Bir gün əsrarəngiz Batabat yaylağında.. REPORTAJ

16 İyun 2017 16:53 (UTC+04:00)

Naxçıvana gələsən, gözəlliyi ilə aləmə səs salan Batabat gölünü, Batabat yaylağını görməyəsən... 
Batabat gölü yaddaşımda uşaqlıqda nənəmin danışdıqlarından, gələnləri öz gözəlliyinin sehrinə salan, ovsunlayan göl kimi qalıb. Batabat yaylağının havasından, buz kimi suyundan, hərdəmxəyal havasından ağız dolusu danışılanları eşidəndən sonra oranı cənnətin bir parçası kimi təsəvvür edirdim. Az sonra isə o yerləri gözlərimlə görmək, havasını udub gözəlliyindən həzz almaq şansına nail olacaqdım. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına təşkil olunan səfərə qatılan KİV rəhbərləri də Batabat yaylağını görməyə tələsirdilər. Hamı saata baxır, Batabata gedib axşam saat 8-ə kimi hava limanına qayıtmağın nigarançılığını keçirirdi. Nə yalan deyim, mənim də içimdə bir narahatçılıq hissi vardı. “Birdən hava limanına vaxtında yetişmərik, Batabat səfərimiz təxirə salınar” deyə öz-özümə götür-qoy edirdim. Deyəsən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli də səfərdə iştirak edən qonaqların bu narahatçılığını sezmişdi. Çünki, Naxçıvana səfərə gələn heç kəs Batabatı görmədən geri qayıtmaq istəmirdi. Biz Babək rayonunun Cəhri kəndi yaxınlığından keçdikdə, nümayəndə heyətinin üzünü güldürən təklif səsləndi. “Bəlkə biletimizi, Bakıya uçuş vaxtını dəyişdirək” təklifi hər kəsin ürəyindən xəbər verdi. Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu ilə Şahbuz rayonunda yerləşən Şahbuz Dövlət Təbiət Qoruğuna doğru istiqamət almışdıq. Şahbuz rayonu ərazisinə çatdıqda təbiət artıq öz gözəlliyi ilə qonaqları özünə vurğun etməyə başlamışdı. Qonaqlar avtobusun şüşəsini endirib Şahbuzun yamyaşıl dağlarını, düzənliklərini seyr edə-edə təmiz havasını içinə çəkirdi. Şahbuzun təbiəti doğurdan da gözəl idi. Burada yenicə yağan yağışdan sonra torpaqdan gələn ətir otların qoxusuna qarışmışdı. Kəndlərin düz ortasından keçən çayı görəndə insanın içindən avtobusdan enib o gözəlliyi seyr etmək hissi baş qaldırırdı. Amma vaxt az idi. Çox təəssüf ki, biz Şahbuzun kəndlərinin füsunkar təbiətini yolüstü seyr etməklə kifayətlənməli idik.

Amma sən demə təəssüflənməyə dəyməzmiş. Yuxarıya qalxdıqca, Şahbuz Dövlət Təbiət Qoruğunda bizi bundan da gözəl mənzərə gözləyirdi. Biz Qoruğa çatdıqda narın yağış səpələyirdi. Elə bura çatar çatmaz bir şad xəbər aldıq. Geriyə aldığımız biletin uçuş vaxtı dəyişmişdi. Axşam saat 22:30-a qədər bu gözəl yerlərin təbiətini seyr etmək imkanımız vardı. Qoruğun elmi işlər üzrə direktor müavini Mürsəl Seyidov qonaqlara geniş məlumat verərək bildirdi ki, dəniz səviyyəsindən 2200-2400 m hündürlükdə yerləşən qoruq 2003-cü ildə yaradılıb. Direktor müavini Qoruğun Batabat gölü və Biçənək aşırımı ərazilərində yerləşdiyini diqqətə çatdırdı: "Ərazidə 2899 bitki növü yayılıb. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunaya malikdir. Ərazinin 85%-i palıd, 5%-i ardıc, ağır iyli ardıc, Araz palıdı, 7%-i yemişan, qalan 3%-i isə alma, alça, şərq palıdı, vən, daş armud, acı badam və müxtəlif kollar təşkil edir. Quşlardan Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində Avropa Tüvüyü, kəklik, oxuyan silvi, adi kəklik, sarıköynək, bülbül, enliquyruq bülbül, meşə xoruzu, hop-hop və başqaları var. Muxtar Respublika ərazisində məskunlaşmış quş növlərindən bir çoxu  "Qırmızı Kitab"a daxil edilibdir. Naxçıvan Muxtar Respublikasında 12 növ yırtıcı heyvan yayılıbdır. Bu heyvanlardan Qafqaz qonur ayısı, canavar, tülkü, çöl pişiyi, meşə siçanı, porsuq, çöl donuzu, vaşaq və bir çox heyvanlara qoruğun ərazisində rast gəlinir. Bu yaxınlarda burada cüyürün də olduğunu gördük". 


Şahbuz Dövlət Təbiət Qoruğu barədə məlumat ala-ala yol alırıq Batabat Dövlət Təbiət Qoruğuna. Deyildiyi, vəsf edildiyi qədər varmış Batabat yaylağı. Hətta mən deyərdim şairlər bir az xəsislik edib Batabatı tərənnüm edəndə. Sanki cənnət idi hər tərəfi bu yaylağın. Yaşıl dağları, göz yaşı kimi duru gölü, hərdən açılıb tutulan havası insanın ruhuna qəribə rahatlıq gətirirdi. Füsünkar təbiəti ilə qonaqları heyran qoyan Batabat yaylağı KİV rəhbərlərinə xoş ovqat bəxş etmişdi. Gölə çatdığımız zaman ilk işimiz məşhur “Üzən ada”nın harada olmasına baxmaq oldu. Sfaqnum mamırlarından əmələ gəlmiş ada külək əsdikcə yavaş –yavaş mərkəzə doğru hərəkət edirdi. Burada öyrənirik ki, üç göldən ibarət olan Batabat su anbarı gözəl mənzərəyə sahib olmaqla yanaşı suvarma üçün də istifadə olunur. Zorbulaq çayı və qismən atmosfer çöküntüləri hesabına formalaşan gölün ümumi su tutumu təqribən 3 milyon m³-dir.
Batabat yaylasında xeyli sayda mineral bulaqlar var ki, onlardan biri də Zorbulaqdır. Buraya niyə Zorbulaq adı veriblər deyə soruşanlara verilən cavab eyni olur: “Suyundan için biləcəksiniz səbəbini” deyirlər. 
Zorbulağın buz kimi soyuq suyunu içənlər isə artıq sualın cavabını almış olurlar. 


Batabat yaylağının hər tərəfi gül çiçəklərlə, müxtəlif bitgi növləri ilə zəngindir. Qonaqlar Batabata gəlmişkən burada bitən yabanı bitgi növlərindən də dadmağı unutmadılar. Batabat yaylağını gəzməkdən doymasaq da, proqrama əsasən Ağbulaq İstirahət Mərkəzinə doğru istiqmaət aldıq. Bura gələn qonaqlar  istirahət mərkəzində yaradılan şəraitlə tanış oldular. Batabat Dövlət Təbiət Qoruğuna, eləcə də Ağbulaq İstirahət Mərkəzinə gedən yolların abadlığı turizmin inkişafı baxımından KİV rəhbərlərində yüksək təəsürat oyatdı.  Ağbulaq İstirahət Mərkəzinin içracı direktoru Novruz Novruzov Mərkəzin 2013-cü ildə istifadəyə verildiyini, burada 38 otaqdan ibarət mehmanxana olduğunu, gələn qonaqlara istirahət üçün hər cürə şərait yaradıldığını vurğulayıb. Mərkəzdə il ərzində 50 faiz civarında doluluq olduğunu söyləyən N. Novruzov qış turizminin də inkişaf etdiyini vurğulayıb: " Qışda burada 60-70 sm qar örtüyü olur ki, bu da qışda İstirahət Mərkəzinin fasiləsiz işləməsinə səbəb olur. Qeyd edim ki, Mərkəzdə istifadə edilən qidalar kənd sakinlərindən alınır. Elə işçilərimiz də Ağbulaq kəninin sakinləridir".


N. Novruzov Mərkəzdə eko turların da təşkil edildiyini vurğulayıb. Onun sözlərinə görə, bu turlarda bələdçiliyi də qonaqlara kənd sakinləri edirlər: "Hətta may ayının sonlarında da turistlərə yüksəkliklərdə qar örtüyü olan dağlıq ərazilərədə turlar təşkil edilir".  
Daha sonra KİV rəhbərlərinin şərəfinə  Ağbulaq İstirahət Mərkəzində ziyafət verildi. Beləcə  Naxçıvan Muxtar Respublikasına Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  (KİVDF) təşkilatçılığı ilə baş tutan üç günlük səfər başa çatdı. Ölkənin aparıcı media orqanları rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri Naxçıvanın turizm potensialını təbliğ etmək məqsədi daşıdığından, qonaqlar səfər çərçivəsində bu qədim diyarın turizm məkanlarını bir-bir gəzərək, bu potensialı öz gözləri ilə gördülər.
Sonda bir məqamı qeyd edim ki, hər daşından tarix boylanan, abidələrlə zəngin, təbiəti ilə göz oxşayan bu diyarı gəzmək üçün nəinki üç gün, üç həftə belə azdır. Amma üç gün olsa da, Naxçıvan səfərindən xoş təəssüratlarla, bol xatirələrlə ayrıldıq... 

Zülfiyyə QULUYEVA 
Bakı-Naxçıvan-Bakı