Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr verir

15 İyun 2017 09:15 (UTC+04:00)

“Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə öz töhfəsini verir”. Bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib. 

Siyasilərin sözlərinə görə, qeyd edilən mənada Azərbaycan təcrübəsinin və ya müəyyən elementlərinin İslam aləmində daha geniş yayılması artıq zamanın tələbidir.
Politoloq İlqar Vəlizadə bildirdi ki, bu gün İslam ölkələri arasında müəyyən ziddiyyətlərin yaşanması reallıqdır: “Hətta ziddiyyətlər bəzi hallarda ölkələr arasında dərin gərginliyə gətirib çıxarıb. Bunlar isə ilk növbədə İslam ölkələrinin mənafeyinə, mövqelərinə zərbə vurur. Yəni, İslam dünyasında yaşanan gərginliyin bir səbəbi də öz aralarında münasibətlərin yaxşı qurulmamasıdır. Dünyadakı destruktiv qüvvələr də bundan bəhrələnirlər. Nəticə etibarı ilə də İslam dünyası, müsəlmanlar əziyyət çəkir. Azərbaycan öz gücü daxilində ziddiyyətlərin aradan qaldırılmasına daim dəstək olub. Ancaq Dağlıq Qarabağ probleminin timsalında gördük ki, bu cür problemlərin həll olunmamasına bir səbəb də İslam ölkələri arasında kifayət qədər həmrəyliyin olmamasıdır. 
Birgə səylərin olmaması İslam aləmində movcud probemlərin həllinin uzanmasına gətirib çıxarıb. Ancaq Azərbacan müxtəlif tədbirlər vasitəsi ilə İslam dünyasında həmrəyliyin güclənməsinə dəstəyini verir. Eyni zamana İslam dünyasında dialoqun yaranmasına çalışır k, dialoq vasitəsi ilə İslam ölkələrinin problemi müzakirə edilsin. Əslində, dünyada İslam ölkələri üçün dialoq meydançaları azdır. Ona görə də Azərbaycanın səyləri xüsusi önəm kəsb edir. İslam Həmrəyliyi Oyunları İslam dəyərlərinin digər ölkələrdə tanıdılması baxımından önəmli rol oynadı. Bu işlərdə Azərbaycanın zəhməti var. Lakin bu zəhmət o vaxt özünün real bəhrəsini verə bilər ki, digər ölkələr də bunu layiqincə qiymətləndirsin və öz şəraitlərində tətbiq etsinlər”.
Digər politoloq Tofiq Abbasov bildirdi ki, ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunlarının mahiyyətində də həmrəylik elementi dayanırdı: “Azərbaycan 54 İslam ölkəsini bir araya gətirə bildi. Digər tərəfdən hətta aralarında gərginlik yaşanan İslam ölkələri bir-birinin əlini sıxdı. Azərbaycandakı şərait onları dialoqa, yaxınlaşmağa sövq etdi. Komandalarla Azərbaycana gəlmiş rəsmilər də müəyyən formatlarda görüşdülər, danışıqlar apardılar. 
Digər tərəfdən, Azərbaycan tək İslam aləmində yox, dünyada dialoq meydanı kimi qəbul olunur. Bu mənada Bakıdan iştirakçı ölkələrə işarələr verildi ki, müasir dünya hansı İslamın gözləntisindədir. Azərbaycan dünyaya burada müxtəlif sivilizasiyaların mehriban yaşdığını göstərdi. Həmçinin multikultural dəyərləri özündə yaşadan məmləkət olduğunu sübut etdi. Gəlmiş qonaqların da əksəriyyəti bütün bu reallıqları layiqincə dəyərləndirdilər. 
Tədbilər həmçinin İslam dünasında həmrəliyin möhkəmlənməsində müəyyən rol oynadı. Bütün bu göstəricilər tədbirin yalnız idman xarakterli yox, həm də mədəni mahiyyət daşıdığını göstərdi. Həmçinin ən yüksək səviyyədə - siyasi mahiyyət daşıdı. Dünyaya bu dəqiqə ən çox lazım olan, sabitlik, əməkdaşlıqdır. İslamiada bütün bunları özündə cəmləşdirə bildi. Bu baxımdan onun yalnız İslama yox, dünya üçün müsbət təsirləri olacaq”.

Mübariz BAYRAMOV