Eurosport: "Tour d’Azerbaïdjan-2017" ilin ən uğurlu layihələrindən biridir

14 İyun 2017 15:22 (UTC+04:00)

Eurosport: "Tour d’Azerbaïdjan-2017" ilin ən uğurlu layihələrindən biridir Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Avropanın nüfuzlu idman kanalı "Eurosport" Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2017" veloturu ilə bağlı statistik məlumatları açıqlayıb. Xatırladaq ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan yarışda 18 ölkədən 22 komanda mübarizə aparıb ki, onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektiv olub. 5 gün ərzində iştirakçılar Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarının ərazilərindən keçməklə ümumilikdə 836 km məsafə qət ediblər.

Açıqlanan hesabata əsasən, turun icmallarını aktiv şəkildə izləyən tamşaçıların sayı 16 milyona yaxın olub. Ümumilikdə isə "Eurosport" kanalına baxan 34,2 milyon tamaşaçı "Tour d’Azerbaïdjan-2017" ilə bağlı bu kanalda gedən anonslar, yayımlar və süjetlər vasitəsilə yarış haqda məlumatlar alıb. Diqqət çəkən əsas məqam veloturun 4-cü mərhələsinə digər yarış günləri ilə müqayisədə marağın daha çox olmasıdır. Əvvəlcədən də gözlənildiyi kimi, Ağsu dolaylarının marşruta əlavə edilməsi həm yarışın gedişinə, həm də izləmə sayına müsbət təsir göstərib. "Eurosport" kanalının rəsmi internet səhifəsində yarışla bağlı məlumatları izləyənlərin sayı 1 milyonu keçib. Xüsusən, "Tour d’Azerbaïdjan-2017"ni izləmək üçün 5 səbəb" adlı yazıya fransız və ispan dilli oxucular təfərindən böyük maraq göstərilib.

Yeri gəlmişkən, iyunun 15-i, Bakı vaxtı ilə saat 18:30-da "Eurosport 1" kanalında yarışla bağlı daha bir süjet efirə veriləcək və bu tamaşaçı sayının bir qədər də artacağı anlamına gəlir. "Eurosport" kanalı Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2017" veloturunu ilin ən uğurlu layihələrindən biri kimi dəyərləndirir və konkret rəqəmlər də yarışa olan böyük marağın təzahürüdür.