Erməni əsgərləri Qarabağdan qaçır

14 İyun 2017 09:27 (UTC+04:00)

“Erməni anaları övladlarını Dağlıq Qarabağda hərbi xidmətə göndərməkdən imtina edirlər”. Bu barədə Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib. 

Onun sözlərinə görə, erməni analar 2016-cı ildən başlayaraq, işğal edilmiş Azərbaycan torpaqlarında övladlarının ölməsinə qarşı çıxır və “bu torpaqlarda nə işimiz var” deyə üsyan edirlər: “Ermənistanın Rusiya sayəsində işğal etdiyi Azərbaycan torpaqlarına hərbi xidmətə çağırdığı gənclər bundan imtina edirlər. Erməni analar işğal edilmiş Dağlıq Qarabağda əsgərlik etməyin Rusiyaya xidmət olduğunu düşünür. Onlar 2016-cı ildən başlayaraq, Ermənistan prezidenti Serj Sarkisyana etiraz edirlər. Bildirirlər ki, “Oğlum Qarabağda niyə ölsün?!”.
Mütəxəssislərin fikrincə, Ermənistan cəmiyyətində bu ab-hava çoxdan yaşanır. Artıq erməni valideynləri Qarabağ həqiqətlərini, Serj Sarksiyanın yalan siyasətini anlayıblar. Vəziyyətin bu şəkildə davam etməsi hətta Ermənistan ordusuna da təsir göstərə bilər. İnsan resursu baxımından çatışmazlığın sonda Qarabağ probleminin həllində də rol oynacağı ehtimal edilir.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, Qarabağ həqiqətləri yavaş-yavaş ermənilərə çatır: “Amma çox gec çatır. Ermənilər artıq başa düşürlər ki, övladları avantürist Serj Sarksiyan və onun dəstəsinin hikkəsi nəticəsində həyatlarını itirirlər. Ermənistan hökuməti əsgərinə sahib çıxmır. 
Valideynlər indiyə qədər itirdikləri övladlara görə hökumət tərəfindən konkret cavab ala bilməyiblər. Yavaş-yavaş anlayırlar ki, övladları avantüristlərin güdazına gedir. Prinsipcə, bu,  haqqın da yoluna qayıtmaqdır, amma gec qayıtmaqdır. Özləri də bilirlər ki, heç vaxt işğalçılıq siyasəti rəsmiləşdirilməyəcək.  Havadarlarının onları şirnikləşdirməsinə baxmayaraq, Azərbaycanın da mövqeyini bilirlər. Gec-tez ərazi bütövlüyümüz təmin olunacaq. 
Son vaxtlar Ermənistan cəmiyyətində qadınlar kişilərdən daha qeyrətli çıxıb. Analar etirazlar keçirir, övladlarını Ermənistan ərazisi olmayan yerə göndərməməyi tələb edirlər. Ermənistanın hərbi və siyasi rəhbərliyi də bəzən bununla razılaşmağa məcburdur. Cəmiyyətdəki narazılıqlar S. Sarksiyan və komandasını narahat etməyə bilməz. Buna görə də müəyyən güzəştlərə getməyə çalışırlar. Ancaq Ermənistandakı indiki ab-hava yaxşı haldır. Ermənilər bu avantüranın sonu olacağını anlayıblar. Buna görə də özvladlarını maksimum dərəcədə Qarabağ bölgəsinə göndərməməyə çalışırlar. Qarabağ və Ermənistan erməniləri arasında gərginlik hələ də yaşanır. Hətta bu fonda bir-birinə qarşı silah da işlədirlər. Öz aralarında olan problemi bəzən də Azərbaycan tərəfini üstünə atmağa çalışırlar. Ermənistan rəhbərliyi öz hakimiyyətini davam etdirmək üçün bu yolları seçib. Lakin bunun sonu yoxdur. Gec-tez yolun sonuna çatacaqlar”.
Hərbi məsələlər üzrə ekspert Azad İsazadə bildirdi ki, Qarabağda erməni silahlı qüvvələri döyüşür: “Bunu heç kəs gizlədə bilməz. Özləri də təsdiq edirlər. Amma maraqlı odur ki, heç bir siyasi, hüquqi reaksiya yoxdur. Vəziyyət o dərəcəyə çatıb ki, siyasi yox, ictimai reaksiya başlanıb. 
Ermənistan vətəndaşlarının Qarabağda həyatını itirmələri, yaralanmları, xəstələnmələri neçə illərdir, davam edir. Buna da heç kim fikir vermir. Ümumiyyətlə, Ermənistan ordusunda insan resursu baxımından çatışmazlıq hökm sürür. Məcburən Qarabağ sərhəddi bağlayıb, hərbi hissələri insan resursu ilə doldurmağa çalışırlar”.
Ekspertin fikrincə, bu amil hələlik Dağlıq Qarabağ probleminə elə də ciddi təsir etməyəcək: “Lakin proses davam edəcəksə, valideynlərin əksəriyyəti övladlarını Qarabağda hərbi qulluq etməyə buraxmayacaqlar. O zaman əsgər çatışmazlığı kimi prosesin Qarabağ məsələsinə də təsirləri olacaq”. 

Mübariz BAYRAMOV