Azərbaycan son dövrlərə qədər dünya bazarlarına xam məhsullarını daha çox həcmdə çıxarırdı. Amma hazırkı yeni iqtisadi inkişaf şəraitində hazır məmulatların bazara çıxarılması məsələsi gündəmə gəlib. Dünyadakı qlobal böhran fonunda ölkənin ixrac potensialının stimullaşdırılmasının əsas istiqamətini sahibkarlıq fəaliyyəti təşkil edir. Məlumdur ki, son illər sahibkarlığın inkişafı və dəstəklənməsi istiqamətində bir sıra mühüm normativ-hüquqi aktlar qəbul edilib. Bunlara “Sahibkarlıq fəaliyyəti haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “İnvestisiya fondları haqqında”, “Xüsusi iqtisadi zonalar haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və digər bu qəbildən olan qanunlar daxildir. Böhran şəraitində iqtisadi tənzimlənməyə üstünlük verilməsi və dövlətin iqtisadiyyata müdaxiləsini minumuma endirmək məqsədilə köklü tədbirlər həyata keçirilib.
Bunların nəticəsidir ki, orta və kiçik sahibkarlar tərəfindən 2016-cı ildə 28,8 milyard manatlıq məhsul istehsal edilmişdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sənaye məhsulunun 28,5 %-i emal sektorunun payına düşür ki, bu da əvvəlki illəri üstələyir. Bu sektorda qida məhsullarının istehsalı 4,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 39,1%, ağac emalı və ağacdan məmulatlar 23,1%, kağız və karton 7,3%, poliqrafiya məhsulları 1,7%, metallurgiya sənayə məhsullarının istehsalı 2,0%, hazır metal məmulatları 18,9%, kompüter və elektron məhsullar 10,6%, elektrik avadanlıqları 2,3 dəfə, avtomobil, qoşqu və yarımqoşqular 41,9%, mebel 10,7%, maşın və avadanlıqların quraşdırılması və təmir işləri 42,2% artib.
Uzunmüddətli strateji yol xəritəsində göstərildiyi kimi, dövlət xarici iqtisadi əlaqələrin səmərəliyini yüksəltmək üçün hazır məhsulların ixracı məsələsini önə çıxarıb. Ümumiyyətlə, ixrac potensialının stimullaşdırılması, investisiyaların təşviqi ilə bağlı qəbul edilmiş qərarlar qeyri-neft ixracını stimullaşdırır. Bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı güclənir. Regionlarda yeni müəssisələr fəaliyyətə başlayır, iş yerləri açılır, əhalinin məşğulluq dərəcəsi artır. Təbii ki, insanların aylıq gəliri artdıqca maddi güzəranı da yaxşılaşır.
Ümumiyyətlə, ixrac olunan mallar əsasən İtaliya, İndoneziya, Almaniya, İsrail, Fransa, Tailand, İspaniya və MDB dövlətlərinə göndərilir. İxracın ümumi həcminin 4,4%-i MDB, 59,7%-i Avropa İttifaqı ölkələrinin, 35,9%-i isə digər ölkələrin payına düşüb. Yalnız şəkər və çay məhsulları İtaliya, Almaniya, Fransa, İsrail, Çexiya, İndoneziya, Avstriya, Rusiya, Gürcüstan, ABŞ, İspaniya, Portuqaliya, Türkiyə, Tunis, Kanada, Hindistan, Tailand, Əfqanıstan, Xorvatiya və İraqa göndərilib. Bu məhsulların sırasına ixracı sürətlə artan təzə meyvə, təzə tərəvəz, marqarin, polietilen, emal olunmamış alüminium, qara metallardan yarımfabrikatları, pambıq parça ipliyi, pambıq lifini də əlavə etsək ümumi mənzərə daha aydın olar.
2016-cı ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 103 ölkəyə məhsul ixrac olunmuşdur.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2016-cı ildə xarici ticarət dövriyyəsi 15 milyard 781,3 milyon ABŞ dolları olub ki, bunun da 9 milyard 579,8 milyon dolları ixrac edilmiş məhsulların payına düşüb. Strateji yol xəritəsinin əsas məqsədlərindən biri də dünya ərzaq və kənd təsərrüfatı bazarına ekoloji cəhətdən təmiz məhsul ixracını maksimum artırmaqdır. Təsadüfi deyil ki, 2016-ci ildə ixrac dövriyyəsinin 38,3%-i Avropa İttifaqı ölkələrinin, 12,1%-i MDB dövlətlərinin, 49,6%-i isə dünyanın digər ölkələrinin payına düşür.
Hazırda Azərbaycan ixrac potensialı yüksək olan bir çox məhsullar mövcuddur. Ümumilikdə, gələcəkdə Avropa, Asiya, Amerika, Atlantika və Okean regionları tərəfdaş ölkələrinə ixrac potensialının stimullaşdırılması ölkənin valyuta gəlirlərinin çoxlamasına, iqtisadiyyatın ümumi inkişaf tempinin sürətlənməsinə və əhalinin həyat səviyyəsinin və rifahının yüksəlməsinə gətirib çıxaracaqdır.
N.NOVRUZ