Naxçıvanın basılmaz qalası-Düşmənlə 500 metr üz-üzə-REPORTAJ

12 İyun 2017 16:02 (UTC+04:00)

Naxçıvana səfərimizin ikinci günündə gedəcəyimiz ünvan Muxtar Respublikanın “Qeyrət Qalası”nadır. Yəqin ki, söhbətin Sədərək rayonundan bəhs etdiyini çoxunuz anladınız... 1990-1993-cü illərdə dəfələrlə erməni silahlı birləşmələri tərəfindən hücumlara məruz qalan bu rayon, düşmənə sinə gərməyi, öz mətinliyi, cəsurluğu ilə düşmənin gözünə qorxu salmağı bacarmışdı. Düşməndən müdafiə üçün 100-dən şəhid verən Sədərəyin vaxtı ilə döyüş meydanına çevrilmiş dağlarını görmək üçün hər birimiz tələsirdik...

Budur artıq göstərdiyi şücaətlə Azərbaycan tarixinin şanlı səhifələrinə qəhrəmanlıq rəmzi kimi həkk olunan Sədərək rayonunun mərkəzində, Heydərabad qəsəbəsindəyik.
Qeyd edim ki, Sədərək Azərbaycanla müharibə vəziyyətində olan işğalçı bir ölkə ilə sərhəddə yerləşir. 1990-cı ildə Şərur rayonunun tərkibindən ayrılaraq rayon statusu alan Sədərək,  cənub-qərbdən Türkiyə Cümhuriyyəti ilə, şimal-qərbdən işğalçı Ermənistanla  həmsərhəddir. Səfər etdiyimiz Heydərabad qəsəbəsini isə hava xətti ilə düşmən mövqeyindən 500 metr məsafə ayırır. Buraya çatmamış gözümün önündə sərhəddə yerləşən ucqar dağ kəndi canlansa da, qəsəbəyə çatdıqda tamamilə fərqli mənzərə ilə qarşılaşdıq. Nizamla inşa edilmiş evlər, səliqəli, təmiz küçələr, adına layiq abad bir qəsəbə... 
Xatırladım ki, Heydərabad qəsəbəsi ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan ilk yaşayış məntəqəsidir. Burada qonaqlarla görüşən Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov Heydərabad qəsəbəsinin 1990-cu ildən döyüş meydanına çevrildiyini, 1992-ci ildən sakinlərin öz evlərindən köçürüldüyünü söylədi: " Sakinlər atəşkəsdən sonra öz evlərinə qayıtsa da,  yaşayış binaları bərbad vəziyyətdə idi. Buna görə də, qəsəbə 2010-cu ildən tam yenidən qurulub. 84 yeni yaşayış mənzili tikilərək və yenidən bərpa edilərək sakinlərin istifadəsinə verilib. Hazırda qəsəbədə 450 sakin yaşayır. Atəşkəs ara-sıra düşmən tərəfindən pozulsa da, sakinlər öz evlərini tərk etmirlər. Qəsəbədə həyat öz axını ilə davam edir".  

Burada Sədərək rayon İcra Hakimiyyətinin ərazi İdarəetmə və yerli özünüidarəetmə  şöbəsinin müdiri Hüseyn müəllimlə söhbətləşib qəsəbə barədə daha çox məlumat əldə etməyə çalışırıq. Hüseyn Hüseynli ilə söhbət zamanı öyrənirik ki, indi bizim gördüyümüz abad qəsəbədə 1990-cu ildə qızğın döyüşlər gedib: “Öncə qeyd edim ki, Heydərabad qəsəbəsinin Azərbaycan tarixində çox mühüm yeri var. İndi gördüyünüz bu səliqəli küçələr 1990-1993-cü illərdə döyüş meydanı idi. Evlərin çoxu dağılmışdı, Sədərəyin müdafiəsi uğrunda qızğın döyüşlər gedirdi. Buna baxmayaraq Sədərək camaatı düşmənə məğlub olmur, öz torpaqlarının müdafiəsi uğrunda düşmənə sinə gərərək mətin dayanmışdı. Çox adam öz evini tərk etmirdi.  1992- cil ilin may ayında qəsəbədəki evlərdən sakinlər çıxardıldı, qəsəbə boşaldıldı. Atəşkəsdən sonra camaat yenidən öz evinə döndü. Bu gün gördüyünüz səliqəli tikililəri 1990-cı illərdə top mərmilərindən dağılan, zərər çəkən evlər əvəzləyirdi. 2010-cu ildən isə qəsəbə tam yenidən quruldu. Hazırda qəsəbədə 84 yeni yaşayış mənzili tikilərək, eləcə də  yenidən bərpa edilərək sakinlərin istifadəsinə verilib”. 
Şöbə müdiri qəsəbədə müasir görünüşlü məktəb və  baxçanın fəaliyyət göstərdiyini, uşaqların təhsili üçün sərhəddə yerləşən bu qəsəbədə hər şəraitin yaradıldığını söylədi: “ Son illər Heydərabad qəsəbəsində yaradılan müasir ifrastruktur yeni iş yerlərinin açılmasına, insanların məşğulluğunun təmin olunmasına və məskunlamanın artmasına imkan veribdir”.
Qəsəbədən düşmən mövqeyi görünsə də, burada əhali təlaş keçirmədən,  rahat şəkildə öz həyatını yaşayır. Heydərabad qəsəbəsində olarkən həmsöhbət olduğumuz kənd sakinləri də, burada həyatın öz axarı ilə davam etdiyini bildirdilər. “Uşaqlarımızın  həyatı üçün qorxumuz yoxdur. Çünki, düşmənlə üz-üzə dayanıb bizi qoruyan mətin əsgərlərimiz var. Biz öz ordumuza güvənərək rahat şəkildə həyat sürürük”.
Sədərək rayon Tarix, Diyarşunaslıq Muzeyində olan qonaqlar burada yeraltı qazıntılar zamanı aşkarlanan eksponatlarla tanış oldular. Sədərək rayon, tarix diyarşunaslıq muzeyinin fond mühafizi müdiri Novruz Əliyev KİV rəhbərlərinə muzeydəki eksponatlar barədə geniş məlumat verərək, muzeyə tapıntıların bu yurdda qədimdən məskən salan insanların həyatından, yaşam tərzindən xəbər verdiyini söyləyib. Muzeylə tanışlıqdan sonra Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına təşkil olunan səfərə qatılan KİV rəhbərləri qəsəbəni gəzərək buradakı abadlığa, səliqəyə heyranlıqlarını  ifadə etdilər. KİV rəhbərləri qəsəbədə yeni inşa olunan 48 mənzilli çoxmərtəbəli yaşayış binasında aparılan tikinti işlərinin gedişatı ilə tanış olublar. Baş redaktorlar qəsəbədəki hərbi hissəyə də səfər ediblər. Burada düşmənlə üz-üzə dayanıb sərhədi qoruyan əsgərlərlə görüşən qonaqlar Sədərək kənd 1 saylı tam orta məktəbində oldular. KİV rəhbərləri Sədərək kənd 1 saylı tam orta məktəbinin rəhbərliyi ilə görüşüblər. Məktəbin direktoru Gülnarə Hüseynova məktəb barədə qonaqlara məlumat verərək təhsil ocağının 2014-cü ilin yanvar ayından istifadəyə verildiyini bildirib:"Kənd məktəbi 810 yerlikdir. Hazırda məktəbdə 726 şagird təhsil alır. Ötən il məktəbimizin məzunu olan 45 nəfərdən 32-i ali məktəblərə sənəd verib. Onlardan 15 nəfəri ali məktəbə qəbul olunub. Bu il isə məktəbin 38 məzunu olub. Onlardan 25-i ali məktəbə sənəd verib. Qəbul imtahanlarının birinci mərhələsində 2 abituriyentimiz 500-dən çox bal toplayıb".
Burada şagirdlərlə həmsöhbət olduqca bu torpağın ən kiçik sakinin belə düşmənlə üz-üzə dayanmaqdan qorxmadığı, düşmənə meydan oxumağa hazır olduğunun bir daha şahidi olduq. Beləcə əyilməzlik simvolu kimi tariximizin şanlı səhifələrinə həkk olunan Sədərək rayonu ilə tanışlıq başa çatdı. Biz buradan getsək də, Sədərək öz inkişafı, müasir görünüş ilə düşmənə göz dağı verməkdə idi. Öz mövqeylərindən Sədərəyin inkişafını, abadlığını, qorxmazlığını görən düşmən isə çətin ki, bir də bu yerlərə sahiblənmək iddiasına düşə. Çünki, artıq Sədərək alınmaz qala kimi düşməni sındıra, ona qalib gəlməyi bacarmışdı…
Qəhrəman rayondan çıxıb Şərur rayonuna doğru istiqamət alırıq. Bu səfərlə bağlı isə növbəti sayımızda...
Ardı var...

Zülfiyyə QULUYEVA 

Bakı-Naxçıvan-Bakı