Ermənistan Minsk qrupunun da fəaliyyətini əngəlləməyə başladı

21 İyun 2017 08:19 (UTC+04:00)

Bu günlərdə regionda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Xankəndidə və İrəvanda görüşlər keçirdikdən sonra Azərbaycana təşrif buyurublar. Prezidenti İlham Əliyev MQ-nin həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib və onların nəzərinə çatdırıb ki, Ermənistan həmsədrlərin fəaliyyətini pozmağa çalışır.

“Sizin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinizdən sonra və Azərbaycana gəlişiniz ərəfəsində Ermənistan təmas xəttində Azərbaycana qarşı növbəti hərbi təxribat törətmiş və bunun nəticəsində bir Azərbaycan əsgəri həlak olmuşdur”-deyə, dövlət başçısı düşmənin pozuculuq faktını gündəmə gətirib. Təbii ki, Azərbaycan Ordusu həmişə bu cür halların baş verdiyi zaman olduğu kimi, cavab zərbəsi ilə 6 erməni əsgərini məhv edib. Çünki, hər dəfə Azərbaycan tərəfi düşməni təxribatlardan çəkinməyə, sülhün əldə edilməsi üçün rasional danışıqlara rəvac verməyə çağırır. Əfsuslar olsun ki, qarşı tərəf nəinki Azərbaycanın çağırışlarını, hətta beynəlxalq hüquqi normaları belə ayaqlayır, danışıqlar prosesinin ləğvi üçün hər hansı təxribat törətməkdən usanmır. Nəticədə isə uzun illər ərzində atılmış bir addım məhv olub aradan çıxır. 
Prezident İlham Əliyev düşmənin bu fəaliyyətinin əsl məqsədini həmsədrlərin diqqətinə çatdırıb: “Bu, mənim üçün təəccüblü deyil, çünki Ermənistan tərəfi həmişə hansısa mühüm tədbir və ya sizin səfəriniz ərəfəsində bu cür təxribatlar törədir və biz bunun bir neçə dəfə - 2014-cü, 2016-cı illərdə və indi də şahidi olmuşuq. Onlar, sözsüz, bilirlər ki, mülki əhali və hərbi qulluqçularımıza qarşı istənilən hərbi təxribata biz adekvat cavab verəcəyik. Azərbaycan tərəfini buna ona görə təhrik edirlər ki, sonra bizi atəşkəsi pozmaqda ittiham etsinlər. Hadisələrin xronologiyasına baxmağınız kifayətdir ki, nə vaxt Azərbaycan əsgərinin Ermənistan ordusu tərəfindən öldürüldüyünü və nə zaman buna Azərbaycan tərəfindən adekvat cavab verildiyini görəsiniz. 
Beləliklə, təmas xəttində son atəşkəs pozuntusuna görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür və baş verə biləcək hər hansı hadisəyə görə bütün məsuliyyəti işğalçı Ermənistan ordusu daşıyır”.
Ermənistanın hərəkətlərini “tamamilə haqsız və ədalətsiz mövqe” adlandıran dövlət başçısı əslində bu ittihamı həmsədrlərin də ünvanına bildirib. Çünki, baş verənləri real qiymətləndirmək onların vəzifə borcudur. Lakin onlar bu vəzifələrini vicdanla yerinə yetirmirlər və Ermənistanın danışıqları pozmaq üçün törətdikləri təxribatlara hüauai-siyasi qiymət vermirlər. Budəfəki görüşdə Prezident İlham Əliyevin ciddi tənqidindən sonra rusiyalı həmsədr İqor Popov Azərbaycana səfərləri ərəfəsində baş verən ciddi atəşkəs pozuntusunun dərin təəssüf hissi doğurduğunu bildirib.
Həmsədrlər görüşdən sonra bəyanar verdilər və atəşkəsin pozulmasına münasibətlərini də açıqladılar. Ancaq necə, hansı şəkildə? “Bakıda aparılan danışıqlar zamanı həmsədrlər bu yaxınlarda, Azərbaycana səfərləri ərəfəsində, təmas xəttində itkilərə səbəb olmuş atəşkəs pozuntusundan dərin narahatlıqlarını (?) bildiriblər. Onlar Azərbaycan rəhbərliyinə müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın de-fakto hakimiyyətinə də ünvanlayıblar. Onlar tərəfləri təmas xəttində və Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılmasına istiqamətlənmiş tədbirləri nəzərdən keçirməyə çağırıblar”. Yenə ikibaşlı fikirlərdən həmsədrlər əl çəkməyiblər. Əgər söhbət Ermənistan-Azərbaycan sərhədindən gedirsə, onda Dağlıq Qarabağın bura nə dəxli var? İkincisi də, nə qədər ki, təxribatçının adı açıq bildirilməyəcək, bu işdə irəliləyişə nail olunmayacaq. Məsələnin bu vaxta qədər uzanmasının əsas səbəbi də həmsədr dövlətlərin bu cür ikili standartlar mövqeyindən çıxış etmələridir. Bu da onu göstərir ki, münaqişənin yeganə düzgün, operativ və ədalətli həll planını yalnız  Azərbaycan təmin edə bilər.
 

N.NOVRUZ