciddi səylərin üstündən bir ay keçməmiş beynəlxalq miqyasda belə bir qovğanın başlaması yolverilməzdir. Axı, Qətər dünya siyasətinin orbitində yerləşən və ona hərtərəfli təsir imkanlarına malik olan dövlət deyil. Üstəlik, ölkə rəhbərliyi ona yönəlmiş ittihamları qəbul etmir. Buna görə də məsələni qəlizləşdirmək əvəzinə danışıqlar stolu arxasında müzakirəyə çıxarmaq daha ağıllı siyasət olmazmı?! Əlbəttə ki, olar, sadəcə, buna cəhd eləmək, vasitəçilik missiyasını üzərinə götürmək lazımdır. Türkiyənin tərəfləri müzakirəyə çağırması bu istiqamətdə atılan ilk addımdır. Eyni zamanda digər dövlətlərin, o cümlədən müsəlman ölkələrinin həmrəyliyinin vacibliyini irəli sürən Azərbaycanın bu işdə rol alması heç də faydasız olmazdı. Azərbaycanın bu yaxınlarda ABI-Ərəb-İslam sammitində iştirakı, koalisiyanın başında duran Səudiyyə Ərəbistanı və Qətərlə xoş münasibətlər saxlamasına rəğmən ona bu missiyada uğur gətirə bilər. Düşünürük ki, bu addımı atacaq hər hansı dövləti digərləri alqışlayacaq. Xarici siyasətində daim sülh və əmin-amanlığı əsas xətt kimi götürən Azərbaycanın növbəti vasitəçilik missiyası da hamı tərəfindən təqdir olunardı. 
N.NOVRUZ