Şahtaxtı gömrük-sərhəd keçid məntəqəsində 93 kq heroin aşkar edildi

19 İyun 2017 14:48 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının gömrük əməkdaşları külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən  Movqe.az-a  verilən məlumata görə, narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının İran ilə sərhədində yerləşən Şahtaxtı gömrük-sərhəd keçid məntəqəsində qeydə alınıb.

Türkiyə vətəndaşı Cəlal Böyükaslanın idarə etdiyi “Volvo” markalı, 07 MCK 92 dövlət nömrə nişanlı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı zamanı qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yeri müəyyən olunub.

Daha sonra gömrükçülər 34 JA 7009 nömrə nişanlı həmin qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirərkən 180 bükümdə qablaşdırılaraq gizlədilmiş, ümumi çəkisi 93 kq olan narkotik vasitə - heroin aşkar ediblər.

Narkotik yüklü nəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedəcəyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.