Nağd puldan istifadə məhdudlaşdırılır

14 İyun 2017 09:14 (UTC+04:00)

Hökumət nağdsız ödənişlərin əhatə dairəsini genişləndirmək üçün bir sıra addımlar atır. Artıq tütün və spirtli içkilərin topdansatışının köçürmə yolu ilə həyata keçirilməsi haqda qərar verilib. Növbəti belə addım isə təhsil haqlarının və turizm agentlərinə ödəmələrin nağdsız qaydada həyata keçirilməsi barədədir. Artıq “Turizm haqqında” qanuna  müvafiq düzəliş Milli Məclisə təqdim olunub və müzakirə edilir. Yeni addımlar fonunda ölkədə nağdsız ödənişlərin həcminin artmasını gözləmək olarmı? 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, nağdsız ödənişlərin həcminin artırılmasına nail olmaq üçün təkcə müəyyən qanunlar qəbul etmək kifayət etmir. Ekspertin fikrincə, prosesdə əsaslı dönüş əldə etmək üçün vətəndaşlar arasında ciddi təşviqedici tədbirlər həyata keçirilməlidir: “Əslində, nağdsız ödənişlərə keçid hər bir ölkədə iqtisadiyyatın şəffaflaşması və vergi ödənişlərinin artmasına nail olmaq üçün əsas amillərdən biridir. Amma nağdsız ödənişlərin həcminin artmasına təkcə bu və ya digər qadağalar yolu ilə nail olmaq düzgün olmazdı. Bu istiqamətdə təşviqedici addımlar da atılmalıdır. 
Bəzi ölkələrdə nağdsız ödənişlərə keçid üçün 5-10, hətta 15 illik bir keçid dövrü olmuşdu. Nəticədə vətəndaşda nağdsız ödənişlər və onlayn alış-veriş  etməyə alışqanlıq yaranmışdı. Azərbaycanda isə təəssüflə qeyd edim ki, əmək haqqı və təqaüdlər karta oturan kimi insanlar vəsaiti nağdlaşdırmağa çalışır. Belədə bankomatların qarşısında növbələr də yaranır. Vətəndaş bankomatdan götürdüyü nağd pulla elə qonşu marketdən alış-veriş edir. Bu mənada nağdsız alış-verişin artırılmasına təkcə qadağalar yolu ilə nail olmaq cəhdləri fikrimcə, doğru yol deyil. Burada təşviqedici addımlar da atılmalıdır. Məsələn, vətəndaşın nağdsız ödənişləri müqabilində ona verilən çeklər vasitəsilə uduş kampaniyaları həyata keçirməklə vətəndaşda nağdsız ödənişə alışqanlıq və maraq yaranar. Həmçinin onlayn və yaxud nağdsız ödənişləri artıran şirkətlərə müəyyən vergi güzəştləri də tətbiq edilə bilər. Bunun baş verməsi fonunda şirkətlər də prosesi nağdsız aparmaqda maraqlı olacaqlar. 
Hökumətin bu istiqamətdə atdığı addımların məqsədi aydındır. Hökumət də istəyir ki, ölkədə nağdsız ödənişlər artsın, ticarət dövriyyəsi leqallaşsın, vergilərə cəlb olunmada artım olsun və bu da son olaraq «qara mühasibatlığın» qarşısını alsın. Ancaq bu addımlar hansısa qanunlar çərçivəsində qadağalar tətbiq etmək yolu ilə lazımı effekt verməyəcək. Turizm şirkətlərinə gəldikdə isə, ilk aylar nağdsız ödənişə keçid onlara problem yaradacaq. Çünki onlarda da belə bir alışqanlıq yoxdur. Ona görə də əsas məsələ nağdsız ödənişin daha effektli olduğunu vətəndaşa aşılamaq və öyrətməkdən keçir. Hazırda turizm fəslidir. Turizm fəslinin əvvəlində nağdsız ödənişlərlə bağlı qaydaların tətbiqi hazırlıq prosesinə və bu sahədə proqramların həyata keçirilməsinə zaman məhdudiyyəti gətirəcək. Bu da cari turizm mövsümündə həmin sahədə çalışanların dövriyyə və qazancının azalmasına səbəb olacaq. Bakıda və ölkənin digər yerlərində ancaq iri market və iri otellərdə kartla nağdsız alış-veriş etmək mümkündür. Lakin tək Bakı şəhərində 20 minə yaxın dükan  və market fəaliyyət göstərir ki, böyük əksəriyyətində nə pos-terminallar, nə də nağdsız ödəniş etmək imkanları vardır. Yəni bu istiqamətdə də öncədən düşünmək lazımdır”.

Rüfət NADİROĞLU