Müəyyən dairələr Tehranla Bakı arasındakı münasibətlərə zərbə vurmaq istəyir

13 İyun 2017 09:38 (UTC+04:00)

Ekstremist-faşist Eduard Limonov Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və ermənilər onu təmas xəttinə aparıblar, Qarabağın müxtəlif yerlərini gəzdiriblər. Məqsəd özünün dediyi kimi “türklərə nifrət edən” bu ekstremistin köməyi ilə təbliğat qurmaqdır. Azərbaycan XİN artıq Limonovun adını “qara siyahı”ya salıb. Limonovun səfər qeydlərində bir detal diqqəti xüsusilə cəlb edir: Qarabağda, Azərbaycanın işğal altındakı ərazilərində o tərəf-bu tərəfə hərəkət edən İran TIR-ları.

Limonov növbəti səfər qeydlərində də bu detala diqqət çəkib. Ağdərə istiqamətində gedəndə qarşısında tez-tez sarı nömrəli İran TIR-ları çıxıb. “Bu “fura”lar nə daşıyır?”-rusiyalı ekstremist onu müşayiət edən ermənidən soruşub. “Hər şey”-erməni cavab verib. 
Bu hal bir daha təsdiq edir ki, İran hələ də işğalçı Ermənistan bir yana, hətta separatçı rejimlə belə əlaqələr qurmaqda davam edir. Halbuki, özünü müsəlman dünyasının aparıcı dövləti qismində görən Tehran bu fonda işğala məruz qalan din qardaşlarının yanında olmalı idi. 
Onu da qeyd edək ki, İran birinci dəfə deyil separatçılara yardım edir. Dəfələrlə faktlarla göstərilib ki, İrandan Ermənistana, həmçinin işğal altında olan Azərbaycan torpaqlarına müxtəlif yardımlar edib və etməkdə davam edir. 
Nədən İran hələ də Azərbaycan ərazilərini işğal edən Ermənistan, eyni zamanda İrəvanın Dağlıq Qarabağda yaratdığı separatçı rejimlə işbirliyinə son qoymur? 
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, müəyyən qüvvələr bu kimi informasiyalarla Tehranla Bakı arasında münasibətlərə xələl gətirməyə çalışırlar: “Öncə onu qeyd edim ki, işğal altında olan Dağlıq Qarabağa edilən istənilən səfər artlıq qanun pozuntusudur. Azərbaycan dövlətinin də bu məsələdə qətiyyətli mövqeyi var. Belə bir addıma gedən insanlar arzuolunmaz şəxslər, yəni porsona non-qranta siyahısına əlavə edilir. Belədə onların Azərbaycana gəlişinə qadağa qoyulur. Eduard Limonovun özünün səfəri qeyri-qanunidir. Buna görə də o məsuliyyət daşıyır. Təbii ki, bundan sonra onun Azərbaycana gəlməsi müşkül məsələyə çevrilə bilər. Ümumiyyətlə, neofaşizm yolunu tutan bu kimi insanların Azərbaycana gəlişi yolverilməzdir. Qanun pozuntusuna yol verən və özü özü üçün persona non-qrata statusu qazanmış Limonovun İran TIR-larının Dağlıq Qarabağa yük daşıdığı barədə dediyi fikirlərə gəldikdə, həmin fakir təbii ki, düşünməyə əsas verən məsələlərdir. Burada bir qədər ehtiyatlı olmaq lazımdır. Azərbaycan və İran qonşu dövlətlərdir. İki ölkə arasında mehriban qonşuluq münasibətləri vardır. 
Lakin məsələ ondadır ki, İranın özündə də müəyyən siyasi dairələr çalışır ki, Bakı ilə Tehran arasında münasibətlər korlansın. Eyni zamanda Rusiyadakı başıpozuq insanlar da İranla Azərbaycan arasında münasibətlərin korlanmasında maraqlı ola bilərlər. Bu nöqteyi-nəzərdən Limonovun dediyi fakt doğrudan da baş verirsə, artıq məsələ araşdırılması vacib olan və Azərbaycanla İranın dostluq münasibətləri, mehriban qonşuluq siyasətinə uyğun gəlməyən addımdır. Amma eyni zamanda bu informasiyalar dəqiqləşmə tələb edir. Bir mənbə əsasında konkret fakir yürütmək, müvafiq qənaətə gəlmək düzgün olmaz. Çünki bir sıra hallarda bu kimi iddialarla çıxış edən insanlar həmin fakt təsdiqini tapmayanda, “bizə elə gəldi ki, bu belədir” deməklə özlərini sığortalamağa çalışıblar. Hesab edirəm ki, Azərbaycanın müvafiq qurumları İran tərəfilə bu istiqamətdə dəqiqləşdirmələr aparacaq. Müəyyən maraqlı qüvvələr var ki, İranla Azərbaycan arasında olan münasibətlərə xələl gətirməkdə maraqlıdır.  Xüsusilə də islamofob qüvvələr ciddi-cəhdlə çalışır ki, müsəlman dövlətlərinin öz aralarında ixtilaflar yaransın, bir-birinə düşmən gözü ilə baxsınlar. Qətər ətrafında gedən proseslər dediyimi bird aha təsdiqləyir. Ona görə də istənilən informasiyanı qəbul edib, analiz aparıb, müxtəlif mənbələrlə müqayisə edib dəqiqləşdirmək və yalnız bundan sonra dəqiq fakir söyləmək düzgün olardı. Hər halda bu fikir müəyyən düşüncələr üçün əsas verən bir mövqedir”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə də İrandan məsələ ilə bağlı ciddi münasibət gözlədiklərini diqqətə çatdırdı: “İranın Dağlıq Qarabağdakı separatçı rejimlə iş birliyində olması əlbəttə ki, çox ciddi bir məsələdir. Azərbaycanın işğal edilmiş ərazisinə hansısa bir kənar ölkənin yük maşınlarının daxil olması ölkəmizin ərazi bütövlüyünün pozulması deməkdir. Çox istərdim ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələni İran tərəfilə müzakirə etsin. Çünki ortalıqda konkret fakt var. Düzdür, İran tərəfi bildirə bilər ki, həmin maşınlar işğal olunmuş ərazilərə Azərbaycan İran sərhədi vasitəsilə deyil, İrandan Ermənistana və oradan da işğal olunmuş zonaya keçib. Lakin istənilən halda İran tərəfinin məsələni nəzarətə götürməsini istəyirik. Tehranın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, ölkəmizlə dost və qardaş olduğunu həmişə bildirdiyini nəzərə alsaq, bu məsələdə də İrandan həqiqətən də ciddi bir münasibət gözləyirik. Limonovun Qarabağa səfərinə gəldikdə, hesab edirəm ki, bu təxribat üçün təşkil edilmiş bir səfərdir. Limonov Rusiyanın özündə faşist təmayüllü siyasətçi kimi tanınır. Amma bununla belə, o unudur ki, Lapşin də vaxtilə Azərbyacanın ərazi bütövlüyünə şübhə ilə yanaşıb, indi isə təcridxanada saxlanılır. Rusiyada həmçinin Sterliqov deyilən uğursuz biznesmen siyasətçisi də var. O da işğal zonasında biznes quracağı barədə bəyanat vermişdi. Lakin Azərbaycanın Rusiyaya müraciətindən sonra, bu ölkədə saxlanılması və ona sərt təpki göstərilməsi Sterliqovun susmasına səbəb oldu.  Hər halda hesab edirəm ki, Limonovun da Azərbaycan məhkəməsi qarşısında ərazi bütövlüyümüzü pozduğuna görə dayanması heç də uzaqda deyil”.

Rüfət NADİROĞLU