Arpaçayın sahillərində…

13 İyun 2017 14:56 (UTC+04:00)

Naxçıvana səfərin ikinci günündə Sədərək rayonu ilə tanışlıqdan sonra Şərur rayonuna doğru istiqamət alırıq. Proqrama görə, Şərur rayonunda təhsil və mədəniyyət ocaqlarına səfər günün ikinci yarısına nəzərdə tutulduğundan, vaxt varkən Arpaçayı, məşhur Yaycı Gölünü də seyr edə bildik. Şərur rayonu ərazisində, Arpaçayın qarşısına vurulan bənd sayəsində Yaycı kəndinin aşağısında füsünkar mənzərə yaranıb. Yaycı gölü adlandırılan bu göl öz gözəlliyi ilə bura gələn qonaqları cəlb edir. İsti havada yol gəldikdən sonra Yaycı gölün sahilinə endik. Gölün füsünkar mənzərəsi, sərin havası bizdən başqa Naxçıvana gələn digər qonaqların da diqqətini özünə çəkə bilmişdi. Biz Arpaçay su anbarına çatanda  Yaycı gölün kənarında yerləşən iaşə obyektlərində xeyli sayda qonaq vardı. Yaycı göl restoranında söhbətləşdiyimiz işçilər də bu məkanın Naxçıvana, Şərura gələn qonaqların diqqətini cəlb etdiyini söylədilər. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına təşkil olunan səfərə qatılan KİV rəhbərləri də Yaycı gölün böyük turizm potensialının olduğunu söylədilər.

Gölün ətrafında əsən sərin mehin, füsünkar mənzərənin sehrinə düşməmək mümkün deyildi. Burada bir qədər dincəldikdən sonar “yolçu yolunda gərək” deyib Şərur rayonuna səfərimizi davam etdiririk.  Səliqəli və abad küçələri, müasir tikililəri ilə qonaqlarda yüksək təəsürat oyadan Şərur rayonda ilk üz tutduğumuz məkan  2 saylı tam orta məktəb olur. Kənardan əzəməti və müasirliyi ilə diqqət çəkən təhsil müəssisəsində qonaqları məktəbin direktoru Sevil Hacıyeva qarşılayır. Məktəb direktoru nümayəndə heyyətinə təhsil ocağı ilə bağlı geniş məlumat verərək burada 120 müəllimin çalışdığını bildirdi :" Hazırda məktəbdə 800-ə yaxın şagird təhsil alır. Bizim məktəbdə 1027 şagird yeri var. Ötən il məzun olan 56 şagirddən 35-i ali məktəbə qəbul olub. 8 şagirdimiz isə 500-dən çox bal toplayıb. Bu il məktəbi 43 məzun başa vurur. Onlardan 40 nəfəri ali məktəbə sənəd verib, qəbul imtahanlarının birinci mərhələsində 23 nəfəri ali məktəbi qazanıb, 3 nəfəri 500-600 bal toplayıb".

Məktəbin təməlinin 1986-cı ildə qoyulduğunu söyləyən S. Hacıyeva məktəbin 2015-ci ildə sökülərək yerində 4 mərtəbəli təhsil ocağı inşa edildiyini söyləyib:" Əvvəl məktəbin şagird tutumu az idi. Yeni məktəbimiz geniş olmaqla yanaşı, təhsildə yeniliklərin də tətbiqinə imkan verən müasir sinif otaqları ilə zəngindir".
Qonaqlar 2 saylı məktəbin kitabxanası ilə də tanış olurlar. Daha sonra KİV rəhbərləri  Naxçıvan MR Şərur rayonundakı mədəniyyət müəssisələrindən olan "Bahar" kinoteatrı ilə tanış olublar. Burada qonaqlara məlumat verilir ki, bu mədəniyyət mərkəzində aparılan yenidənqurma işləri ilə əlaqədar bir müddət mərkəz fəaliyyətini müvəqqəti olaraq dayandırmışdı. 

Fəaliyyətini bərpa edəndən sonra mərkəzdə, 264 yerlik tamaşa salonunda əsaslı təmir və yenidənqurma işləri aparılaraq, səsləndirmə-akustika sistemi yaradılıb. Burada ilin bütün fəsillərində tempraturu normal saxlamaq üçün havalandırma sistemi, həmçinin Almaniyadan gətirilmiş müasir səsləndirmə, işıqlandırma avadanlıqları və kinoaparat da quraşdırılıb.Adıçəkilən kinoteatrda filmlərin nümayişindən əlavə mədəni-kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

Qonaqlar Şərurda digər tədris müəssisələrində  də oldular. Şərur rayon Peşə və Sürücülük məktəbində olan media rəhbərlərinə burada tədrislə bağlı geniş məlumat verilib. Məktəbin müdiri Vəfadar Ələkbərov bu günə qədər məktəbə1927 nəfər müdavim qəbul edildiyini, 1739 müdavimin sertifikatla təmin olunduğunu söyləyib. Məktəb direktoru deyib ki, peşə məktəbində əmək bazarında tələbat olan ixtisaslara yiyələnmək imkanı var. O, müdavimlərdən 880 nəfərindən 446-nın işlə təmin olunduğunu deyib. Qonaqlar peşə məktəbini gəzərək burada yaradılan şərait və quraşdırılan avadanlıqlarla da tanış olublar. Peşə məktəbində diqqət çəkən əsas məqam ümüxtəlif peşələrin öyrənilməsi üçün yaradılan hərtərəfli şərait idi. Peşə məktəbində bərbər peşəsinə yiyələnmək istəyənlər üçün xüsusi kabinetlər yaradılmışdı. Burada həm kişi, həm də qadın bərbərlərinin yetişdirilməsi üçün istənilən şərait vardı. Xüsusilə qadın bərbərlərin hazırlandığı otaqda müasir avadanlıqların hər birinə rast gəlmək mümkün idi ki, bu ixtisaslı peşəkar kadrların hazırlanması məqsədi güdürdü.

Buradan sonra Şərur Olimpiya İdman Kompleksində olan nümayəndə heyyətinə mehmanxana barədə məlumat verilib. Qeyd edildi ki, Şərura qonaq gələnlər rayondakı 60 yerlik mehmanxananın xidmətindən istifadə edirlər. Səfər çərçivəsində KİV rəhbərləri rayonda yerləşən Fizika Riyaziyyat Təmayüllü Liseylə də tanış olublar. Qonaqlara məlumat verilir ki, Ali Məclis Sədrinin 14 aprel 2015-ci il tarixli sərəncamı ilə texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması üçün yaradılan yeni tipli təhsil müəssisəsinin – Şərur şəhərindəki fizika-riyaziyyat təmayüllü liseyin fəaliyyəti yaxın və uzaq gələcəyə hesablanıb. Yeni istifadəyə verilən lisey hər biri zirzəmi qatı ilə birlikdə 5 mərtəbədən ibarət tədris və yataqxana binalarından ibarətdir. 380 şagird yerlik tədris binasında 5-i elektron lövhəli olmaqla, 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat otağı, 2 kompüter otağı, kitabxana vardır. Liseydə internetə qoşulmuş 42 kompüter quraşdırılıbdır. Lisey muxtar respublikanın distant təhsil şəbəkəsinə qoşulmuş, 2 mindən artıq elektron dərsliklə təmin edilib  Yaradılan şərait dəqiq fənlərin dərinləşdirilmiş proqram əsasında yüksək tədrisinə imkan verir.
273 yerlik yataqxana binasında 5 və 3 yerlik 87 yataq otağının hər biri zəruri mebel avadanlıqları ilə təchiz olunmuş,  yataqxanada həmçinin istirahət otaqları, həkim və müayinə otaqları, idman zalı, yeməkxana, mətbəx, bərbərxana da vardır. Yaradılan yüksək tədris və məişət şəraiti nəinki muxtar respublika üzrə, eləcə də, ölkənin digər bölgələrindən olan  şagirdlərin bu liseydə oxuması üçün geniş imkanlar açır.
 Daha sonra qonaqlar Şahtaxtı Gömrük İdarəsində rəhbərliklə görüşüblər.  Burada KİV rəhbərlərinə Şahtaxtı Gömrük İdarəsinin yaranması, iş qrafiki ilə bağlı məlumat verilib. Bildirilib ki, Şahtaxtı-Poldəşt körpüsünün tikilməsi ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri idi. O, bu məsələni ilk dəfə 1992-ci ilin mayında Naxçıvana rəsmi səfərə gəlmiş İranın Qərbi Azərbaycan Vilayətinin nümayəndə heyəti qarşısında qaldırmış, 1992-ci ilin avqustunda İrana etdiyi rəsmi səfəri zamanı imzalanan əməkdaşlıq protokolunda Şahtaxtı-Poldəşt müvəqqəti körpüsünün tikilməsi ayrıca bənd kimi öz əksini tapmışdır. Həmin protokolun icrası istiqamətində konkret tədbirlər görülmüş, 1992-ci il dekbrın 3-də Şahtaxtı-Poldəşt müvəqqəti körpüsü¬nün açılışı olmuşdur. Körpünün açılış mərasimində çıxış edən Heydər Əliyev demişdir: “Bu keçid məntəqəsinin açılması İran-Azərbaycan əlaqələrinin genişlənməsinə xidmət edir. Mən arzu edirəm ki, daimi körpünün tikintisi də tezliklə başa çatdırılsın və beləliklə, bizim əlaqələrimiz daha da möhkəmlənsin”.

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il yanvarın 24-də İrana rəsmi səfəri zamanı Şahtaxtı-Poldəşt körpüsünün tikintisi barədə razılıq əldə olunmuş, həmin körpü 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin və İran İslam Respublikasının Baş nazirinin iştirakı ilə istifadəyə verilmişdir. 2007-ci ilin avqustunda Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında “Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqələrinə beynəlxalq statusun verilməsi haqqında Memorandum” imzalanmışdır. Sərhəd-keçid məntəqəsinə beynəlxalq statusun verilməsi, eyni zamanda yeni, müasir körpünün işə salınması məntəqənin buraxılış imkanlarını artırmış, nəqliyyat vasitələrinin hərəkətinə lazımi şərait yaratmışdır. 5,7 hektar ərazini əhatə edən Şahtaxtı sərhəd-keçid kompleksinin tikintisinə 2008-ci ilin martında başlanılmışdır. Qısa müddətdə inzibati bina, yük xətti və köməkçi infrastrukturlardan ibarət mükəmməl bir kompleks formalaşdırılıb. Müasir tələblər səviyyəsində inşa olunmuş inzibati bina üç mərtəbədən ibarətdir.
Qonaqlar Şahtaxtı-Poldəşt körpüsünün üzərindən Araz çayını seyr edərək burada xatirə şəkli çəkdirməklə Naxçıvan səfərinin ikinci gününə yekun vurdular. Sabah isə bizi  Azərbaycanın incisi sayılan Ordubad rayonuna səfər gözləyirdi.  Bu səfərlərlə bağlı isə növbəti sayımızda...
Ardı var...
 

Zülfiyyə QULUYEVA
Bakı-Naxçıvan-Bakı