Leş ətin "Qafqaz Konserv Zavodu"na aparılması xəbərinin böhtan olduğu üzə çıxdı...REPORTAJ

14 İyun 2017 12:39 (UTC+04:00)

Ötən gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Xaçmaz rayon ərazisində mənşəyi naməlum ət aşkarlanması ilə bağlı yaydığı xəbər, ölkə gündəmində xeyli səs-küyə səbəb oldu. Xəbərin bu qədər rezonans doğurmasına səbəb isə, avtomobilindən mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan ət aşkarlanan şəxsin, öz ifadəsində əti Xaçmazda olan “Qafqaz Konserv Zavodu” na təhvil vermək məqsədi ilə gətirdiyini bildirməsi idi. Məlumat yayıldıqdan dərhal sonra sosial şəbəkələrdə bu barədə müzakirələrə başlandı, bəzi onlayn media resurslarında “sənədi olmayan ət” sözləri “leş ət” sözü ilə əvəzlənərək tirajlandı. Beləcə avtomobilindən sənədsiz ət aşkarlanan şəxsin təsdiqlənməmiş ifadəsinin mediada yayılması, “Qafqaz Konserv Zavodu”nda istehsal olunan ət konservlərinin tərkibi ilə bağlı istehlakçılarda əməlli-başlı şübhə yaratdı. Bəs görəsən yayılan informasiyalar nə dərəcədə həqiqətə uyğundur? 

“Qafqaz Konserv Zavodu”nun məhsullarına şübhə toxumunu kim əkdi? 

Bu suala cavab tapmazdan öncə qeyd edək ki, “Qafqaz Konserv Zavodu” Azersun Holdinq şirkətlər qrupuna daxil olan istehsal müəssisələrindən biridir. Şimal bölgəsində, Xaçmaz Şəhərində fəaliyyətə başlayan zavodda müxtəlif konservləşdirilmiş məhsullarla yanaşı, ət konservləri də istehsal edilir. 2005-ci tarixindən etibarən TS ISO-EN-9001:2000 Keyfiyyət İdarə Etmə Sistem Sertifikatına sahib zavod, öz məhsullarını daxili bazarla yanaşı, xaricə də ixrac edir. Artıq illərdir ki, istehsalçılar zavodun konservləşdirilmiş məhsullarının təhlükəsizliyinə güvənərək alıb istifadə edirlər. “Qafqaz Konserv Zavodu” nə qədər istehsalçı etimadı qazansa belə, son yayılmış məlumat onun məhsullarına, xüsusilə də ət konservlərinin hazırlanmasında istifadə edilən xammalla bağlı istehlakçılarda müəyyən şübhələr yaradır. Qeyd edək ki, məlumat yayıldıqdan sonra DBNX-nin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlli mediaya açıqlamasında avtomobilində sənədsiz ət aparan şəxsin ifadəsinin dəqiqliyinin hələ yoxlanılmadığını, öz təsdiqini tapmadığını söyləyib. Bununla belə zavodun ət konservlərinin tərkibi ilə bağlı yaranmış şübhələr tam aradan qalxmayıb. 

Medianın reytinq sevdası zavodun reytinqinə xələl gətirdi...

Media olaraq yayılan informasiyanın nə dərəcədə doğru olub-olmadığını araşdırmaq üçün dünən 30-a qədər KİV nümayəndəsi Xaçmazda olan “Qafqaz Konserv Zavodu” na səfər etdi. Yolboyu həmkarlarla bu mövzunu müzakirə edərək zavodu görmək, iş şəraiti ilə tanış olmaq üçün tələsirdik. Yolüstü fasilə zamanı "Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov da müzakirələrə qoşularaq yayılmış informasiyaya öz münasibətini bildirir: “Mən çox təəssüf edirəm ki, DBNX-nin yaydığı məlumatdan sonra bəzi media resursları bu xəbərdən öz maraqları, reytinqləri üçün istifadə etdilər. Qurumun yaydığı informasiyadakı sənədsiz ətlə bağlı məqam bəzi KİV-lərdə şişirdilərək ictimaiyyətə leş ət kimi təqdim edildi. Halbuki, ətin sənədsiz olması, həmin məhsulun leş ət olması, insan səhhəti üçün təhlükə yaratması anlamına gəlmir. Digər tərəfdən, avtomobilində qanunsuz ət aşkarlanan şəxsin ifadəsi dəqiqləşdirilmədən yayıldı. Halbuki, həmin şəxsin ifadəsi qərəzli məqsəd daşıya, şirkətin, eləcə də zavodun konserv məhsullarının imicinə zərbə vurmaq məqsədi güdə bilər. Ona görə də, biz çox istəyərdik ki, media bu cür təxribatlara qoşulmadan, yerində araşdırma apararaq məsələyə aydınlıq gətirsin. Necə ki, bu gün ölkənin aparıcı KİV-lərinin 30-a yaxın nümayəndəsinin müraciəti nəzərə alınaraq, “Qafqaz Konserv Zavodu”na media tur təşkil olunub. Biz də istəyirik ki, mətbuat nümayəndələri məsələni yerində araşdırıb yayılan məlumata aydınlıq gətirsinlər”. 


30 jurnalist zavoda yollandı
 
A.    Səfərov KİV nümayəndələri ilə söhbətində “Qafqaz Konserv Zavodu”nun konserv istehsalında xammal olaraq meyvə və tərəvəz məhsulları istisna olmaqla, ət qəbul etmədiyini söylədi: “ Bizim müəssələrimizdə müxtəlif çeşiddə məhsul hazırlanır. Onların arasında istehsalı zamanı ən çox diqqət tələb edəni konserva məhsullarıdır ki, onların da hazırlanmasında gigiyena qaydalarına ciddi riayət edilir. “Azərsun Holdinq”in fəaliyyət göstərdiyi 25 il ərzində heç bir məhsulda ərzaq təhlükəsizliyi və gigiyena baxımından problem yaşanmayıb. O ki, qaldı  “Qafqaz  Konserv Zavodu”nda istehsal olunan konserv məhsullarında istifadə edilən xammala, son 8 ildə yerli istehsalçılardan ət qəbul etməyib. Bunun səbəbi ölkəmizdə ətlik maldarlığın inkişaf etməməsidir.  Buna görə də, yalnız xarici bazarlardan və yalnız halal sertifikatlı məhsullar qəbul olunur: Konservalar  da yalnız xaricdən gətrilən və öz fermalarımızda bəslənən mal-qaranın ətindən hazırlanır. Buna görə, biz haqqımızda yayılan təsdiqlənməniş informasiyanı qəbul etmir, istehlakçıları, müştərilərimizi də bizə güvənməkdə haqlı olduqlarını bildiririk. Bir məsələni də qeyd edim ki, biz öz süfrəmizdə yemədiyimiz məhsulu istehlakçımıza təklif etmirik. Özünüz zavodda olarkən ət konservlərinin istehsalında yerli xammaldan istifadə edilmədiyinin şahidi olacaqsınız”.
 

İstehsal prosesinə nəzarət üçün də ciddi qaydalar...

Elə zavoda çatdıqda ilk üz tutduğumuz məkan ət konservlərinin istehsal olunduğu müəssisə oldu. Zavodda gigiyenik tələblərə ciddi əməl olunduğu, jurnalistlərə istehsal müəssisəsinə giriş üçün xüsusi geyimlərin verilməsində, əllərin və ayaqqabların baxılda belə dezinfeksiya edilməsindən hiss olunurdu. Tələblərə əməl etdikdən sonra içəri daxil olub istehsal prosesi ilə tanış oluruq. İlk diqqət çəkən məqam yenə də, işçilərin xüsusi geyimdə,ağız və baş örtüyü və əlcəklərlə işləməsi olur. Ət konservlərinin hazırlanmasında istifadə edilən qabların bol su kütləsi ilə yuyulduğu da diqqətimizdən yayınmır. Jurnalistlər zavodda ətin doğranılaraq qarışdırılması, qablara yığılaraq bişirilməsi prosesini izləyirlər. 

Ət konservi üçün xammal xaricdən gətirilirsə...

Ətin qarışdırılmasında iştirak edən işçilərdən biri ilə söhbət zamanı öyrənirik ki, konservin hazırlanmasında istifadə edilən ət, xaricdən xüsusi paketlərdə gətirilən dondurulmuş mal ətidir. Elə zavodun direktoru Rüstəm Rüstəmov da ət konservinin hazırlanmasında yerli xammaldan istifadə edilmədiyini söyləyir: “Biz ət koservi istehsalı üçün xammalı Ukraynadan, halal ət kəsimi sertifikatı olan müəssisədən alırıq. Dondurulmuş ətlər paketlərdə ölkəyə gətirilərək anbara yığılır. Lazım olduqca anbardan çıxarılaraq ət konservlərinin hazırlanmasında istifadə edilir”. Həmsöhbətimiz deyir ki, zavod yeni fəaliyyətə başladığı vaxtda müəssisəyə yerli sakinlərdən ət təklif edənlər olsa da, gətirilən ətlər müəssisənin tələblərinə cavab vermədiyindən götürülməyib: “Biz yerli sakinlərdən ət almırıq. Baxmayaraq ki, bizə belə müraciətlər olur. Bizim müəssisədə xaricdən gətirilən ətlər də istehsala verilməzdən öncə təkrar-təkrar labarator müayinələrdən keçirilir”.

Keyfiyyəti zavod rəhbərliyinə tabe olmayan şəxs yoxlayarsa...

Bu zaman söhbərə qoşulan Holdinqin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov zavodda keyfiyyət standartına nəzarətdə məsul şəxsin zavod direktoruna tabe olmadığını bildirir: “ Müəssisənin iş prinsipi elə qurulub ki, burada keyfiyyətə nəzarət edən şəxslər birbaşa mərkəzi ofisə tabedirlər. Zavod direktoru heç cürə onların istehsal prosesində aşkarladığı nöqsanı ört-basdır edə bilməz. Çünki, qeyd etdiyim kimi, onlar zavodun direktoruna tabe deyillər. Əks halda biz yerli bazar, eləcə də ixrac üçün rəqabətədavamlı məhsul istehsal edə bilməzdik. Bir az bədiiləşdirərək desək, keyfiyyətə nəzarət edən məsul şəxslərin çörəyi istehsalatda aşkarladığl səhvlərindən çıxır. Onlar istehsal prosesində nə qədər çox qüsur tutarsa, bir o qədər gəlirləri artır. Onlara buna görə mükafatlar verilir. Sırf bu cür idarəetmənin nəticəsində maraqların toqquşması keyfiyyət amilini meydana çıxarır. Prosesə nəzarət və keyfiyyətə nəzarət edən şəxslərin anbara daxil olmasına icazə verdikləri məhsulda karantin dövründə problem ortaya çıxarsa, bu dəfə məsuliyyət onların öz üzərinə düşür. Ona görə də, bizim istehsal müəssisələrimizdə istehsal prosesinə və keyfiyyətə nəzarət edən məsul şəxslər öz üzərlərinə düşən məsuliyyəti dərk edirlər”.

“Hansısa mərhədə problem yaranarsa istehsalı birmənalı şəkildə dayandırırıq”

“Qafqaz” konserv zavodunun proses və keyfiyyətə nəzarət üzrə baş inspektoru Anar Qədirov da jurnalistlərə açıqlamasında bildirdi ki, xammal müəssisəyə daxil olarkən yoxlanılsa da, istifadə edildikdə də təkrar yoxlanılır: “Əgər xammalın keyfiyyətində, eləcə də istehsal prosesində kiçik nöqsan aşkarlanarsa dərhal istehsal dayandırılır. Bu çatışmazlıq aradan qaldırılmamış istehsalın davam etdirilməsi mümkünsüzdür. Demək olar ki, xammalın qəbulundan hazır məhsulun çıxışına qədər olan bütün mərhlələrdə keyfiyyətə nəzarət bölməsi tərəfindən yoxlamalar aparılır. Hansısa mərhədə problem yaranarsa istehsalı birmənalı şəkildə dayandırırıq”. 

İxrac edilən dondurulmuş ətlər zavodun soyuducu anbarında

Jurnalistlər zavodda ət konservlərinin istehsalında istifadə edilən xammalın saxlanma şəraiti ilə də tanış olurlar. Mənfi 18 dərəcə temperaturda soyuducu anbarda saxlanılan ətlərin idxal edildiyi ölkə və müəssisənin sənədləri jurnalistlərə təqdim edilir. Konserv məhsullarının istehsalı barədə danışan zavod direktoru hazır məhsulların xarici bazara çıxdığını, keyfiyyət standartının qorunub saxlanıldığından söz açır. 

Məhsulların saxlanılmasında yüksək tələbləri olan anbarda...

Jurnalistlər burada konservləşdirilmiş hazır məhsulların saxlanma şəraitinə də nəzər salıblar. Onlara məlumat verilib ki, məhsulların saxlanma anbarları xüsusi isti və nəmişlik keçirməyən materiallardan hazırlanıb. Anbarda olarkən diqqətimizi çəkən məqamlardan biri hazır məhsulların saxlanma şəraitinə ciddi əməl edilməsi idi. Heç bir hazır məhsulun yerə düzüldüyünü görmədik. Məhsulların anbarda saxlanılması üçün xüsusi rəflər olmaqla yanaşı, burada temperatur da daim nəzarət altında saxlanılır. Məhsulların yığıldığı rəflərin üzərində termometrlərin olmasının səbəbini jurnalistlərə izzah edən zavod rəhbəri burada nəmişliyin də daim nəzarətdə saxlanıldığını diqqətə çatdırdı. Zavodun anbarında məhsulların saxlanılmasında belə rəf qonşuluğu düzgün seçilmişdi. Burada meyvə-tərəvəz məhsullarından hazırlanan konservləşdirilmiş məhsullar bir rəfdə, ət konservləri isə, digər rəflərə yığılmışdı. Qablaşdırılmada və etiketləmədə istifadə edilən məhsulların belə ayaq altında, natəmiz şəkildə saxlanılmasına rast gəlmədik. 800-1000 ton məhsulun tam qaydalara uyğun saxlanılmasını təmin edən anbara baxışdan sonra meyvə-tərəvəz məhsullarından konserv məhsulları hazırlayan müəssisəyə də baxış keçiririk. Burada da işçilərin xüsusi geyimlərdə işlədiyinin şahidi oluruq. Zavod rəhbəri bildirir ki, mövsümə uyğun müəssisəyə meyvə qəbulu davam edir: “Hazırda albalı, gilas mövsümü olduğundan biz həmin meyvələri qəbul edirik. Meyvə qəbulunda da keyfiyyət tələbləri var. Heç kəs öz çürük məhsulunu zavoda gətirib sata bilməz. Bizim illərdir çalışdığımız, güvəndiyimiz şəxslər var ki, məhsulu da əsasən onlardan alırıq”. Meyvə-tərəvəz məhsullarının istehsal müəssisəsindən sonra jurnalistlər labaratoriyaya da baxış keçirirlər. 

Ən müasir cihazlar bu labaratoriyada...

Burada jurnalistlərə məlumat verilir ki, 4 otaqlı labaratoriyada həm fiziki, həm kimyəvi mikrobioloji analizlər aparılır : “Zavoda daxil olan xammaldan nümunə götürülür və labaratoriyada analiz edilir. Yalnız bundan sonra həmin xammal istehsala buraxılır. Labaratoriya müasir cihazlarla tam təmin olunub. Tələb olunan analizlər üçün hansı cihaz lazımdırsa, bizim zavodda o cihaz var. Bizim stehsal müəssisəsi  2005-ci ildən TS ISO-EN-9001:2000 Keyfiyyət İdarə Etmə Sistemi, 2008-ci ildən ISO 22000 Qida Təhlükəsizliyini İdarəetmə Sistemi və 2013-cü ildən BRC Beynəlxalq sertifikatlarına malikdir”.

Xammalın keyfiyyətinə dair sənədlər jurnalistlərə təqdim edildi...

Daha sonra “ Qafqaz Konserv Zavodu” MMC-də jurnalistlərə mal əti konservinə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin  Gigiyenik Sertifikatı təqdim olunub. Jurnalistlər məhsulun Uyğunluq Sertifikatı ilə də tanış olublar. Eləcə də zavodda ət konservlərinin istehsalında istifadə edilən xammalın halal olduğunu təsdiqləyən sənədləri də nümayiş etdirilib.   
Media turda iştirak edən jurnalistlər keyfiyyətsiz ət qəbulu ilə bağlı “Qafqaz Konserv Zavodu” barədə yayılan məlumatların şayiə, iftira və müəssisədə çalışan yüzlərlə yerli sakininin əməyinə qarşı hörmətsizlik olduğunun bir daha şahidi oldular. 

“O ətin Qafqaz Konserv Zavodu ilə qəti əlaqəsi yoxdur”

Media tur sona çatsa da, peşəmizin bizim qarşımıza qoyduğu tələblər başa çatmadığından araşdırmamızı “Qafqaz Konserv Zavodu”ndan gəldikdən sonra da davam etdiririk. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanovla əlaqə saxladıq. A. Süleymanov Xaçmazda aşkarlanan mənşəyi naməlum ətin müvafiq ekspertizasına əsasən yoxlanıldığını, amma aparılacağı ünvanla bağlı səslənən fikirlərin yalnış olduğunun öz təsdiqini tapdığını söylədi: “Həmin şəxs ilk ifadəsində əti “Qafqaz Konserv Zavodu”na apardığını söyləsə də, sonra bunu inkar edib. Bizim araşdırmalarımız nəticəsində də bəlli olub ki, həmin ətin “Qafqaz Konserv Zavodu”na aparılması barədə verilən ifadə həqiqətəuyğun deyil. Loru dildə desək, o ətin sözügedən zavodla qəti əlaqəsi yoxdur”.

“Qafqaz Konserv Zavodu”na atılan daşın sapandı kimin əlində? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə illər öncə “Qafqaz Konserv Zavodu”nun buna bənzər böhtanla üz-üzə qaldığını söyləyir: “Ədalət naminə deməliyəm ki, bizim Birliyə son illər bu zavodla bağlı heç bir şikayət daxil olmayıb. İllər öncə olan şikayət istisna olmaqla. Bir neçə il öncə vətəndaş müraciət edərək ət konservindən şüşə çıxdığını bildirmişdi. Biz həmin şikayəti araşdırdıq. Məlum oldu ki, şüşə məhsulun istehsal prosesində, qablaşdırılarkən içərisində olmayıb. Labarator müayinələrlə bunu çox asanlıqla müəyyən etmək mümkündür. Bu nəticədən sonra müştərinin hansısa məqsədlə zavodun məhsullarının imicinə zərbə vurmaq niyyəti güddüyü üzə çıxdı.  Ətlə bağlı yayılan məlumat da buna bənzər faktdır. Avtomobilində sənədsiz, mənşəyi naməlum ət aparan şəxsin əlbir olub iş birliyi qurduğu şəxsləri belə asanlıqla ələ verməyəcəyi məlumdur. Təbii ki, bu durumda vəziyyətdən çıxmaq üçün bir ünvan göstərməli idi. O da həmin zavodun adını çəkib. Ola bilər ki, “Qafqaz Konserv Zavodu” onun bu istəklərinə rədd cavabı verib. Həmin şəxs də, bu vəziyyətdə zavodun adını çəkməklə həm də qisas almış olub. Ona görə də, bu məsələ hüquq mühafizə orqanlarında araşdırılmalıdır. Bəzən kiçik, keyfiyyətsiz mal istehsalçıları, idxalçılar da bazarda rəqabətədavamlı müəssisələrin məhsullarına olan etimada şübhə yaratmaq istəyirlər. Bu zaman da bu cür yollara əl atırlar. Son hadisə də bu şübhələrin izi görünür. Çünki, hər kəsə bəllidir ki, “Qafqaz Konserv Zaavodu” ət konservi üçün xammalı xaricdən alır”.

Zülfiyyə QULUYEVA