YAP Masallı rayon təşkilatının IX konfransı

12 İyun 2017 17:13 (UTC+04:00)

 İyunun 8-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının IX konfransı keçirilmişdir.
Konfrans iştirakçıları partiyanın yaradıcısı, ulu öndər, dünya şöhrətli siyasətçi Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. 
Rayon Mədəniyyət Mərkəzində YAP Siyasi Şurasının və Mərkəzi Aparatının məsul nümayəndələrinin, Milli Məclisin deputatlarının, rayon rəhbərliyinin, qurumun  105 ərazi təşkilatından seçilmiş 207 partiya üzvünün iştirakı ilə keçirilən konfransda öncə partiyanın keçdiyi inkişaf yolundan bəhs edən videoçarx göstərilib. Sonra Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, YAP-ın banisi ümummilli lider Heydər Əliyev və həyatdan köçən partiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təşkilatın sədri Seyfəddin Əliyevin hesabat məruzəsində qurumun ötən konfransdan keçən dövrdəki fəaliyyəti geniş təhlil edilib, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, rayon təşkilatı VIII konfransdan keçən müddət ərzində daha da təşkilatlanıb, ictimaiyyət arasında kütləviliyi artıb, rayonun ictimai-siyasi, mədəni və təsərrüfat həyatında aparıcı qüvvəyə çevrilib. Rayon təşkilatının hazırda 11 min 83 nəfər üzvü var. Onlardan 3126 nəfərini gənc, 3221-ni isə qadınlar təşkil edir. Hesabat dövründə YAP sıralarına 3449 nəfər qəbul olunub.
Məruzəçi demişdir: Hesabat dövrü partiyamız və onun rəhbərləri ilə əlaqədar baş vermiş əlamətdar hadisələrlə zəngin olmuşdur. Belə ki, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva möhtərəm Prezidentimizin fərmanı ilə Birinci vitse -prezident təyin olunmuşdur. Bu hadisə yerlərdə istər sıravi vətəndaşlar, istərsə də partiya üzvlərimiz tərəfindən rəğbətlə qarşılanmış və Yeni Azərbaycan Partiyasının nüfuzunun daha da güclənməsinə səbəb olmuşdur.
Yeni Azərbaycan Partiyasının avanqard qüvvələrindən olan Masallı rayon təşkilatının üzvləri də ötən dövr ərzində rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak edib, aparılan abadlıq-quruculuq işlərində fəallıq göstərmişlər. Rayon təşkilatı konfranslararası dövr ərzində öz fəaliyyətini partiyanın Nizamnaməsi və Proqram müddəalarının, Yeni Azərbaycan Partiyasının qurultaylarının qərarlarının, icra katibliyinin tapşırıq və tövsiyələrinin rəhbər tutulması əsasında həyata keçirmişdir.
Natiq qeyd etmişdir ki, 2016-cı il rayonumuz üçün çox yadda qalan olmuşdur. Xüsusilə də ölkə başçısının Masallıya səfəri hər birimizin böyük sevincinə səbəb olmuşdur. Belə ki, 3 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonunda səfərdə olmuş və bir sıra sosial-mədəni obyektlərin açılışında iştirak etmişdir. “ASAN Həyat” kompleksi, Bayraq meydanı və Dövlət rəmzləri Muzeyi, Uşaq İncəsənət Məktəbi, Tarix-Diyarşünaslıq muzeyi, Masallı şəhərinin içməli su təchizatı layihəsi cənab Prezidentin iştirakı ilə açılaraq istifadəyə verilmişdir. 
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının üzvləri keçirilən bütün seçkilərədə partiyanın möhtəşəm və inamlı qələbə qazanmasında fəallıq nümayiş etdiriblər.
Təşkilatımız partiya işinin müxtəlif sahələrinə aid vacib saydığı məsələlərin rayon təşkilatının Şura və İdarə heyətinin iclaslarında müzakirə olunmasını təmin etmişdir.  
Rayon təşkilatımız ulu öndər Heydər Əliyevin yaratdığı və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədri olduğu  Yeni Azərbaycan Partiyasının nüfuzunun daha da artması, siyasi proseslərin önündə getməsi, bütün ilk partiya təşkilatlarının fəaliyyətinin daha da yaxşılaşdırılması, YAP üzvlərinin siyasi fəallığının artırılması üçün bundan sonra da lazım olan bütün tədbirləri görəcək, partiyanın qurultay qərarlarından, Əsasnamə və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsində, sosial-iqtisadi inkişaf proqramlarının icra olunmasında yaxından iştirak etməkdən ötrü ictimai-siyasi fəallıq nümayiş etdirərək partiya rəhbərliyinə yaxından dəstək olacaq, təşkilatçılıq və siyasi işi daha da gücləndirərək, Azərbaycan Respublikasının Prezidenti, partiyamızın sədri cənab İlham Əliyevin ətrafında daha da sıx birləşəcəkdir.
Konfransda çıxış edən Masallı RİH başçısı Rafil Hüseynov göstərmişdir ki,  tarixi zəruriyyətdən yaranan Yeni Azərbaycan Partiyası ilk gündən müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması ilə baglı əsas rolu öz üzərinə götürmüşdür.
Yeni Azərbaycan Partiyasının ön sıralarında gedən Masallı təşkilatı rayonun ictimai-siyasi həyatında fəal iştirakını nəzərdə tutub. Sözçü qeyd etmişdir ki, Masallıda YAP-ın dayağı möhkəmdir. 
Rayonda gedən geniş abadlıq-quruculuq işlərindən bəhs edən R.Hüseynov bu böyük işlərə dəstək verən ölkə rəhbərinə bir sıra infrastruktur layihələrin həyata keçirilməsinə görə minnətdarlıq etmişdir. 
Sonra konfransda təşkilatın nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.
Daha sonra konfransda çıxış edən Milli Məclisin deputatları Hadi Rəcəbli, İbrahim Yusifzadə, YAP siyasi şurasının üzvü Vüqar Rəhimzadə, Masallı Ziyalıları İB-nin sədri Qardaş Fətullayev, YAP rayon təşkilatı qadınlar şurasının sədr müavini Əntiqə Tağıyeva, Ərkivan 3nömrəli tam orta məktəbinin müəllimi Sübhan Şiriyev partiyanın keçdiyi inkişaf yolundan, respublikanın həyatında oynadığı roldan, ulu öndər Heydər Əliyevin dövlətçilik naminə fəaliyyətindən, Prezident  İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan danışıblar. 
Konfransda təşkilati məsələlərə də baxılıb.
Seyfəddin Əliyev yenidən YAP rayon təşkilatının sədri, Səfalı Paşayev, Aygün Quliyeva müavinləri seçilmişlər. 
Təşkilatın 55 nəfərdən ibarət şura, 15 nəfərdən ibarət idarə heyətinin üzvü, 7 nəfərdən ibarət nəzarət-təftiş qrupunun tərkibi seçilmişdir. 
Konfransın işində Milli Məclisin Deputatı Nəriman Əliyev və YAP Mərkəzi Aparatının  məsul işçisi Məcid Əhmədov iştirak etmişdir. 
 

Əlihüseyn ŞÜKÜROV