Həmsədrlərin nəticəsiz səfəri Qarabağ müharibəsini yenidən alovlandırır

21 İyun 2017 09:35 (UTC+04:00)

Minsk qrupunun regional daha bir səfəri reallaşdı. Səfərin sonu olaraq həmsədrlər ortaq bəyanatla çıxış ediblər. Burada bildirilir ki, regiona baş tutan səfərin əsas məqsədi bu ilin aprelin 28-də xarici işlər nazirlərinin Moskvada keçirilən üçtərəfli görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti addımlarla bağlı tərəflərin mövqelərini, habelə münaqişə zonasında ümumi vəziyyəti müzakirə etmək olub. 

Bəyanatda həmsədrlər tərəfləri təmas xəttində və Azərbaycan-Ermənistan  dövlət sərhədində gərginliyin azaldılmasına istiqamətlənmiş tədbirləri nəzərdən keçirməyə çağırıblar. Qeyd edək ki, artıq həmsədrlərin bölgəyə səfərlərinin sayı belə unudulub. Lakin bu günə qədər həmsədrlərin bu səfərləri, ümumiyyətlə, ATƏT-in Minsk qrupunun fəaliyyəti real nəticə verməyib. Əksinə, Ermənistan işğalçılıq siyasətini davam etdirməkdədir. Bu fonda da işğalçı tərəf hər vəchlə çalışır ki, danışıqlar baş tutmasın. Baş tutsa da belə, nəticəsi olmasın. Ermənistan həmçinin həmsədrlərin gəlişi ərəfəsində təmas xəttində  təxribat xarakterli çirkin əməllərini də artırıblar. Həmsədrlərin son bəyanatı da belə düşünməyə əsas verir ki, onların budəfəki gəlişindən də həll istiqamətində real olaraq nəsə gözləməyinə dəyməz. Onlar yenə də əsas diqqəti atəşkəsin əldə olunması və gərginliyin azaldılmasına yönəldiblər. Problemin həllinə yönəlik  hər hansı bir fikir isə bildirməyiblər.  Bu fonda həmsədrlərin son səfəri nəticə verməsə, əslində bunun belə olduğu göz önündədir, Qarabağ məsələsində nə kimi hadisələr baş verə bilər?
Politoloq Natiq Miri qeyd etdi ki, baş tutan bu səfərin heç bir siyasi nəticəsi olmayacaq. Bu fonda da, həmsöhbətimizə görə, hərbi əməliyyatların yenidən alovlanması an məsələsidir: “ATƏT-in Minsk qrupu həmsədrlərinin son səfərindən konkret nəticələr gözləmək açığı, doğru deyil. Bildiyiniz kimi, bu səfərlər mütəmadi xarakter daşıyır. Lakin indiyə kimi heç bir ciddi siyasi nəticə ilə sonuclanmayıb. O baxımdan indiki səfərin mahiyyətində də əslində konkret heç nə durmur. 
Həmsədrlər səfər öncəsi bəyan etdilər ki, bir növ regiondakı vəziyyəti öyrənmək istəyirlər. Ancaq 24 ildən sonra gəlinən qənaət yalnız regiondakı vəziyyəti öyrənməklə bağlıdırsa, bundan ciddi siyasi nəticələr gözləmək absurd olardı. O baxımdan düşünürəm ki, bu səfər müəyyən mənada cəbhə xəttindəki gərginliklə bilavasitə bağlıdır. Çünki hazırda həmsədrlər atəşkəsin qorunması, status-kvonun saxlanılmasında daha çox maraqlıdır, nəinki problemin çözümündə. Problemin çözümü üçün də ortada yeni təkliflər yoxdur. Son səfər zamanı hər hansı bir yeni təklif təşəbbüsündə bulunmadılar. Ona görə də bu qənaətdəyəm ki, baş tutan səfərin heç bir siyasi nəticəsi olmayacaq. Yalnız yaxın zamanlarda münaqişə tərəflərinin xarici işlər nazirlərilə yeni bir görüş təşkil oluna bilər. Bu da əslində, növbəti vaxt itkisindən başqa bir şey deyil. Bunun özü də Dağlıq Qarabağ problemilə bağlı xoş nəticələr vəd etmir. Cəbhə xəttində vəziyyət sözün əsl mənasında çox gərgindir. Ermənistan ordusu hələ də hərbi təxribatlarını davam etdirir. 
Cəbhə xəttində baş verən son hadisələr də bir daha göstərdi ki, yeni bir hərbi əməliyyatların başlanması an məsələsidir. Böyük bir savaşın baş verməsinə gəldikdə, düşünürəm ki, bu istiqamətdə tələsmək doğru olmazdı. Doğrudur, müharibə hazırlıqları gedir. Bu da normal qarşılanmalıdır. Çünki işğalçı tərəf Azərbaycana başqa bir seçim yeri qoymur. Qarabağ problemilə məşğul olan vasitəçi dövlətlər də bu cür qeyri-korrekt yanaşma ilə təbii ki, Azərbaycana başqa seçim yeri də qoymurlar. O baxımdan Azərbaycan bundan sonra da növbəti 24 il yalnız status-kvonun qorunması ilə məşğul olmalı deyil. Ona görə də Azərbaycan intensiv hərbi təlimlər keçirir. Bu təlimləri bir növ mini müharibənin məşqi kimi də dəyərləndirmək olar.  Ancaq düşünürəm ki, bütün təlimlərə rəğmən savaş hələlik qapıda deyil. 
Bunun üçün mütləq mənada həm regional, həm də qlobal səviyyədə mühit yetişməlidir ki, Azərbaycan öz torpaqlarını azad edərkən ən azından beynəlxalq təşkilatlar, qlobal güclər tərəfindən ciddi hərbi-siyasi təzyiqlərə məruz qalmasın. Çünki bu vəziyyəti nəzərə almadan savaşa başlamaq arzuolunan deyil. Hər bir halda lokal xarakterli hərbi əməliyyatların başlaması sözün əsl mənasında an məsələsidir. Hər an yeni bir aprel hadisəsi təkralana bilər. Bu kontekstdə yeni bir prosesin başladılması üçün  hətta buna ehtiyac da var. Azərbaycan yenə də strateji əhəmiyyətli bir neçə kənd və obyekti azad etməyə başlasa, əmin olun ki, beynəlxalq təşkilat və qlobal güclər Ermənistanı masa arxasına rahatıqla oturda biləcəklər”.
 

Rüfət NADİROĞLU