Azərbaycanın yaratdığı model dünyanı heyran qoyub

20 İyun 2017 09:36 (UTC+04:00)

Ramazan ayı münasibətilə bu günlərdə ABŞ-ın Azərbaycandakı səfirliyi iftar mərasimi təşkil edib. Tədbirdə rəsmi şəxslər, dini icmaların başçıları və nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak ediblər. İştirakçıları və xalqımızı qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, Azərbaycanın qürur duyduğu və dünya ilə geniş şəkildə paylaşıla bilən zəngin multikulturalizm və tolerantlıq tarixi var. “Azərbaycanda mövcud olan dini icmaların müxtəlifliyi ölkənin qüdrətinin mənbəyidir və mən çox şadam ki, Azərbaycan bu müxtəlifliyin qorunmasına təkan verir”, - deyə R.Sekuta qeyd edib.

Hər bir xalqın özünün yaratdığı mənəvi dəyərlər kompleksi var. Bu meyarlar həmin xalqın tarixi, coğrafi məkanı, inkişafı, mədəniyyəti, dünyagörüşü, gündəlik həyat tərzi ilə sıx bağlıdır. Bu məsələ dövrümüzdə yüksək aktuallıq kəsb edir. Çünki, beynəlxalq münasibətlərin formalaşmasında, qarşıya çıxan problemlərin həllində əhəmiyyətli rol oynayan güclü amilə çevrilib. R.Sekutanın fikri ilə ifadə olunan dəyər Azərbaycan xalqının ümumi düşüncəsinin kamilliyini göstərir. Həm də bu yalnız ABŞ səfirinin çıxardığı nəticə deyil. Artıq 10 ilə yaxındır ki, Azərbaycan mentalitetinin özəllikləri ilə yanaşı universallığı da dünya miqyasında müzakirə və təqdir mövzusudur. Bu gün dünyanın aparıcı dövlətləri belə iqtisadi qüdrəti ilə öyünsə də, müxtəlif xalqların, etnik və dini azlıqların dinc yanaşı yaşaması prinsiplərinin cəmiyyətdə tam qərarlaşmasına nail ola bilməyib. Azərbaycan cəmiyyəti mahiyyət etibarilə son dərəcə ictimailəşib və dözümlülüyü, düşüncəliliyi, ləyaqətliliyi, humanist xarakteri ilə seçilir.
Sovet dövründə cəmiyyətimiz Moskvadan göstərilən təzyiqlə yuxarıdan gələn direktivlər əsasında işini qururdu. O vaxt xarici ideoloqlar xalqımızın dəyərlərini süni sayaraq ziddiyyətlərin gizlində qaldığını hesab edirdilər. Lakin dəmir təbəqə dağıldı və müstəqillik dövrünə qədəm qoyan ölkəmizin həqiqi siması dünyaya əyan oldu. Bir çox ölkələrdə millətçilik baş qaldırdı, dini inanclılar bir süfrədə çörək kəsməkdən çəkindilər. Hətta indiyədək dünya ictimaiyyətinin demokratiya, insan hüquqları, haqq-ədalət carçısı kimi tanıdığı ölkələrdə də din və millətçilik hissi digər insani hissləri üstələdi. Qan ağlayan Suriyadan milyonlarla insanın qaçqın düşdüyü, pənah gətirdiyi bəzi Avropa ölkələri həmin insanları inandığı dinə görə fərqləndirib qəbul etməyə üstünlük verdi. Bu, əslində insanlığa qarşı cinayət idi. 
Belə bir məqamda istər-istəməz dünyanı irəli apara biləcək, bütün zorakılıqlara son qoyacaq, əmin-amanlığı bərpa edib yaşada biləcək bir formula ehtiyac yarandı. Bu, zamanın sosial-siyasi tələbatı idi. Azərbaycan bu cür ağır zamanda cəsarətlə irəli durub mədəniyyətlərarası və dinlərarası dialoqa rəvac verdi, bütün dünyaya qucaq açdı. İlk baxışda bu, bəlkə də gözlənilməz  addım sayılırdı. Lakin ölkə buna tam hazır idi. Əsrlər boyu qazandığı yüksək tolerantlıq ənənəsi qiymətli və əvəzedilməz xammal kimi meydana çıxdı. Ölkə rəhbərliyi bu nadir xüsusiyyəti cilalayaraq hazır məhsul şəklində dünya ictimaiyyətinə təqdim etdi. Bakıda keçirilən beynəlxalq forumlarda müzakirə mövzusu olan multikultural və multikonfessial dəyərlərimiz dövlət adamlarının, ictimai xadimlərin, alimlərin, sosioloqların diqqətini dərhal cəlb etdi. Dünyanın dörd bir tərəfindən gəlmiş tədqiqatçılar Azərbaycan xalqının ümumbəşəri dəyərlərindən yeni tapılmış xəzinə kimi bəhs etdilər. Çünki, bu dəyərlər hamının qəbul etməli olduğu və qəbul edə biləcəyi yaşam formulunu ortaya qoyub. 
Qərbli alimlər Azərbaycanın bu nümunəsini ciddiyyətlə qəbul edib, səylə təbliğ edirlər. Eyni zamanda bildirirlər ki, bu dəyərləri əldə etmək üçün müəyyən tarixi yolu keçmək lazımdır. Hazır ehkamlar şəklində belə bəşəri ucalığa yüksəlmək mümkün deyil. Yəni, bu keyfiyyətlər zərrə-zərrə qazanılır. Azərbaycan xalqı bu yolu keçib. Qərblə Şərqin qovuşuğunda yerləşməsi ölkəmizin hər iki dünyanın qəbul edə biləcəyi fenomenal mərkəzə çevrilməsində başlıca rol oynayıb. 
Azərbaycan dövlətinin siyasətində dini-ayrı seçkilik yoxdur. Ölkədə müxtəlif dinlərə məxsus icmalar qanun üzrə status alaraq fəaliyyət göstərir. Bir sıra Qərb ölkəsində isə tam başqa mənzərə var. Məsələn, Almaniyada din dövlətdən ayrıdır, bununla yanaşı, dövlətlə “ictimai hüquqa tabe qurumlar” statusu daşıyan dini icmalar arasında imtiyazlı əlaqələr mövcuddur. Hər bir dini təşkilat “ictimai hüquqa tabe qurum” statusu almaq üçün müraciət edə bilər. Bu status sayəsində onlar bir çox imtiyaz əldə edir, həbsxanalarda, xəstəxana və hərbi düşərgələrdə dini kadrları yerləşdirmə imkanı qazanırlar. Burada 200-ə qədər katolik, protestant və yəhudi dini icmalarına belə status verilib. Lakin heç bir müsəlman dini icması bu cür statusa malik deyil. Buna səbəb kimi isə müsəlmanların vahid təşkilat halında birləşməmələri göstərilirdi. Lakin 2007-ci ildə dörd böyük müsəlman təşkilatı Müsəlman Koordinasiya Komitəsini yaratsalar da, hələ də bu statusu ala bilməyiblər.
Bu baxımdan Azərbaycanın multikultural və multikonfessial dəyərlər kompleksinin bütün dünyada tətbiqi yeganə doğru formul kimi öyrənilməyə layiqdir.

N.NOVRUZ