Avropa Ittifaqı Azərbaycanla əməkdaşlığı genişləndirir

13 İyun 2017 07:22 (UTC+04:00)

Xəbər verildiyi kimi, iyunun 8-də Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkil etdiyi biznes-forum keçirilib. Tədbiri giriş sözü ilə açan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, bu biznes-foruma böyük maraq var: "Məndə olan məlumata görə, tədbirə 400 iş adamı qatılıb. Bunun 100-ü Aİ ölkələrindən, 300-ü isə Azərbaycandandır. Forumun keçirilməsində məqsəd biznes əlaqələrinin gücləndirilməsidir. Aİ ilə münasibətlərin inkişafı prioritetlərimizdəndir”.

Nazir xatırladıb ki, Aİ Azərbaycanın əsas ticari tərəfdaşıdır: "Ötən il Avropa İttifaqının Azərbaycanın xarici ticarət dövriyyəsində payı 35% təşkil edib. 2017-ci ilin yanvar-aprel ayları ərzində isə bu göstərici 38%-ə yüksəlib. Son 10 ildə Azərbaycanda əsas kapitala yatırılan vəsaitin 46%-i və ya 20 mlrd dolları Avropa İttifaqının payına düşür”. 
Tədbirdə çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard Aİ-nın Azərbaycanla qeyri-neft sektoru sahədə vacib tərəfdaş olmaq istəyini diqqətə çatdırıb: “Bununla əlaqədar ölkədə bu istiqamətdə islahatların aparılmasına köməklik etməyi planlaşdırır: “Viza rejiminin sadələşdirilməsi, elektron vizanın tətbiqi münasibətlərin inkişafına kömək edəcək”.
Ekspertlərin sözlərinə görə, biznes-forum tərəflərin iqtisadi müstəvidə əlaqələri genişləndirməyə hazırlaşdığını göstərir. 
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirdi ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa həmişə böyük önəm verib: “Çünki, Azərbaycanın Cənubi Qafqaz regionununun lider dövlətidir. Azərbaycan özünün enerji resursları, iqtisadi və hərbi poitensialından dolayı coğrafi yerləşməsi ilə kifayət qədər əhəmiyyətli bir mövqeyə malikdir. Qərblə Şərq arasında ticarət əlaqələrinin Azərbaycan üzərindən aparılması iqtisadi cəhətdən hər iki tərəf üçün çox önəmlidir. Elə bu səbəbdəndir ki, Azərbaycan üzərindən qədim İpək Yolunun bərpasında Avropa ölkələri maraqlıdırlar. Bundan heç də az əhəmiyyət kəsb etməyən daha mühüm bir məsələ isə Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində Azərbaycanın iştirakıdır. İndi AB ölkələri ilə iqtisadi əlaqələrin hərtərəfli inkişafı üçün geniş bir meydan yaranır. Azərbaycan qeyri-neft sektorunun sürətli inkişafını təmin edə biləcək çox ciddi addımlar atır. Bu səbəbdən yaxın gələcəkdə qeyri-neft sektorundan ixracın həcminin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Belə olan halda məhsullarımızın bizim üçün ən önəmli bazarlardan biri olan Avropa ölkələrinin bazarında daha geniş bir şəkildə təmsil edilməsi imkanları yaranacaq. İndi biz Avropaya  ekoloji cəhətdən təmiz olan meyvə-tərəvəz məhsulları və digər ərzaq məhsulları  çıxarmaqla bu bazarda öz yerimizi möhkəmləndirə bilərik. Bunun üçün bütün imkanlar mövcuddur. Bu yolla yaxın gələcəkdə Avropa bazarlarında Azərbaycan brendi öz nüfuzunu tam formalaşdıra bilər. 
Bu günlərdə Bakıda keçirilən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkil etdiyi biznes-forumda ikitərəfli iqtisadi əlaqələrin perspektivləri geniş müzakirə olundu. Azərbaycanın xarici iqtisadi əlaqələrində Avropanın xüsusi yerinin olduğu qeyd edildi. Ötən il Avropa İttifaqının Azərbaycanın xarici ticarət dövriyyəsində payı 35% təşkil edib. 2017-ci ilin yanvar-aprel ayları ərzində isə bu göstərici 38%-ə yüksəlib. Son 10 ildə Azərbaycanda əsas kapitala yatırılan vəsaitin 46%-i və ya 20 mlrd dolları Avropa İttifaqının payına düşmüşdü. Bütün bu reallıqlar yaxın gələcəkdə tərəflərin biznes əlaqələrinin daha da genişləndirilməsinə yol açır”.

Mübariz BAYRAMOV