Aqrar universitetdə “tədris ilinin ən yaxşi rektoru” diplomunun təqdimati və reytinq göstəricinə aid yiğincaq olub

13 İyun 2017 10:10 (UTC+04:00)

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “2016/2017-ci tədris ilinin ən yaxşı rektoru” diplomunun təqdimatına və Azərbaycan Universitetlərinin reytinq cədvəlində universitetin 5-ci yer tutmasına həsr olunan yığıncaq keçirilib.

ADAU-nun mətbuat xidmətind'n Movqe.az-a xəbərində deyilib ki, Qafqazın ən böyük təhsil facebook səhifəsi olan “Azərbaycan Universitetləri” səhifəsi 2016/2017-ci tədris ilinin ən yaxşı rektorunu müəyyən edib. Sosial tələbə sorğusu bu dəfə 2 səsvermə əsasında müəyyən edilib. 85.000 istifadəçinin görməli olduğu səsvermədə səslərin 41%-ni ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov toplayıb.  Yığıncaqda rektor sorğunun təşkil edilməsinə görə təşəkkürünü bildirib, deyib ki, dövətimizin qayğısının artması nəticəsində son illərdə ADAU-da maddi-texniki bazanın möhkəmləndirilib, təhsilin keyfiyyəti yüksəlib, tələbələrin və onların valideynlərinin universitetdən məmnunluğunun səviyyəsi artıb. Bütün bunların nəticəsidir ki, istər sosial şəbəkələrdə, istərsə də müvafiq təşkilatlar tərəfindən keçirilən sorğuların nəticələrində universitet ilk yerlərə layiq görülüb. Buna daha bir misal olaraq Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) tərəfindən 2016-ci il üzrə müəyyən edilən  ali məktəblərin reytinq göstəricilərində ADAU-nun ilk sıralarda yer tutmasını da göstərmək olar. Belə ki, qeyd olunan təşkilat tərəfindən nəşr olunan “Azərbaycan Respublikasının ali məktəblərinin reytinqi-2016” adlı kitabda respublikanın 21 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəlinə əsasən universitet 729 balla Gəncə şəhərində yerləşən ali təhsil müəssisələri sırasında 1-ci, respublikada 5-ci yerə layiq görülüb. Reytinq cədvəlində Naxçıvan Dövlət Universiteti 1-ci, Azərbaycan Dövlət İqtisad Universiteti 2-ci, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası 3-cü, Bakı Dövlət Universiteti 4-cü yerdədir. Aparılan reytinq tədqiqatlarının bütün materialları layihənin internet saytında yerləşdirilib (www.rating.edu.az).

Artıq 2-ci dəfədir  qalib olan rektora diplomu təqdim edən səhifənin rəhbəri Zöhrab Süleymanlı İbrahim Cəfərov başda olmaqla universitetin bütün professor-müəllim və tələbə heyətini təbrik edib. O qeyd edib ki, sorğu rektorun mövsüm ərzində aktivliyinə, tələbələr arasındakı nüfuzuna, ali təhsil müəssisəsində tələbələr üçün əsl nümunəvi şərait yaratdığının nəticəsini təsdiq edib və buna görə bu ada layiq görülüb.

Qeyd etmək lazımdır ki, 2014-ci il üzrə müəyyən edilən reytinq göstəricilərində ADAU 658 balla 7-ci yerə layiq görülmüşdü.

Yığıncaqda iştirak edən universitet əməkdaşlarından  Azad Bayramov,  Asif Həsənov və tələbələr çıxış edərək əldə olunan uğur münasibətilə rektoru və kollektivi təbrik ediblər.

ƏLİHÜSEYN ŞÜKÜROV