I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

20 İyun 2017 16:11 (UTC+04:00)

Paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulunun II mərhələsinə start verilib.
 

Movqe.az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, indiyədək I sinfə şagird qəbulu ilə bağlı elektron sistem vasitəsilə 44 000-dən çox uşaq qeydiyyatdan keçib.  
 
Bildirilib ki, bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizindən çoxdur. İkinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə I sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər. Bundan sonra, valideynlər övladlarının sənədlərini 20 iyun - 18 sentyabr 2017-ci il tarixlərində (iyul ayı istisna olmaqla) məktəbə təqdim etməlidirlər.
 
Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir. Həmçinin, hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası fəaliyyət göstərir