Azərbaycanın incisi Ordubadda-REPORTAJ

14 İyun 2017 18:17 (UTC+04:00)

Naxçıvana səfərimizin son günüdür. Bu qədim diyarı gəzdikcə, Naxçıvanın görməli yerlərində olmağa nəinki üç gün, bir həftənin belə azlıq etdiyini anlayırsan... Vaxt az, Naxçıvan isə mədəni, tarixi abidələri ilə zəngindir... Elə ona görə də, Naxçıvanı gəzməyə gələnlər bura səfərləri üçün ən azı bir həftə vaxt ayırır deyir Təbriz otelin əməkdaşları. İki gün ərzində Naxçıvanda bir çox yerlərdə olsaq da, bu torpağın sakinləri Muxtar Respublikanı gəzməyə üç gün çox azdır deyirlər. Amma artıq səfər biletimiz hazırdır. Səfər tarixini dəyişmək isə mümkün deyil...

Sərin çeşməli, meyvələri ilə dillərdə dastan olan Ordubada doğru...

Səfərimizin son gününün daha maraqlı və yaddaqalan olacağına hamıda bir əminlik vardı. Bu gün Muxtar Respublikabın adı dillərdə gəzən, səfalı güşələrindən birinə, Azərbaycanın incisi sayılan Ordubada yola düşürük. Ordubadın havası, təbiəti, sərin çeşmələri,  bağ-bağatı dillərdə dastandır. Ordubad meyvələrinin dadının tamamilə fərqlənməsi də məhz bu diyarın havası, suyu ilə əlaqələndirilir. Biz isə şanslı olduğumuzdan, bütün bu gözəllikləri bir saatdan sonra öz gözlərimizlə görəcəkdik. Ordubada getdikcə yol boyu qarşımıza çıxan yaşayış məntəqələri, kəndlər, qəsəbələr səfər iştirakçılarında maraq doğurur. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına təşkil olunan səfərə qatılan KİV rəhbərləri
yolüstü də olsa Naxçıvanda qarşısına çıxan rayonlar, yaşayış məskənləri, kəndlər barədə məlumat almaq, yaxınlığından keçdikləri yerlərin adını öyrənməyə can atırdılar. Səfərdə iştirak edən media nümayəndələrinin bir neçəsi Naxçıvanda doğulub boya-başa çatdığından verilən suallar cavabsız qalmırdı. Naxçıvanla bağlı həmkarlarına daha çox məlumat verən isə “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə idi. İllərdir ki, Bakıda yaşamasına baxmayaraq Naxçıvanın özünəməxsus şirin ləhcəsini qoruyub saxlayan Vüqar müəllim yolüstü kəndlər barədə məlumat verdikcə, həmin obaların adı ilə tanınan meyvə-tərəvəzlər barədə də qonaqları məlumatlandırırdı. 

İkiyə bölünmüş şəhər, Araza ilişib qalan həsrətli baxışlar...

Naxçıvanda Culfa rayonun yaxınlığından keçəndə isə avtobusun salonunda sükut çökdü. İkiyə bölünmüş şəhəri ilk dəfə görən qonaqlar həsrət dolu baxışlarını Arazın o tayına zilləmişdilər. Şair təbiəti də öz sözünü deyirdi. Elə Culfa rayonun yanından keçəndə KİV rəhbərlərinin arasında ən çox təsirlənən də “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid idi. Kim bilir, bəlkədə İranla-Naxçıvan arasında sərhəd olan Araz çaya zillənən şair baxışlarından artıq yeni bir şeir dünyaya göz açmışdı...
Amma artıq arxada qalırdı o baxışlar... İllər öncə bölünən sərhədlərin tikanlı məftillərinə ilişib qalan baxışlar kimi...

 

XVII əsrdən soraq verən Qeysəriyyə abidəsində...

Naxçıvanın incisi sayılan Ordubada çatmağa isə az qalmışdı. Bunu isti havanın öz yerini sərin mehlə əvəzləməsindən də sezmək olurdu. Ordubada girişdəcə bu şəhərin qədim tarixi özündə yaşatdığını, evlərin, küçələrin öz unikallığı ilə seçildiyi nəzərə çarpırdı. Ordubad səfərimizdə bizi Qeysəriyyə və Buzxana abidələrini, M.T.Sidqinin, Y.Məmmədəliyevin və M.S.Ordubadinin ev muzeyləri ilə tanışlıq gözləyirdi. Ordubadda öncə Qeysəriyyə abidəsində yerləşən Tarix Diyarşunaslıq Muzeyinə yollanırıq. Abidə barədə qonaqlara məlumat verən muzeyin direktoru, Naxçıvan MR -nın əməkdar mədəniyyət işçisi Vilayət Bağırov Ordubadda hər abidənin özündə tarixi yaşatdığını bildirib: "XVII əsrdən soraq verən abidələrdən biri Qeysəriyyə tarixi abidəsidir. “Qeysəriyyə” sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Belə tikililərə dünyanın 3 yerində - Səmərqənd, Təbriz və Ordubad şəhərində rast gəlmək olur. Bu da onu göstərir ki, orta əsrlərdə Ordubadda ticarət və sənətkarlıq geniş inkişaf edib, dünyanın dörd bir yanından tacirlər, səyyahlar bura səyahət ediblər. Qeyri-adi quruluşa malik olan Qeysəriyyə binasından sonrakı dövrlərdə müxtəlif məqsədlərlə istifadə edilib. “Zorxana” kimi fəaliyyəti dövründə İrandan, Türkiyədən, Həmədandan və başqa yerlərdən gələn pəhləvanlar burada öz güclərini sınayıblar. Kim qalib gəlirdisə, hücrələrdə əyləşən xandan mükafat kimi bir kisə qızıl alırmış. XIX əsrin ortalarına yaxın Ordubadda yaradılmış “Əncüməni-şüəra” ədəbi məclisinin üzvləri bu binaya yığışıb öz yazdıqları əsərləri oxuyar, ədəbi müzakirələr apararmışlar. XX əsrdə abidə bir müddət ipək sarıyan sex kimi fəaliyyət göstərmiş, 1978-ci ildə ordubadlı memar Zakir Babayev tərəfindən bərpa edilmişdir.Ordubad Tarix-Diyarşünaslıq Muzeyinin bu binada fəaliyyət göstərməsi abidənin əhəmiyyətini daha da artırıb. Böyük günbəzdən və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina gözəl memarlıq üslubunda tikilib. Hündürlüyü 8,5 metr olan abidə bişmiş kərpicdən inşa olunub. Tarixi tiklinin pəncərələri şəbəkə üsulu ilə işlənib. Ordubadda əksər tarixi tikililər, o cümlədən məscidlərin pəncərələrində şəbəkə sənətinə rast gəlirik. Bu da şəbəkə sənətinin Ordubadda tarixən inkişafından xəbər verir. Qədim dövrlərdən başlayaraq müasir günümüzədək rayonun tarixini özündə ehtiva edən ekponatlar aid olduğu guşələrdə yerləşdirilib. 150 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4000-dən artıq eksponat qorunub saxlanılır. 2016-cı ildə muzeyə XIV-XV əsrə aid silahlar, mis qablar, tarixi ədəbiyyatlardan ibarət 30-dan artıq yeni eksponat daxil olub". 
Vilayət Bağırovun şirin ləhcəsi, mehribanlığı, muzey barədə tarixi faktlara istinad edərək danışdıqları qonaqlara xoş ovqat bəxş edir. Muzeylə tanışlıqdan sonra Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli xatirə kitabına ürək sözlərini yazdı. 

Elmi naliyyətləri ilə dünyaya səs salan alimin evində...

Buradan sonra Nümayəndə Heyəti Y.Məmmədəliyevin ev muzeyi ilə tanış olublar. Muzeydə qonaqlara Y. Məmmədəliyevin həyat fəaliyyəti, elmin inkişafına verdiyi töhfələrdən bəhs edildi. Xatırladaq ki, Azərbaycanın dünya şöhrətli alimi Yusif Məmmədəliyev strateji raketlər üçün yaratdığı  yanacaq sayəsində süni peyklərin uçuşu mümkün oldu. İnsanın kosmosa yol açması və Yuri Qaqarinin kosmosa ilk uçuşu, həm də Yusif Məmmədəliyev tərəfindən yaradılan Azərbaycan neft-kimya məktəbinin elmi uğurlarının nəticəsində mümkün olubdur”.


Böyük mütəfəkkirlərin ev muzeylərinin qorunduğu yurdda...

Səfər çərçivəsində KİV rəhbərləri bu torpağın yetişdirdiyi Məmməd Səid Ordubadinin ev muzeyində də olublar. Burada qonaqlara Ordubadinin uşaqlığı, həyat və yaradıcılığı ilə bağlı geniş məlumat verilib. Məhəmmədtağı Sidqinin ev muzeyi ilə də tanış olan nümayəndə heyətinə muzeyin Naxçıvan MR -nın Ali Məclisinin sədrinin sərəncamı ilə 2014-cü ildə yaradıldığı barədə məlumat verilib. Muzeyin girişdən, 3 ekspozisiya və 3 iş otağından ibarət olduğu bildirilib. 


Ordubadda olarkən diqqət çəkən bir məqam da, burada doğulub boya-başa çatan mütəfəkkirlərin evlərinin qorunub saxlanılması, muzeyə çevrilərək gələcək nəslə ötürülməsi oldu. 
Daha sonra nümayəndə heyəti 14-cü əsrə aid Buzxana memarlıq abidəsi ilə də tanış olublar. KİV rəhbərləri tarixi və mədəni abidələri ilə zəngin olan Ordubad torpağından yüksək təəssüratla ayrılaraq buradan Şahbuz Dövlət Təbiət Qoruğuna səfər etdilər. Bu səfərlə bağlı isə növbəti sayımızda...

Ardı var...

Zülfiyyə QULUYEVA 
Bakı-Naxçıvan-Bakı