Prezident: “Ordu quruculuğu Azərbaycan rəhbərliyi üçün ən prioritet məsələdir”

14 İyun 2017 17:53 (UTC+04:00)

“Bu gün tarixi gün, Cocuq Mərcanlı kəndinin bərpası günüdür”.
  
Movqe.az-ın məlumatına görə, bunu bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.
 
Dövlət başçısı bildirib ki, Cocuq Mərcanlı Azərbaycan ordusunun uğurlu əks-hücumu nəticəsində azad olunub: “Bu gün Azərbaycan ordusunu dünya miqyasında güclü ordulardan biridir. Azərbaycanda ordu quruculuğu Azərbaycan rəhbərliyi üçün bir nömrəli prioritet məsələdir. Son illər bu istiqamətdə böyük uğurlar əldə edilib.
 
Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Lazım olan ən müasir silah-sursat, texnika alınır. Eyni zamanda ölkəmizdə bir çox hərbi təyinatlı məhsullar istehsal olunur. Ordumuzun döyüş qabiliyyəti artır, nizam-intizam yüksək səviyyədədir. Bunun nəticəsidir ki, keçən ilin aprelində erməni təxribatına Azərbaycan ordusu layiqli cavab verib. Üç rayon ərazisinin bir hissəsi işğalçılardan azad edildi. O torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu uğurlu əməliyyat nəticəsində bu kəndə yeni həyat qayıdır, köçkünlər kəndə dönür. Onlar 20 ildən çoxdur ki, Vətənə, doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Əminəm ki, yüzlərlə gənc Cocuq Mərcanlını görməyib. Ancaq bura qayıtmaq arzusu ilə yaşayıb. Həmin gün gəldi”.
  
Prezident İlham Əliyev bildirib ki, bu gün Cocuq Mərcanlı bərpa olunur, Şuşa məscidinin oxşarı tikilib, yeni mərhələdə əlavə 100 ev tikiləcək : “Cocuq Mərcanlı kəndinin sakinləri  torpaqlarına qayıdacaq. Siz isə gənc zabit kimi torpaqlarımızın keşiyində dayanacaqsınız”.