Bakıda regional tranzit ticarətin asanlaşdırılması üzrə seminar keçirilir

16 İyun 2017 16:20 (UTC+04:00)

Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (MARİƏ) Proqramı çərçivəsində “Regional Tranzit Ticarətin Asanlaşdırılması üzrə seminar (MARİƏ-nin qabaqcıl tranzit sistemi və ümumi gömrük məlumatlarının mübadiləsi)” öz işinə başlayıb.

 
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən movqeq.az-a verilən məlumata görə, seminarda DGK sədri Aydın Əliyev, AİB-nin və ÜGT-nin nümayəndələri, Azərbaycan, Qazaxıstan və Gürcüstan gömrük xidmətlərinin əməkdaşları iştirak edib.
 
AİB-nin Şərqi Asiya Departamentinin direktoru Yin Çen açılış mərasimində çıxış edərək iştirakçılara uğurlar arzuladı və seminarın regionun tranzit potensialının inkişaf etdirilməsi, ticarət asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə görülən tədbirlər çərçivəsində gömrük işinə və gömrük əməkdaşlarına fayda verəcəyinə ümidvar olduğunu bildirib.
 
A. Əliyev regional tranzitin inkişafında göstərdiyi dəstəyə görə AİB-nin rəhbərliyinə təşəkkürünü bildirib. Dünyada baş verən iqtisadi proseslər, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar prezident İlham Əliyevin ölkəmizin iqtisadi inkişafının davamlılığını təmin etmək məqsədilə həyata keçirdiyi proqram və islahatlardan bəhs edən A. Əliyev, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının və tranzit imkanlarının inkişaf etdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.
 
Komitə sədri Azərbaycan tərəfindən Qazaxıstanın Aktau limanında görülən işlər, Azərbaycan-Gürcüstan arasındakı “Qırmızı Körpü” sərhəd-gömrük keçid məntəqəsində aparılan təkmilləşdirmələrlə bağlı məlumat verərək həyata keçirilən tədbirlərin regional tranzit imkanlarını daha da gücləndirəcəyini, “Bakı-Tbilisi-Qars” dəmiryolu xəttinin fəaliyyətə başlamasından sonra isə bu sahədə ciddi inkişafın müşahidə ediləcəyini diqqətə çatdırıb.
 
ÜGT-nin Bakı şəhərindəki  Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisinin rəhbəri Roger Hermann çıxışında regional tranzit imkanlarının güclən-dirilməsinin ticarətin inkişafında mühüm rol oynayacağını, bunun da öz növbəsində ölkələrin iqtisadiyyatının çiçəklənməsinə müsbət təsir göstərəcəyini bildirib.
 
AİB-nin nümayəndəsi Nariman Mannapbekov son dövrlərdə Azərbaycan hökumətinin bu sahədəki innovativ yanaşmaları gücləndirməsinin ümumi işə fayda verdiyini bildirib. Daha sonra AİB-nin nümayəndəsi regionun beynəlxalq ticarətin inkişafındakı rolu  və regional tranzitin əhəmiyyəti, MARİƏ-nin bu sahədəki fəaliyyətinin ümumi müddəaları barədə məlumat verib.
 
Bir gün davam edəcək seminar çərçivəsində AİB-nin  ekspertləri Yin Çen, Qrehem Uolker, Haycel Mur, Konstantin Naumov, Vibun Çaocirapant  “Layihə haqqında əsas məlumatlar və regional vəıziyyət”, “Dəhlizin seçilməsi və ticarət tranzit axınları”, “MARİƏ-nin   təkmilləşdirilmiş tranzit sistemi: əsas məqsədlər”,” İnstitusional mexanizmlər” mövzularında  iştirakçıları məlumatlandıracaqlar.