Sumqayıtda aşkarlanan virusun adı açıqlandı

12 İyun 2017 13:32 (UTC+04:00)

Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə "Rota" virusu (Rotavirus) infeksiyası aşkar edilib.

Son dörd gün ərzində 136 uşaqda bu infeksiya aşkarlanıb.

Nazirlikdən verilən məlumada bildirilib ki, hazırda 46 uşağın stasionar müalicəsi davam etdirilir: "Onların vəziyyətləri kafidir və yaxın vaxtda evə yazılacaqlar. İnfeksiya baş vermiş ərazidə tibbi-profilaktik tədbirlər və əhali arasında sanitariya-maarifi işləri davam etdirilir".

Qeyd edək ki, "Rota" virusu fəsil dəyişkənliyi ilə əlaqədardır, xüsusilə uşaqlarda, immuniteti zəif olan insanlarda bu xəstəliyə rast gəlinir. "Rota" virusu 48 saatdan az davam edən qızdırma, qusma ilə başlayır. Sulu, əsasən pis qoxu gələn qansız ishal bu əlamətlərə aiddir. Südəmər uşaqlarda qusma, ishal bədəndə suyun azalmasına gətirib çıxarır. İmmuniteti zəif olan insanlarda xəstəlik uzunmüddətli və ağır olur. Bu xəstəlik 5-10 gün müddətində davam edir. Gigiyenik tədbirlər (əlin yuyulması, suyu qaynadaraq içmək) xəstəliyin qarşısını alır.