Qarabağ münaqişəsi NATO-nun da yuxusuna haram qatıb

14 İyun 2017 09:00 (UTC+04:00)

"NATO-ya üzv bütün ölkələr Cənubi Qafqaz regionunda silahlanmanın artmasından narahatdır". Bu sözləri Ermənistanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. O bildirib ki, bu hal siyasi gərginliyə səbəb olur: "Bildiyiniz kimi, NATO-ya üzv iki ölkə - ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləridir. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsipinə sadiqdirlər. Bu sahədə NATO-nun mövqeyi aydındır. Biz gərginliyin azaldılması, hərbi fəaliyyətlərin səviyyəsinin məhdudlaşdırılması və sülh prosesinin aparılmasını istəyirik". 

Bu açıqlamalar fonunda NATO-nun Qarabağ münaqişəsinin həllində fəallığının artırılması mümkündürmü? 
Politoloq Natiq Miri bildirdi ki, Şimali Atlantika Alyansının Qarabağ prosesinin həllində öz fəallığını artıracağını gözləmir: “Bildiyiniz kimi, NATO dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ probleminin həlli məsələsində birbaşa iştirak etmir. Ancaq prinsipial olaraq ATƏT-in Minsk qrupunun bu yöndəki fəaliyyətini dəstəkləyir. 
NATO keçirdiyi müxtəlif sammitlərdə dövlətlər arasındakı münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olduğunu qətnamə, sənəd şəklində dəfələrlə bəyan edib. Bu, NATO-nun prinsipial yanaşmasıdır. Təbii ki, belə bir yanaşma Ermənistanın maraqlarına uyğun bir davranış deyil. Ancaq bütün bəyanat və qəbul etdiyi qətnamələrə rəğmən, NATO Qarabağla bağlı prosesdə iştirak etmir və etməyəcəyini də bəyan edib. Lakin prinsipial olaraq məsələyə yanaşmada təbii ki, sözügedən qurum Qərb ölkələrinin geosiyasi maraqları kontekstində dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. Bu da təbii ki, Rusiyanın son aqressiyasından, Gürcüstan və Ukrayna ərazisinin bir hissəsini işğal etməsindən sonra ortaya çıxdı. Ona görə də NATO bu məsələləri dəfələrlə vurğulayıb və yenə də eyni şeyləri təkrarlamaqda davam edir. 
NATO-nun prosesə müdaxilə edəcəyini də gözləmirəm. Fikir verirsinizsə, NATO hətta ABŞ-ın rəhbərliyilə Suriya prosesində koalisiya formasında iştiraka rəğmən, hələ də birbaşa olaraq bu münaqişədə iştirak etməyib və hərbi yöndə iştirak etməyəcəyini də bəyan edir. Ona görə də düşünürəm ki, NATO-nun Dağlıq Qarabağ məsələsində davranışını da təxminən bu kontekstdə gözləmək lazımdır”. 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da NATO-nun münaqişənin həll olunmasında aktivləşəcəyini zənn etmir: “NATO Parlament Assmbleyası da daima Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrlə çıxış edib. Mümkündür ki, həmin NATO rəsmisi silahlanma ilə bağlı müəyyən fikirlər səsləndirsin. Amma hesab etmirəm ki, o fikrini adını çəkmədən də Azərbaycanın həddən artıq silahlanması formasında desin. Ermənistan mətbuatı sadəcə, deyilən sözləri şişirdərək Azərbaycanın informasiya məkanına göndərirlər. Düşünürəm ki, NATO rəsmisi fərqli fikir deyib, sadəcə, ermənilər onu şişirtməklə Azərbaycan məkanına göndərirlər. NATO rəsmisi yəqin, Bakıya da gələcək və dediyi sözlərə dəqiqlik verəcək. 
Torpaqlarımız işğal altında olduğundan onun azad edilməsi Azərbaycanın haqlı istəyidir. Bütün hallarda NATO-Azərbaycan əməkdaşlığı, NATO-Ermənistan əməkdaşlığını dəfələrlə üstələyir. Bu da Azərbaycan, habelə NATO maraqlarına cavab verir. Amma NATO-nun Qarabağ münaqişəsinin həllində fəallığını artıracağını da düşünmürəm. NATO belə məsələlərdə heç zaman fəal rol oynamayıb. NATO münaqişənin həll edilməsi, danışıqların aparılması ilə məşğul olan qurum deyil. Ona görə də NATO Qarabağ məsələsində rol oynaya bilməz. Heç BMT kimi qurum belə həmin məsələnin həllində önəmli rol oynamır. Ünvan kimi, həmişə ATƏT və həmsədrləri göstərirlər. Həmsədrlər də prosesi irəli aparacaq təkliflərlə çıxış etmirlər.  İndi də bölgəyə səfərə gəliblər ki, ondan da bir irəliləyiş gözləmirəm”. 

Rüfət NADİROĞLU